Valideynlər "hə", qanun "yox" deyir - Niyə qohumla evlənmək olmaz?

  Valideynlər "hə", qanun "yox" deyir  -  Niyə qohumla evlənmək olmaz?
  12 İyun 2024    Oxunub:5392
Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Belə ki, əmi, bibi, xala, dayı uşaqlarının bundan sonra evlənmələrinə icazə verilməyəcək. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.
Qohum evliliyi nədir?

Əmi və bibi uşaqlarının nikahı qadağan edilir
Qohum evliliyinə elmi dildə "endoqami" deyilir və genetik cəhətdən yaxın olan fərdlərin evliliyi deməkdir. Bu evliliklər bir sıra ciddi genetik və sağlamlıq problemlərinə səbəb ola bilər. Eyni zamanda resessiv genetik xəstəliklərin ortaya çıxma ehtimalını artırır.

Bu səbəbdən də elə ölkələr var ki, orada birinci dərəcəli qohumların evliliyinə icazə verilmir. Məsələn, Almaniya və ABŞ-nin 24 ştatında əmiqızı-əmioğlu evliliyi təmamilə yolverilməzdir.

Hansı xəstəliklərə səbəb olur?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, doğulan hər 100 uşaqdan 3-də anadangəlmə anomaliya olur. Bu risk qohum evliliklərində təxminən iki dəfə artır. Dünyadakı nikahların 20%-dən çoxu qohum evliliyidir.

Xəstəliklər arasında talassemiya, kistoz fibroz (ənəffüs və həzm sistemini təsir edən xəstəlik), fenilketonuriya (beyin zədəsinə səbəb ola bilən metabolik pozğunluq), spinomuskular atrofiya (SMA-əzələ zəifliyi və hərəkət qabiliyyətinin itirilməsi) geniş yayılıb.

Qohum evliliklərindən doğulan uşaqlarda doğuş qüsurları, inkişaf problemləri və zəka geriliyi kimi fiziki, zehni problemlərin görülmə ehtimalı yüksəkdir. Bu uşaqların bəzi hallarda genetik pozğunluqlar səbəbindən müxtəlif xəstəliklərə daha həssas olduqları da müşahidə edilir. Həmçinin bu evliliklər hamiləlik dövründə daha yüksək düşmə və ölü doğum riski ilə əlaqələndirilir.

Qohum evliliyinin bu qədər çox yayılmasının səbəbi nədir?

Qohum evliliklərinin bu qədər tez-tez baş verməsinin səbəblərini sosial, iqtisadi, psixoloji, dini və coğrafi ekspertizalar vasitəsilə üzə çıxarmaq olar.

Sosial səbəblər arasında ən mühüm amil müəyyən sosial təbəqədən olan insanların başqa sosial təbəqədən olan insanlarla evlənmək istəməməsi və öz qohumları arasında oxşar xüsusiyyətlərə malik olan insanları asanlıqla tapmasıdır. Bu yanaşmaya iqtisadi səbəblər də əlavə olunduqda, ailələr mallarını bölüşdürməmək üçün yaxın qohumlar arasında nikahlara üstünlük verirlər. Psixoloji faktora gəldikdə isə, bəzi ailələr evlənən qızın ailəsi ilə görüşməsinə əngəl yaradır. Bu da insanlarımızın qızını qohumlara verməklə münasibətlərini davam etdirməsinə səbəb olur.

Qarşısını necə ala bilərik?

Qohum evliliklərinin risklərini azaltmaq üçün bir sıra tədbirlər görülə bilər. Tək qanunları ciddiləşdirməklə iş bitmir. Evlilikdən əvvəl cütlüklərin genetik testlərdən keçməsi mühüm adımlardan biridir. Eyni zamanda cəmiyyətdə qohum evlilikləri barədə məlumatlandırıcı və maarifləndirmə işləri aparmaq lazımdır. Bu iş isə tək valideynlərin deyil, ümumi cəmiyyətin üzərinə də düşür. Sağlam bir gələcək üçün qohum evliliklərindən çəkinmək tövsiyə olunur.

Pediatr Vaqif Qarayev ölkəmizdə atılan bu addımı dəstəklədiyini deyir. Lakin o, AzVision.az -a bildirib ki, qərar qəbul olunsa da, qohum evlilikləri yenə də davam edəcək:

"Çünki qohumla evlənmək Azərbaycan toplumunun şüurunda əsrlərdir var. Yəni, şüur dəyişməsə, inzibati qadağalarla nəyəsə nail olmaq mümkünsüzdür. Qohum evliliyindən doğulan sağlam uşaqlar da var. Təbabət buna qadağa qoymur. Amma ciddi fəsadların olacağı barədə proqnoz verir. Əmi, xala, bibi uşaqlarında patogen gen daşıma ehtimalı kifayət qədər yüksəkdir. Valideynlərin hər ikisi patogen gen daşıyırsa, onlardan sağlam uşaq gözləmək mənasızdır. Hüquqi baxımdan bəlkə də qadağan olunması düzgün deyil. Amma ömürlük həm fiziki, həm də əqli baxımdan əlil doğulan uşaqlar var. Onların valideynin çəkdiyi iztirablar nəzərə alınmalıdır“.


Həkimin sözlərinə görə, anadangəlmə irsi-genetik xəstəliklər yaxın qan qohumluğu evliliklərində kifayət qədər çoxdur:

“İrsi metobolik pozğunluqlar, ağır ürək qüsurları, əqli zəiflik müxtəlif formalarda özünü göstərir. Sadaladığım problemlərin başqa səbəbləri də var. Təkcə qan qohumluğu deyil. Lakin əksər hallarda elə qohum evlikləri var ki, dünyaya gələn uşaqların hamısında bu problemlər olur.

Nikahdan öncə analizlər vermək mütləq lazımdır. Azərbaycanda ən çox talassemiya xəstəliyinin olub-olmaması yoxlanılır. Hər iki gənc talassemiya daşıyıcıdrsa, 25 faiz ehtimal var ki, onların uşaqları da xəstə doğulsun. Bu, ağır xəstəlikdir, qan dayanmadan parçalanır”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:  





Xəbər lenti