Zelenski: "Dünya və demokratiya rüsvay oldu"

   Zelenski:    "Dünya və demokratiya rüsvay oldu"
  16 Aprel 2024    Oxunub:1036
Ukrayna prezidenti Volodomir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonun İsrailə və Kiyevə yardım paketlərinin ayrı-ayrılıqda müzakirəyə çıxarıla biləcəyi barədə bəyanatını “dünyanın və demokratiyanın rüsvayçılığı” kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, Mayk Consonun Nümayəndələr Palatasının bu həftə İsrailə yardımla bağlı səsvermə keçirəcəyinə cəhd göstərəcəyi, lakin həmin paketə Ukraynaya yardımın daxil ediləcəyinin məlum olmadığı barədə açıqlamasına Ukrayna prezidenti Amerikanın Public Broadcasting Service (PBS) televiziya xidmətinə müsahibəsində neqativ münasibət bildirib.

“Qəribədir. Bu, o deməkdir ki, məsələ təhlükəsizlik problemi deyil. Bu, sırf siyasətdir. Düzü, bu, dünya üçün rüsvayçılıqdır, sadəcə, demokratiya və demokratiyadan danışan hər kəs üçün rüsvayçılıqdır. Əgər Konqress bu yardımı İsrail və Ukrayna paketlərinə bölsə, deməli, bu ABŞ-da seçkilər məsələsidir. Ukraynada nə baş verdiyi heç kimi maraqlandırmır. Onları yalnız dəstəklənmə reytinqi maraqlandırır, mahiyyət bax budur” , - Zelenski vurğulayıb.

Hazırda cəbhədə Ukraynanın üzləşdiyi problemlərin gündən-günə artdığını söyləyən Zelenski yaxın həftələrdə ABŞ-nin yardım paketinin təsdiqlənməyəcəyi təqdirdə Kiyevin müharibəni uda bilmək şansının olmadığını diqqətə çatdırıb.

- Mən sizə açıq deyirəm, bu yardım gəlmədən bizim qalib gəlmək şansımız olmayacaq. Düşmənindən qat-qat güclü olmalısan. Mənim dediyim budur. Bu gün artilleriya mərmisi 10-nun 1-dir. Biz belə dayana bilərikmi? Yox, hər halda bu statistika ilə bizi hər gün geri itələyəcəklər. Ümid edirəm ki, konqresmenlər bizi eşidirlər və yaxın günlərdə, həftələrdə, ancaq bundan gec olmayaraq, qərar qəbul edəcəklər” , - Ukrayna prezidenti deyib.

Bundan əvvəl Volodomir Zelenski Qərb dövlətlərinin İsraili İranın hücumundan qoruduqları kimi Ukraynanı da qorumaq imkanına malik olduğunu bildirmişdi. Onun sözlərinə görə, yəhudi dövləti də Ukrayna kimi NATO-nun üzvü deyil, lakin onun müdafiəsi üçün blok Müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsi tələb olunmur, yalnız siyasi iradə kifayət edir. Ukraynanın isə enerji obyektlərini qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

Bu gün səhər Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ-nin müttəfiqlərinə Konqresin altı aydan artıqdır ki, təsdiqləyə bilmədiyi maliyyə yardımı məsələsinin tez bir zamanda həll etmək niyyətində olduğunu açıqlayıb.

Bəzi respublikaçıların Ukraynanın əlavə maliyyələşdirilməsinə qarşı çıxdıqlarını, lakin partiyanın İsraili dəstəklədiyini, bəzi demokratların isə Qəzza əməliyyatından sonra Təl-Əvivdən üz döndərdiklərini, lakin partiyanın bütövlükdə Kiyevi dəstəklədiyinəi nəzərə alan Conson qanun layihələrini ayrı-ayrılıqda səsverməyə çıxarmaqla bu maneələrdən yan keçməyə çalışır.

Açığı, İsrailə yardım paketinin bütün maneələri dəf edəcəyi şübhə doğurmur. Amma 6 aydan çoxdur ki, nəinki Vaşinqtonun, hətta Qərbin aparıcı dövlətlərinin əməldən daha çox vədlər ritorikası Ukrayna ilə bağlı məsələnin müsbət həll ediləcəyinə ümidləri, demək olar ki, sıfıra endirir. Çünki İsrail ABŞ-nin Yaxın Şərqdə strateji müttəfiqi olduğu halda, Uklraynaya yalnız və yalnız Rusiya ilə geosiyasi qarşıdurmada alət kimi baxılır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Zelenski   ABŞ  





Xəbər lenti