“Azərbaycan dinlərarası münasibətə nümunə ola bilər” – Arximandrit Aleksi Nikonorov

   “Azərbaycan dinlərarası münasibətə nümunə ola bilər” –    Arximandrit Aleksi Nikonorov
  09 Aprel 2024    Oxunub:1355
“Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər arasında dinc birgəyaşayış, qarşılıqlı fəaliyyət və birgə quruculuq sahəsində çoxəsrlik unikal təcrübə var. Azərbaycan tarixən çoxsaylı xalqların ümumi vətəni kimi şöhrət tapıb. Bir çox ölkədən fərqli olaraq, burada vətəndaşlar arasında dinlərarası dialoqun inkişafını əngəlləyən problemlər yoxdur”.
Bu sözləri AzVision.az -a Bakı Yeparxiya İdarəsinin katibi, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralının baş keşişi, arximandrit Aleksi Nikonorov ABŞ Dövlət Departamentinin Azərbaycanda dini etiqad azadlığının guya məhdudlaşdırılması barədə bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində özünəməxsus tolerantlıq mühiti mövcuddur və bu, optimal multikulturalizm nümunəsi kimi beynəlxalq ictimaiyyətin diqqətini çəkir: “Azərbaycan dövləti cəmiyyətdə mədəni müxtəlifliyə xüsusi diqqət yetirir, dini və milli mənsubiyyətinə fərq qoyulmadan vətəndaşların hüquq və azadlıqlarına təminat verir”.

Arximandritin sözlərinə görə, Azərbaycanın uğurları, ərazi bütövlüyünün bərpası, cəmiyyətin birliyi və digər müsbət amillər ölkəmizin siyasi mövqeyini, Cənubi Qafqazda aparıcı rolunu zəiflətməyə çalışan düşmənlərdə narahatlıq yaradır. Onlar Azərbaycanın öz ərazisini işğaldan azad etməklə qazandığı uğurları “pantürkist qüvvələrlə xristianların mübarizəsi” kimi qələmə verirlər.

“Regiondakı siyasi reallıqların əyani şahidləri bilirlər ki, ABŞ Dövlət Departamentinin bu ilin yanvarında səsləndirdiyi qərəzli bəyanat reallığı qətiyyən əks etdirmir. Əminəm ki, bu, Azərbaycanın inişafına, ictimai və vətəndaş qurumlarının birliyi sayəsində öz siyasi və iqtisadi gücünü möhkəmləndirməsinə, dinlərarası və millətlərarası münasibətlərin nümunəsi kimi çıxış etməsinə mane olmayacaq”,- Aleksi Nikonorov deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Din   Tolerantlıq  





Xəbər lenti