"Pyotr Fomenkonun emalatxanası” teatrı Bakının qonağı olacaq

"Pyotr Fomenkonun emalatxanası” teatrı Bakının qonağı olacaq
  30 Mart 2024    Oxunub:4762
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif teatrları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir.
Bu dəfə Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatrın qonağı olacaq.

Kollektiv 18 və 19 may tarixlərində saat 19:00-da dünya şöhrətli yazıçı-dramaturq Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanan "Qurdlar və qoyunlar" adlı iki hissəli komediyasını təqdim edəcək.

Süjet xətti müasir dövrlə səsləşən bu səhnə əsərinin quruluşçu rejissoru Pyotr Fomenkodur.
Tamaşada “Qurdlar” və “Qoyunlar” arasında əbədi qarşıdurmaların mövcudluğu komik vəziyyətlərlə göstərilir. Bəzi insanlar sadəlövh və həlim xarakterli olsalar da, bəziləri qurd kimi yırtıcı və təhlükəlidilər. Lakin ən “təhlükəli yırtıcı”nın da işləri müşkülə düşə bilir…

Səhnə əsərinin rejissoru Ma Çjen Xun, rejissor assistenti Everet Kristofer Dikson, rəssamı Tatyana Selvinskaya, işıq rəssamı Vladislav Frolov, müsiqi tərtibatçısı Boris Qorbaçovdur.

Tamaşada Nataliya Kurdyubova, Aleksandr Morovov, Dmitri Zaxarov, Mariya Andreyeva, Yekaterina Smirnova, Qalina Kaşkovskaya, Aleksey Kolubkov, İlya Lyubimov, Tahir Rahimov, Denis Avramov, Maxim Litovchenko, Anton Sergeyev, Kira Persits və başqaları iştirak edəcəklər.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti