Zakir Qaralov təcili müşavirə keçirdi

Zakir Qaralov təcili müşavirə keçirdi
  14 Fevral 2013    Oxunub:2766
Bu gün Baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində əməliyyat müşavirəsi keçirilib.
AzVision.az-ın məlumatına görə, Baş prokuror qeyd edib ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunverici və praktiki tədbirlər həyata keçirilib, ölkə həyatının bütün sahələrində şəffaflığın artırılmasına istiqamətlənmiş institusional islahatlar aparılıb. İdarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr qoyulub. Bu səlahiyyətlər korrupsiya cinayətlərinin aşkar edilməsi, qarşısının alınması istiqamətində səmərəli nəticələr əldə etməyə zəmin yaradıb. Lakin ölkənin güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə bağlı, ictimai həyatın bütün sahələrində yüksəliş dövrünü yaşayan respublikamızda iqtisadiyyatın inkişafına əsas maneələrdən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını, adekvat tədbirlərin gücləndirilməsini, mübarizə üsullarının daha da təkmilləşdirilməsini zəruri edib.

Görülmüş işlər barədə hesabatla çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə işinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini verib.

Əməliyyat müavirəsində çıxış edən idarənin aidiyyatı şöbələrinin rəisləri korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyətin səmərəliliyinin yüksəldilməsi ilə bağlı fikirlərini nəzərə çatdırıblar.
Prioritet istiqamətlər müəyyən edilərək, vətəndaşların haqlı narazılığına səbəb olan və onların gündəlik rastlaşdıqları, o cümlədən yerli icra orqanları, bələdiyyə, sosial müdafiə, təhsil, səhiyyə, əmlak, gömrük, torpaq və digər qurumların fəaliyyətində mövcud olan korrupsiya hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin gücləndirilməklə kəsərinin artırılması, təsərrüfat subyektlərinin və sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən şəxslərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Vətəndaşların üzləşdikləri korrupsiya hüquqpozmaları ilə əlaqədar idarəyə, o cümlədən «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciətlərinə çevik və qanuna müvafiq qaydada dərhal baxılmaqla təxirəsalınmaz tədbirlərin görülməsi, korrupsiya hüquqpozuntularının aşkar edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpa olunması istiqamətində səylərin artırılması əməkdaşlardan bir daha tələb edildi. Hüquq mühafizə orqanları, o cümlədən prokurorluq əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına yol vermiş əməkdaşlar barəsində qanunvericiliklə müəyyən olunmuş ən ciddi tədbirlərin görülməsi, dövlət qulluqçularının, o cümlədən idarə əməkdaşlarının “Prokurorluq işçilərinin etik davranış Kodeksi”nə dönmədən əməl etməsi vacibliyi diqqətə çatdırılıb.

Rəhbərlik etdikləri qurumlarda korrupsiya hüquqpozmalarının və vəzifəli şəxslərin yol verdikləri digər neqativ halların qarşını almağa və bununla əlaqədar tədbirlər görməyə rəhbər şəxslərin bilavasitə məsuliyyət daşımaları barədə Prezident cənab İlham Əliyevin tapşırıqları xüsusi vurğulanmaqla dövlət orqanlarının daxili təhlükəsizlik, maliyyə-nəzarət və digər araşdırma funksiyalarını həyata keçirən müvafiq xidmətlərinin məsuliyyət hissinin yüksəldilməsi, aşkar olunmuş korrupsiya hüquqpozmaları barədə materialların tədbir görülməsi üçün təxirəsalınmadan prokurorluğa göndərilməsinın zəruriliyi qeyd olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilərək korrupsiyaya qarşı mübarizənin günün tələbləri səviyyəsində aparılmasından ötrü daha da gücləndirilməsi istiqamətində qısa müddət ərzində təkliflər hazırlanaraq səlahiyyətli orqanlara təqdim edilməsi, vəzifə səlahiyyətlərindən daha səmərəli istifadə olunması, korrupsiya cinayətlərinin aşkar edilməsi üçün xüsusi təyinatlı müasir avadanlıq və qurğularla təhciz olunması, normativ-hüqiqi aktların antikorrupsiya ekspertizasından keçirilərək korrupsiya hüquqpozmalarına yol açan müddəaların aradan qaldırılması üçün tədbirlərin görülməsi mühüm vəzifələr kimi müəyyənləşdirilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Prezident cənab İlham Əliyevin siyasi iradəsinə və göstərdiyi yüksək etimada uyğun olaraq prokurorluq, o cümlədən Korrupsiyaya qarşı mübarizə idarəsi əməkdaşlarının korrupsiyaya qarşı mübarizə istiqamətində bütün səy və bacarıqlarını səfərbər edəcəkləri, bu sosial bəlaya qarşı ən qətiyyətli tədbirlərin görülməsinin təmin olunacağı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılacağı, ixtisaslaşdırılmış qurum olan bu idarənin işinin ən yüksək tələblər səviyyəsində səmərəli təşkilinin təmin ediləcəyini bildirib.



Teqlər:  





Xəbər lenti