“Bloomberg”: “İki Rotşild klanı arasında mübarizə gedir”

   “Bloomberg”:  “İki Rotşild klanı arasında mübarizə gedir”
  22 Fevral 2024    Oxunub:3705
Rotşildlərə məxsus bankın İsveçrə və Fransa filialları illərdir ki, gəlirli qlobal sərvətlərin idarə edilməsi bazarında daha böyük pay almaq üçün mübarizə aparırlar.
AzVision.az “Bloomberg” agentliyinin saytında dərc olunan materiala istinadən xəbər verir ki, onların birləşməsi məntiqi baxımdan daha düzgün addım sayılsa da, qürur hissi bu məşhur maliyyə sülaləsinin xələflərinə mane olur.

Rotşildlər ailəsi 19-cu əsrdə ən zəngin və nüfuzlu sülalələrdən birinə çevrilib. Ancaq hazırda onun adı yalnız biri Fransada, digəri isə İsveçrədə olan iki bankla bağlıdır.
Müxtəlif biznes sahələrində illərlə işlədikdən sonra, onlar 250 trilyon dollarlıq qlobal aktivlərin idarə edilməsi sənayesinin böyük bir hissəsi uğrunda mübarizəyə giriblər.
100 milyard dollardan çox aktivləri idarə edən Parisdəki “Rothschild & Co.” şirkəti daha kiçik olsa da, sürətlə əhatə dairəsini genişləndirir, İsveçrəli rəqibi ilə eyni zəngin yerlərdə ofislər açır. Şirkətin tarixində ilk dəfə olaraq sərvət və aktivlərin idarəçiliyindən əldə edilən mənfəət konsaltinq biznesindən götürülən gəlirləri üstələyib.

2022-ci ilin sonunda Paris şirkəti imkanları səviyyəsinə görə İsveçrəli rəqibinə yaxınlaşıb və birləşdirilmiş şirkət təxminən 280 milyard dollarlıq aktivləri idarə edə bilər. Lakin məşhur maliyyəçilərin övladları əməkdaşlıq etmək istəmirlər. Bu ideyanı İsveçrədəki şirkət rədd edib.

“Burada bir tərəfdən işgüzar maraqlar, digər tərəfdən isə şəxsi qürur rol oynayır”, - Parisdəki “HEC Biznes” məktəbinin dosenti, ailə şirkətləri üzrə ixtisaslaşmış Filipp Pele-Klamur vurğulayıb.

O, Rotşildlər ailəsindəki münasibətləri eqoizm, münaqişələr və hakimiyyət uğrunda mübarizə dövrü kimi səciyyələndirib.

Beləliklə, ən azı indiki mərhələdə, hər tərəf sərvət uğrunda mübarizədə öz soyadından istifadə edəcək. Bu mənada, mərhum Benjamin de Rotşildin 2010-cu ildə verdiyi müsahibədə dediyi “Adımız olmadan işimizin nə qədər dəyəri olduğu aydın deyil” məşhur ifadəsi tam yerinə düşür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti