“Orta dəhliz”də qüvvələri birləşdirmək lazımdır - Maqbat Spanov (Video)

   “Orta dəhliz”də qüvvələri birləşdirmək lazımdır -    Maqbat Spanov (Video)
  25 Yanvar 2024    Oxunub:5274
Dünya Bankının Orta Dəhlizin inkişaf perspektivləri barədə hesabatında Mərkəzi Asiya və Qafqaz ölkələri üçün xüsusi maraq doğuran bir sıra məqama toxunulub. Dənizə çıxışı olmasa da, bu dəhliz yeni qlobal nəqliyyat-logistika strukturunun formalaşmasında aparıcı amilə çevrilməkdədir.
Yaxşı və pis cəhətlərini sadalamazdan qabaq deyə bilərik ki, dəhliz böyük əhəmiyyətə malikdir. Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Orta Dəhlizin önəmini daha da artırır. Avropa liderlərinin Pekində baş tutan görüşündə də təsdiqləndiyi kimi, bu, Aİ ölkələri ilə Çin arasında genişlənən ticarət yeni logistika strukturları tələb edir.

Ölkələrin Orta Dəhliz çərçivəsindəki strateji mövqeləri onların zəruri resurslarından asılıdır. Orta Dəhliz məhz həmin resursların hesabına inkişaf edir. Məsələn, Çindən Avropaya daşınan malların sürətli tranziti üçün Qazaxıstanda dəmiryolu xəttinin genişləndirilməsi vacib amildir. Belə qərarlar “Bir kəmər, bir yol” layihəsinə qoşulmuş digər ölkələri də hərəkətə keçməyə, layihəyə investisiya yatırmağa təşviq edir.


O ki qaldı “Orta Dəhliz”dəki əsas nöqsanlara, xüsusilə Xəzər dənizi regionunda liman və dəmiryolu infrastruktru, həmçinin yükdaşıma mexanizmləri, şübhəsiz ki, lazımi şəkildə qaydasına salınmalıdır. İxtisaslaşmış informasiya mərkəzinin yaradılması, qüvvələrin birləşdirilməsi, iqtisadiyyatın və nəqliyyat logistikasının rəqəmsallaşdırılması problemləri aradan qaldıra, yükdaşımaları nəzərəçarpan dərəcədə sürətləndirə bilər. Eyni zamanda, nəqliyyat, o cümlədən dəmiryolu infrastrukturu ilə bağlı məsələlər də həllini gözləyir. Sadalanan məqsədlərə çatmaq naminə ən vacib şərt isə, söz yox ki, iradə və istəkdir.

Ümumiyyətlə, Orta Dəhliz yükdaşımalara alternativ və sərfəli marşrut irəli sürür, Asiya ilə Avropa arasında iqtisadi inkişaf və güclü ticarət əlaqələri üçün yeni imkanlar yaradır. Məsələn, dəhlizboyu ölkələr sırasında “iki qitənin körpüsü” kimi səciyyələnən Türkiyə məhz Orta Dəhliz vasitəsilə yük daşınmalarını artırır, mühüm nəqliyyat-logistika qovşağı statusunu gücləndirir. Türkiyə ilə Çin, habelə Mərkəzi Asiya və Qafqaz ölkələri arasındakı iqtisadi-ticari münasibətlər dəhlizin inkişafı ilə daha da dərinləşir.
“Orta Dəhliz”də rəqabət yersizdir - Qazaxıstanlı ekspert

Azərbaycan və Gürcüstan da Orta Dəhlizdən mühüm fayda götürürlər. Dəhliz Azərbaycanda nəqliyyat infrastrukturun, iqtisadiyyatın inkişafına təkan verdikcə ölkə regional və beynəlxalq ticarətdə aparıcı qüvvəyə çevrilir. Vasitəçi ölkə kimi Gürcüstan da artan yükdaşımalardan və nəqliyyat infrastrukturuna qoyulan investisiyalardan yararlanaraq, iqtisadi inkişafa stimul qazanır və regionda mövqeyini möhkəmləndirir.

Orta Dəhliz Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) üçün nəqliyyat şəbəkələrini böyütmək, ixracı artırmaq, eləcə də xarici sərmayə qəbul etmək fürsəti yaradır. Marşrutun inkişafı adıçəkilən ölkələrdə iqtisadi potensialın şaxələnməsinə, ənənəvi bazarlardan və marşrutlardan asılılığın azaldılmasına töhfə verir.

Beləliklə, Orta Dəhliz iştirakçı ölkələrə bu, ya digər yeni imkanlar yaratmaqla onların iqtisadiyyat və infrastruktur etibarilə inkişafına, beynəlxalq ticarət əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarır, regionda qloballaşma və iqtisadi əməkdaşlıq çərçivəsində qabaqcıl dövlətlər üçün maraq və imkanların vəhdətini təcəssüm etdirir.

Maqbat Spanov
Qazax Milli Universitetin professoru, İnnovativ İqtisadiyyat İnstitutunun eksperti
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Orta-Dəhliz  





Xəbər lenti