Azərbaycana qarşı qərəzdə Berlin Parislə yarışa girib

      Azərbaycana qarşı qərəzdə    Berlin Parislə yarışa girib
  23 Yanvar 2024    Oxunub:2862
Fevralın 7-də keçiriləcək seçkini Azərbaycanın son 3 ildə yaratdığı regional reallığın dəyişməzliyinə vurulacaq möhür, eyni zamanda da Ermənistana dəstək adı altında dövlətimizə qarşı görünməmiş təzyiqlərinin nəticəsizliyinin yekunu kimi dəyərləndirən bəlli çevrələrin bu günlərdə hər cür təxribatlara əl atacaqları gözləniləndir.
Bu qəbidlən olan təxribatlardan biri də almaniyalı deputat Frank Şvabenin AŞPA-da Azərbaycanın təmsilçilərinin etimadnaməsinin təsdiqlənməməsi təklifidir. Təklifin rədd edilməməsi, baxılmaq üçün Monitorinq Komitəsinə göndərilməsi sözü gedən qurumun da Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmasını sinirə bilməyən səlibçi çoxluğun yığnağı olduğunu təsdiqləməkdən başqa bizim üçün heç bir anlam daşımır.

Çünki söhbət o AŞPA-dan gedir ki, bir üzvünün digərinin torpaqlarını işğalına 29 il göz yumması bir yana, həmin işğalçı ölkənin keçmiş “fürer”i Robert Köçəryan orada əsl nasist çıxışı edərək azərbaycanlılarla hayların “genetik uyumsuzluq”larından dəm vuranda ona nəinki güldən ağır söz deməmiş, hətta alqışlamışdılar. Alqışlayan çoxluğun sırasında təbii ki, Almaniya təmsilçiləri də vardı.

Yeri gəlmişkən, məhz Almaniya təmsilçisinin AŞPA-dakı bu təklifi heç də onun öz təşəbbüsü deyil və fikrimcə, burada Parislə Berlinin birgə fəaliyyətlərindən çox, aralarındakı rəqabətdən danışmaq lazımdır.

Şavabenin təklifi ona görə öz təşəbbüsü deyil ki, iki gün öncə Almaniya Bundestaqının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Mixael Rot “X” sosial şəbəkəsində yazdığı cızmaqarasında Avropa Birliyini “Bakının İrəvana qarşı təcavüz hədələrinə” və Ermənistanın torpaq bütünlüyünün dəstəklənməsinə böyük diqqət yetirməyə çağırırdı. Yəni elə buradan onların hər iksinin eyni mərkəzdən təlimatlandırıldıqları açıq-aydın görünür.

Berlinin bizim regiona yanaşmada yeritdiyi siyasətin arxasında Parisin diqtəsi yox, onunla rəqabət durduğu haqda fikrimə gəldikdə bu, təkcə Silahlı Qüvvələrini çıxmaqla Almaniyanın özünün bütün göstəriciləri ilə Fransanı kölgədə qoymasına dayanmır. Unutmaq lazım deyil ki, Almaniya da imperialist keçmişi olan bir dövlətdir. Silahlı Qüvvələrini də tez bir zamanda Fransanınkından qat-qat güclü etmək qüdrətindədir. Üstəlik, Berlin Makron Fransasının bizim regionda yeritdiyi siyasətin fiaskoya uğradığını və Ermənstanın da necə yeni boyunduruq axtarışına çıxdığını aydın görür. Görür və Almaniya rəsmilərinin İrəvanla son zamanlar diqqət çəkən sıx ünsiyyətlərindən də bəlli olduğu kimi öz boynduruğunu təklif edir.

Fəqət berlindəkilərin son zamanlar yeritdikləri siyasət düşünmürəm ki, onların bizim regionda mövqelərinin güclənməsinə xidmət edəcək. Əksinə, heç arzulamadıqları bir reallıqla üzləşə bilərlər. Ortada Fransa örnəyi var. Və yaxşı olardı ki, rotlar, horfrayterlər, şvabelər britaniyalı deputat İan Liddel-Grangerin AŞPA-dakı dünənki çıxışında Azərbaycana qarşı addımların yanlış olduğu, bunun müsbət nəticə verməyəcəyi haqda xəbərdarlığından düzgün nəticə çıxarsınlar.

Çıxaracaqlarmı? Bilmirəm. Amma Almaniyanın dünya hegemonluğu uğrunda savaşda Böyük Britaniyaya həmişə uduzmasının kökündə siyasətdə ikincinin birincidən qat-qat üstün durduğunu dəqiq bilirəm.
Sahib Alıyev, Milli Məclisin üzvü



Teqlər: AŞPA   qərəzlik  





Xəbər lenti