`Müsəlman masonları`: Əxilər - ARAŞDIRMA

  23 İyun 2014    Oxunub : 5188
`Müsəlman masonları`: Əxilər - ARAŞDIRMA
Türk Fütüvvət təşkilatı – Əxilik – Müsəlman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşıb.

Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib.

Fütüvvət anlayışı

Təməldə Qurana və Peyğəmbərin sünnəsinə əsaslanan prinsiplərilə İslami anlayısa birbaşa bağlı olan Əxilik təşkilatının qurulmasında, fütüvvət anlayışının büyük əhəmiyyəti var. İslamın ilk əsrindən etibarən görülməyə başlanan fütüvvət təşkilatları içində IX əsrdən etibarən sənətkar birlikləri ortaya çıxdı.

Əxiliyin yayılma arealı və onun ideya əsaslarının formalaşması ilə bağlı əxi araşdırıcıları arasında müxtəlif fikirlər mövcuddur. Bu fikirlərdən biri əxiliyin Türk "akılıq" və "alp" ənənəsinin, Ərəb və İran fütüvvət idealıyla islamın bir sintez halında birləşməsi nəticəsində yarandığının irəli sürülməsi ilə bağlıdır. Digər bir yanaşma əxiliyin fütüvvətin “bir uzantısı” və onun yeni, daha mükəmməl və təkmilləşdirilmiş bir forması olması ilə bağlı olan fikirlərdir. Bəzi araşdırıcılar isə əxiliyi “Türk hadisəsi”, “Türk fütüvvət hərəkatı”, “...daha çox türkləşmiş bir qurum” kimi dəyərləndirirdilər. Türklər məhz İslamı qəbul etmələrindən sonra fütüvvət ideyasını mənimsəyib özlərinə xas igidlik, comərdlik və qəhrəmanlıq vəsfləri ilə süsləyərək, Əxiliyin formalaşmasına və İslam dünyasında 500 il önəmli rol oynamasına səbəb oldular.

İslam aləmindəki fütüvvətçilik ənənəsini, insani və əxlaqi üstün məziyyətləri ifadə etməsi mənasında İslamdan əvvəlki dövrlərə qədər götürmək mümkündür. Lakin fütüvvətçilik gerçək məna dərinliyini İslam dininin ortaya çıxmasından sonra və xüsusilə də mutasavviflərin əməyi ilə qazanıb. Belə ki, fütüvvətçilik İslam aləmindəki igidlik və qəhrəmanlıq ülküsünün adı olarkən, bu ülkünü şəxsində təmsil eden kişiyə “fəta” deyilib. Məşhur təsəvvüfçülərdən və ilk fütüvvətna-mələrdən birinin müəllifi olan Əbu Əbdurrəhman əs-Süləmi “Kitabul-Fütüvvət" adlı risaləsində fütüvvəti belə dəyərləndirirdi: "Məlaməti şeyxlərindən bəziləri də, sizcə fütüvvət mövqeyini kim qazanar, fəta adına kim haqq edər deyə soruşulunca deyərlər ki, Allah hamısına rəhmət etsin, kimdə Nuhun səbatı, İbrahimin vüqarı, İsmayılın doğruluğu, Musanın ixlası, Əyyubun səbri, Davudun ağlayışı, Məhəmmədin comərdliyi varsa, yenə kimdə Əbu Bəkrin canıyananlığı, Ömərin qeyrəti, Osmanın utancaqlığı, Əlinin elmi varsa, sonra bütün bunlarla bərabər nəfsini boğar, öz eyiblərini görə bilirsə, o, fütüvvət sahibidir». Cüneyd Bağdadi (ö. 297/909) isə deyirdi ki, “Fütüvvət, çətinliyin öhdəsindən gəlmək, malından, pulundan pay verməyi bacarmaq, hər bir şeydən ötrü şikayət etməmək, zəngin və ya yoxsul kim istəsə geri çevirməmək, haramlardan qaçınmaqdır”.

Fəthlərin də təsiri ilə VIII əsrdən etibarən İslam dünyasında böyük sosial və siyasi sarsıntılar yaşanırdı. Bu durum, özəlliklə mərkəzi hakimiyyətin nəzarətindən kənarda qalan və onların idarəçiliyinə müxalif olan yerlərdə və bölgələrdə özlərini fütüvvət əhli olaraq təqdim edən bir sıra təşkilatların ortaya çıxması ilə nəticələndi. Bu dönəmdə sufilər öz düşüncələrini sistemləşdirərək yeni fütüvvət anlayışını ortaya qoydular. Bu anlayışın qəhrəmanı olan “fəta” savaş və sərtlikdən çox fövqəladə dürüstlük, comərtlik, fədakarlıq, Allahdan qorxmaq və ona bağlılıq kimi vəsflərlə xarakterizə olunurdu.

Sufilər, bu fütüvvət anlayışını mənimsəyənlərin xalq arasında çoxalması ilə sıxıntıların azalacağına ümid edirdilər. Bu düşüncənin həvəsi ilə İmam Qüşeyri, Əbu Fərəc İsfəhani, Əhməd bin Həzrəveyh, Əbu Talib Muhəmməd əl-Məkki kimi alimlər müxtəlif əsərlər ortaya qoydular. Sufilərdən Əbu Əbdürrəhman Muhəmməd Süləmi fütüvvət hədəflərini birləşdirərək ilk “fütüvvətnamə” yazan alim oldu.

Əxilik anlayışı ilk əsərlərdə və fütüvvətnamələrdə “əhl-i fütüvvət” deyə anılırdı. Bu barədə əxiliyin Türk araşdırıcılarından olan Camal Anadol özünün “Türk-islam Medeniyetinde Ahilik Kültürü ve Fütüvvetnameler” adlı əsərində yazır: “XIII əsrin ortalarından etibarən Anadoludakı fütüvvətçilər özlərini "əxi" olaraq adlandırmaları ilə fütüvvət təşkilatından ayrılmış oldular. O zamana qədər fütüvvət qaydaları deyə tanınan, təriflənən gözəl xasiyyətlərə, Türk qonaqpərvərliyinin də əlavə olunması ilə Anadoludakı Türk sənət və peşə mütəxəssisinin ortaq qanunları və davranışları olaraq “əxilik” adı altında yeni bir quruluş ortaya çıxdı. Bu əxilik, bütün Anadolunu, ələ keçirilməsindən sonra Krımı və Balkanları da əhatə edən və kəndlərə qədər yayılan bir qurum halında təşkilatlandı”.

Azərbaycanda Əxiliyin yaranması və yayılması

Orta əsrlərdə Azərbaycanın bir çox yerlərində - Təbriz, Gəncə, Xoy, Şamaxı, Ərdəbil, Ordubad, Şəki, Bakı və başqa şəhərlərində sənətkarlıq inkişaf edir, sənətkar birlikləri yaranırdı. Tarixçi V. Piriyev Azərbaycanda əxilərin “əsnaf” və ya “möhtərifə”, Monqol dövründə isə “ozan” adlandırılması ilə bağlı faktların olduğunu bildirir. Türk tarixçisi, əxiliyin mühüm araşdırıcılarından biri M. Bayram yazırdı ki, Anadoluda əxi təşkilatının zühurundan əvvəl Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində türkmənlər arasında əxilik peşəsinə mənsub, özlərinə əxi deyən tacir və sənətkar insanlar vardı .

Bilinən həqiqətdir ki, «Anadolunun inkişafında və müxtəlif mütərəqqi ideyaların yayılmasında Azərbaycandan gələn intellektuallar çox mühüm rol oynayıblar. O dövrlərə aid “anonim Səlcuqnamə”də bu barədə qeyd edilirdi ki, 1170-ci ildə yenidən tikdirdiyi Ağsarayda mədrəsələr, zaviyələr və məscidlər inşa etdirdiyi II Qılıcarslan (1155-1192) buraya Azərbaycandan alimlər, qazilər və tüccarlar gətirmiş və yerləşdirmişdir. XIII yüzillikdə təkcə Konya şəhərində Siracəddin Ürməvi, Mahmud əl-Xoyi (Əxi Evrən), Məcidəddin Mərəndi (Baba Mərəndi), Şəms Təbrizi, Nəcməddin Naxçıvani, İzzəddin Ürməvi, Bədrəddin Təbrizi, Əminəddin Təbrizi, Tacəddin Xoyi, Mahmud Tusi və başqaları kimi azərbaycanlı elm və təsəvvüf adamları yaşayıb-yaratmışlar».

M. Bayram yazır: “Anadoludakı ilk əxilərin demək olar ki, hamısı Azərbaycandan və əsasən də Sökməyin elindən gəlmiş şəxslər olublar. Anadolu əxi təşkilatının bas memarı sayılan dabbaqçıların piri olmuş, Əxi Evrən deyə adlandırılan Şeyx Nəsrəddin Mahmud Xoyludur. Əxi Türk və qardaşı Əxi Bacara Urmiyalıdır. Xoy və Urmiya o dövrdə Sökməyin elinə daxil idi. Tacir Məvdudun oğulları Əxi Sihabəddin Çoban və Əxi Bədrəddin Yaman Ahlatlıdırlar. Əxi Ahmər Naxçıvanlıdır. Əxi Yusuf Sürmarlıdır. Nəhayət Mərəndli, Təbrizli, Zəncanlı, Marağalı əxilərində olması məlumdur. Abbasi Xəlifəsi ən-Nasir li-Dinillahın qurduğu Fütüvvət təşkilatının üzvləri olan bu ilk əxilər Anadoluda təşkilatlanaraq əsnaf və sənətkarları da içinə alan bir qurum olaraq ortaya çıxmışdır”.



Əxi Türk ləqəbli Hüsaməddin Çələbi və onun nəslinin Konyada çox böyük nüfuz sahibi olması haqqında mənbələrdə geniş məlumat var. O, Cəlaləddin Ruminin «canişinlərindən» olmuş, 1284-cü ildə vəfat edib. Onun qəbirüstü abidəsinin kitabəsində bu sözlər yazılıb: “Bu türbə şeyxlərin şeyxi, ariflərin qabaqda gələni, doğru yolun və bilginin imana, doqquzuncu göyün xəzinələrinin açarçısı, yer üzünün xəzinələrinin etibarlı adamı, zamanın dostu, ərdəmin atası, Haqqın işığı Əxi Türk olaraq da bilinən Urmiyalı Həsən oğlu Məmməd oğlu Hüsaməddin Həsənindir. Allah ondan və onlardan razı olsun. Onların ruhunu müqəddəs etsin. 683-cü ilin Şaban ayının 24-ü”.

Əxilik ideyasının Azərbaycanda yayılması ilə bağlı ilk məlumatlar Əbu Bəkr Hüseyn ibn Əli ibn Yəzdanyar Urməvinin (ölümü 944) adı ilə bağlıdır. Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş və İbn Yəzdanyar adı ilə tanınmış bu azərbaycanlı mütəfəkkirin həyatı və fəaliyyəti ilə bağlı orta əsr müəllifləri Əbdurrəhman Cami “Nəfaxatul-Üns”, Əlişir Nəvai isə “Nəsayimul-Məhəbbə min Şəmayimil-Futuvvə” adlı əsərlərində geniş məlumat vermişlər. İbn Yəzdanyardan sonra onun ideyalarının ən məşhur təmsilçisi və “əxi” təşkilatının ilk qurucularından biri azərbaycanlı alim Əxi Fərəc Zəncani (ölümü 1065) sayılır. Əbdurrəhman Cami “Nəfaxatul-Üns” əsərində onun da adını çəkir. C.Cahenə görə, tarixdə ilk əxi sözünü məhz Əxi Fərəc Zəncani işlətmişdir.

Əxi gənclər təşkilatında yalnız eyni sahənin sənətkar, usta əlaltıları və şagirdlərinin olması fikrinə İbn Battuta Rumda gördüyü müxtəlif sənət sahələrindən olan 200- ə yaxın sənətkarın başında duran gənc rəis haqqındakı məlumatı ilə son qoyur. Buradan görünür ki, gənc rəislər əxi şeyxlər tərəfindən yönləndirilirdilər. O, Harraz zaviyəsi və sənətkarlarla bağlı müşahidələrindən bəhs edərkən) olarkən əxilərin özlərini necə adlandırması onun diqqətini çəkmişdi və bu barədə o, öz səyahətnaməsində yazmışdı: “Orada əxi, evlənməmiş, subay və sənət sahibi gənclərlə, digərlərinin bir cəmiyyət quraraq öz içlərindən seçdikləri bir kimsəyə deyilir. Bu cəmiyyətə də fütüvvə adı verirlər”.

Hətta sufi ordenlərinin şeyxləri belə əxiləri öz tərəflərinə çəkməyə, bununla da özlərini dini-siyasi güclə təmin etməyə çalışırdılar. XV əsrin sonu – XVI əsrin əvvəllərində Ərdəbil şeyxlərinin başçılığı ilə Azərbaycanda, İran və Kiçik Asiyanın bir sıra yerlərində ilkin mərhələdə birlik və bərabərlik təbliğ edən, bununla da sənətkar və yoxsullar arasında rəğbətlə qarşılanan şiəlik inkişaf edir. Bu da əxilərin Səfəviyyə, Heydəriyyə və Nemətullahiyyə ordenləri ilə əlaqəsini gücləndirir. Vurğulamaq lazımdır ki, Bəktaşilik, Xəlvətiyə kimi təriqətlər də, bəzi cəhətləri əxilikdən götürüblər. Xəlvətilik təriqətinin şeyxlərindən Əxi Məhəmmədin, Əxi Yusif, Şeyx İzzəddinin, Şeyx Sədrəddinin, Səfəvi müridləri Əxi Şadi Xəbbazinin, Əxi Duluzinin, Əxi Hənifənin, Əxi Həsənin və bir çox başqalarının bu təşkilata üzv olduqları bəllidir.

XI-XII əsrlərdə Azərbaycan və Anadolu ərazilərində sənətkarları öz ətraflarında birləşdirən təşkilatlar yaranmağa başladı. Bu əsrdən etibarən on minlərlə qafilələr şəklində türklər Qafqaz və Anadolu ərazilərinə köç etməyə başladı. Bu insanların əksəriyyəti tacirlər və sənətkarlardan ibarət idi. Onlar köçdükləri bu ərazilərdə iqtisadi və sosial həyatlarında köklü dəyişikliklər etdilər. Bir sözlə türklərin şəhərlərə yerləşməsi prosesi sürətləndi. Bu yeni gələnlər, həm yerli Bizans xalqına qarşı, həm də onları buraya qədər qovan monqollara qarşı özlərini müdafiə etmək üçün təşkilatlanmaq məcburiyyətində idilər. Yerli tacir və sənətkarların rəqabətinə tab gətirmək üçün daha ucuz, daha sağlam və daha keyfiyyətli mal düzəltməyə başladılar. Eyni zamanda da yerli xalqı belə monqol işğallarına qarşı savaşa bilən vəziyyətə gətirməyə can atırdılar.

Qurulan bu təşkilatlara Əxi Birlikləri deyilirdi. Bu təşkilatın məqsədi, XIII əsrin ortalarında, Asiyadakı böyük türk şəhərlərindən gələn çoxlu sayda sənət və məslək sahiblərinə asan iş qurmaq, yerli sənətkarlar ilə rəqabət ede bilmək, sənət və ticarətlərində daha irəli gedə bilmək üçün istehsal etdikləri malların keyfiyyətini qorumaq, istehsalı ehtiyaca görə etmək, sənət və məslək sahiblərini insaflı və əxlaqlı yetişdirmək, türk xalqını iqtisadi yöndən müstəqil hala gətirmək, ehtiyac içində olanlara hər sahədə kömək etmək, ölkəyə edilən xarici hücumlarda dövlətin silahlı quvvələri yanında savaşmaq, milli kimlik şüurunu sənətdə, dildə, ədəbiyyatda, musiqidə, adət və ənənələrdə milli həyacanı artırmaq və daim ayaqda saxlamaqdır. Bu məqsədi həyata keçirə bilmək üçün əsnaf və sənətkarlara bir yandan yamaq, çıraq və şagird saxlamaq və onlara sənətin incəliklərini öyrətmək imkanı verilir, digər yandan da axşamlar toplandıqları əxi toplanma və qonaqlalama salonlarında İslam əxlaqına dayanan əxlaq dərsləri verilirdi. Gözəl əxlaqın, sənətin və qonaqsevərliyin birləşməsi olan əxilik, Səlcuqlular zamanında elə bir hörmət və sayğılı vəziyyətə gəldi ki, bu təşkilat yuz illər boyunca əsnaf, sənətkar və məslək sahiblərinə yol göstərmis, onların sosial və iqtisadi sahədə uğur qazanmalarına şərait yaratmışdır. Yəni əxilik, Əhməd Yasəvi, Hacı Bektaş fikirləri ilə birlikdə xalqın yaşayışında rol oynamış, hökümdarların bir qismi daxil, dövlət adamları belə bu təşkilata üzv olmuşdular.

Misal ücün Osmanlı sultanlarından biri olan Orxan Qazi və onun oğlu I Murad, bir əxi dədəsi tərəfindən qurşaqla mükafatlandırılmış və əxi təşkilatının önəmli şəxsi olmuşdur. Əxilik üzərinə ciddi araşdırmalar aparan qərb oryantalistləri bu təşkilatın təməlini Şərqə, xüsusi ilə İslamdan sonra ərəblər arasında yaranan “Füttüvvət Təşkilatı”na dayandığını söyləsələr də, Əxiliyin Azərbaycan və Anadolu türkləri tərəfindən İslam əxlaqı və türk adət ənənələrinə görə inkişaf etdiyinə inanmış, müsəlman bir türkə xas bir təşkilat olduğunu öz əsərlərində vurğulayırdılar.

Əxilərin geniş təsvirini verən səyyahlar onların fiziki cəhətdən güclü olduqlarını, tünd göy rəngli şalvar geyindiklərini, yaşıl kəmər və xəncərləri ilə seçildiklərini yazırdılar. Əxilərin digər bir ictimai fəlayyəti də onların ölkəsinə səyahətə gəlmiş əcnəbilərə ehtiyacları olan köməkliyi göstərmələri idi. Əcnəbilər əxilərin qonaq evlərində qalır, yemək və geyimlə təmin olunurdular.

«Əxi» sözünün həm ərəbcə, həm də türkcə izahını verməyə çalışan tədqiqatçılar onun «qardaşım», «comərd», «igid» anlamını verdiyini də qeyd edirlər. Y.E.Bertels əxiliyi (fütuvva) «sənətkarların gizli təşkilatı» adlandırırdısa, İ.P.Petruşevski onları «usta əlaltılarının gizli təşkilatı» adlandırır.

Abbasi xilafəti dövründə qurulan Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat Xəlifə Nasir tərəfindən dəstəklənir və islam ölkələrində geniş yayılır. Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Ömər Sührəverdiyə “Kitabül-fütuvvət” adlı bir əsər yazdırır və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərir. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türkü böyük sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir.

Tədqiqatçılar əxiliyin Anadoluda təşkilatlanmasında «İran türkmənlərinin əli var» dedikdə məhz Evrəni nəzərdə tuturlar. Əxi Evrəndan sonra əxiliyin mərkəzinə çevrilən Kırşehirdə qüvvədə olan fütuvvətnamələr Azərbaycandan tutmuş Balkanlaradək yayıldı. Bu gün Əxi Evrənin məzarı da elə Kırşehirdədir. Tədqiqatçıların bir çoxu dabbaq Əxi Evrəni (1172- 1262) əxiliyin banisi kimi qeyd etsələr də, M.Heydərov bununla razılaşmayaraq yazır ki, hələ XI əsrdə Urmiyalı Əxi Fərəc Zəncani, qacarlardan olan Əmin əd-din Mahmud ibn Yusuf və başqaları əxi kimi məlum idilər.

XI əsr yazılı abidəsi olan «Qabusnamə»də gənc əxi cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil həsr olunmuşdu. XII əsrdə mütəfəkkir, «kəmala çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi. Mövlanə Cəlaləddin Rumi dövründə yaşamış, Konyadakı tanınmış əxi ordeni başçılarından olan Əhməd Ərdəbili də Azərbaycandan idi.

Əxi Evrənin ölümündən sonra onun yolunu tələbələri davam etdiriblər. Eyni zamanda Əxi Evrənin xanımı Fatimə Bacının yetişdirdiyi bacılar da əldə etdikləri əxilik mədəniyyətini bacıdan, bacıya nəql etdilər. Söyüd civarında – Bizans sərhəddində inkişaf etməyə başlayan Osmanlı bəyliyinə tabe olan və bir qismi ucqarlara yerləşdirilən əxilər özlərinin təkyə və zaviyələrini qurdular. Bir əxi şeyxi olan Şeyx Ədəbali qızını Osman bəyə verərək, aralarında qohumluq əlaqəsi yaratdı. Daha sonar bu Osman bəy türklərin tarixdə ən böyük imperiyanın Osmanlı İmperiyasının əsasını qoydu. Əxilərin Şah İsmayılın hakimiyyəti ələ almasında da mühüm rolu olub.

Əxilər bi çox hallarda təkcə əxlaq və sənətkarları öz ətrafında birləşdirən həmkarlar təşkilatı kimi fəaliyyət göstərmir, eyni zamanda hərəkat və üsyan təşkilatçıları kimi də çıxış edirdilər. XV əsrin birinci yarısında təbrizlilərin Teymuri hökmdarı Ömərə qarşı üsyanına Əxi Qəssab başçılıq edib. Səfəvi müridləri arasında əxilər də vardı. Onlara Əxi Şadi Xəbbazı, Əxi Düluzini, Əxi Hənifəni, Əxi Həsəni və başqalarını misal göstərmək olar. Tarixi Azərbaycan torpaqlarında geniş yayılan əxiliyin dini ictimai-siyasi mahiyyəti onun dövlətin bu və ya digər mühüm işlərində də önəmli rola malik olmasından xəbər verirdi. Sənətkar birlikləri Səlcuqlu dövlətinin və Osmanlı imperiyasının ilk dövrlərində də cəmiyyətdəki siyasi və ictimai yerləri ilə seçilmişlər. Belə ki, ara müharibələri, basqınlar, üsyan və iğtişaşlar zamanı əxilər şəhər idarəsini öz əllərinə alaraq şəhərin dağılmasına və qarət olunmasına imkan vermirdilər.

Şirvanda əxiliyin yayılması ilə bağlı Sara xanım Aşurbəyli özünün “Şirvanşahlar dövləti” adlı əsərində yazır: “Feodal zülmü və özbaşınalığına qarşı mübarizə aparan “əxi” təşkilatının Şirvan şəhərlərində, Bakıda, Abşeronda, Şamaxıda nümayəndələri var idi”. Sara xanım akademik B. Dornun fikrinə əsasən qeyd edir ki, Bakı qalasının cənub darvazasının h. 786 (1384)-cı ilin rəcəb ayında həkk olunmuş kitabəsində binanı tikmiş əxi ibn Ramazan əş-Şirvaninin adı çəkilir (200, 188). Həmin kitabəni əsaslı surətdə araşdıran Məşədixanım Nemətova hesab edir ki, bu, qala divarlarının kitabəsi yox, o dövrlər Bakıda olan hansısa bir zaviyənin kitabəsidir. Alim bildirir ki, uçmuş zaviyənin kitabəsi sonralar qala hasarlarının təmirində istifadə olunaraq qala divarına hörülmüşdür. Digər tərəfdən, bu kitabədə söhbət ancaq imarətin tikin-tisindən gedir, hər hansı qala divarlarının yox. Kitabə belədir: “Bu imarət 786-cı ildə (miladi təqribən 1367) mübarək rəcəb ayında Əxi Ramazan əş-Şirvani tikdirdi”. Əxiliyin Şirvanda, özəlliklə də Şamaxıda mövcud olmasını Xaqani (1120-1199) mahir dülgər olan atası Əli Naccara həsr etdiyi şeirində də göstərir. Burada o, ixvan deyərək atasının «qardaşlarının» (ixvan – ərəbcə «əxi» sözünün cəm şəkli) da adı çəkilir.

Abşerondakı Kürdəxanı kəndindəki zaviyənin kitabəsində deyilir: “Bu şərəfli zaviyənin əzəmətli şeyxlərinin nümunəvisi, vahid müdafiənin şiri Əxi Nurullah ibn Hacı Əbayilə üçün tikilməsini səkkiz yüz əlli ikinci ildə (h.852/1448-49) əmr etmişdir” .

Təbriz yaxınlığındakı Bilyanguhda yerləşən Əxi Sədinin qalası (1438-ci ildə Qaraqoyunlu hökmdarı İsgəndər oğlu Qubad tərəfindən bu qalada həbsə salınmışdı), Nardaran pirində dəfn edilmiş Mirzə Məhəmməd ibn Hacı Əxi Aşurun epitafiyası, Ermənistanda azərbaycanlıların yaşadığı Ələyəz kəndindəki Əxi Təvəkkülün zaviyəsi (XVI əsr), Gəncə şəhərindəki Comərd Qəssab türbəsi, Zəngəzurdakı Comərdli kəndi, Qubadakı “Comərd” adlı müqəddəs yerlərin olması da Cənubi Qafqazda əxi təşkilatının olmasını göstərir.

Elxanilər dövlətinin dağılma dövründə Təbriz şəhərində və Azərbaycanda Əxicuq (kiçik əxi) adlı şəxsiyyət bir neçə il hakimiyyəti öz əlində saxlamağa müvəffəq olmuşdur (757/1356-760/1359). Hətta Kalkaşandlısının verdiyi məlumata görə, o siyasi yazışmalarında tək Əxucuq, yaxud da əxi ləqəbindən istifadə edirdi. O çobanilərdən Məlik Əşrəfin tərəfdarı idi (203, 285).

Kəşifi Azərbaycanda əxi üzvlərinin şəcərəsini yazır: “Əxi Əli Mübarək Şirvani, Gəncədəki nəvəsi Qütbəddin Əxi, onun oğlu Əxi Tacəddin Əli və b”.

Təbii ki, hakim dairələrin nümayəndələri əxilərin gücündən istifadə etmək istəyir və edirdilər də. Bu da əxilər arasında bir çoxlarının vəzifələrə çəkilmələrinə və nəticədə təbəqələşmə ilə nəticələndi.

(Ardı BURADA)

Vüqar Zifəroğlu
AzVision.az üçün

Teqlər: