Cahillərin dünyası

Cahillərin dünyası
  17 İyun 2014    Oxunub:1640
Fatimə Kərimli

İnsanın dinə, Allaha inancı onun üçün böyük üstünlükdür. Çünki içində heç nəyə inam, ümid olmayan insan üçün yaşamaq o birilərlə müqayisədə çox-çox çətindir. Müqayisə edin: biri var hər dərdinizdə, probleminizdə sizi xilas edəcək fövqəltəbii qüvvəyə inanır, onun hər şeyi qaydasına qoyacağına ümid edirsiz. Biri də var ki, sizin heç kimə ümidiniz yoxdur. Nəsə dəyişəcəksə, bunu elə özünüz edəcəksiz.


Təkcə mənəvi rahatlıq yox, elə dünya, kainatla bağlı sonsuz sayda suala da cavab tapa bilməyəndə , o məlumatsızlığın verdiyi narahatlıq dinlə yox olur. Dünya necə yaranıb? Kainatda bizdən başqa neçə qalaktika, həyat olan neçə planet var? Kainatın ölçüsü nə qədərdir? İnsan necə yaranıb? Niyə bu qədər qəliz məxluquq? Və s. və i.a... bitib-tükənməyən suallar. Heç birinin də inandrıcı, dəqiq elmi cavabı yoxdur. Amma insan düşünən varlıq olduğuna görə (təbii ki, hamısı yox!) daim fikirləşir, sual verir və ən çox da “niyə?” sualına cavab axtarır. Bilmək istəyir və cavab tapa bilməyənə qədər dinclik tapmır. İnsan üçün yanlış da olsa, batil inanc da olsa, mütləq cavab lazımdır.

Məsələn, sən soruşursan ki, ruh nədir? Niyə var? Ümumiyyətlə, ruh deyilən şey varmı? İslam cavab verir: “Səndən soruşanlara de ki, biz sizə ruh haqqında çox az məlumat verdik”. Başqa sözlə desək, bütün sualların cavabı Allahdadır. O bilir, sən soruşma.

Axı mən bu sualların cavabını Allahın bilmədiyini iddia etmədim. Əgər dünyanı onun yaratdığını düşünürəmsə, deməli avtomatik olaraq bütün sualların cavabının onda olduğunu qəbul etmiş oluram. Mənə maraqlı olan odur ki, o cavabları mən də bilmək istəyirəm.

Din bütün suallara cavab kimi `Hər şey Allaha əyandır, o, hər şeyi bilir` deyir və bütün suallara “cavab” tapılmış olur. Dini, həmin inancı qəbul etmiş insan da təbii olaraq susur. Artıq hansısa cavablar axtarmaq Allaha qarşı çıxmaqla eyniləşdirilməyə başlayır.

Ən əsası da, qəribə paradoks yaranır. Allah öz bəndəsini içində öyrənmə istəyi, suallar axtarışı ilə yaradıb. Düşünmək, cavablar axtarmaq, sirrli olan hər şeyi çözməyə çalışmaq insanın xislətində var, amma o, bəndələrinə belə cavab göndərir ki, hər şeyi Allah bilir. Yaxud da Allahın adından tənbəl bəndələr bu cavabı uydurub. Saatlarla, günlərlə, aylarla, hətta illərlə işləyib hansısa elmi suala cavab axtarmaq asandır, yoxsa Allah hər şeyi bilir deyib oturmaq? Təbii ki, ikinci...

Burada bir amil də peyda olur. Bəlkə də Allah inancı elmi irəliləyişə mane olur. Hansısa keşiş, ya da molla `insan necə yaranıb` deyə düşünən kimi ağlına Adəm və Həvva gəlirsə, o, necə fərqli nəzəriyyə, fərqli versiya irəli sürə bilər? Bütün sualların cavabı dini əfsanələr və Allah inancı olduğuna görə, onda həmişə eyni fərziyyələr, eyni ehtimallar dövr edir. Bütün fərziyyələri bir kənara qoyub, sıfırdan başqalamaq insana dəhşətli görünür və elə bilir ki, bununla Allaha qarşı çıxmış olar. Nəticədə ya zəiflik, ya da tənbəllik adamı hazır cavablarla kifayətlənməyə vadar edir.

Bəlkə də bütün insanlar öyrənmə həvəsi, kamil olmaq istəyi ilə yaransaydı, onda hətta dinlər də olmazdı. Çünki insan dinə də, Allaha da tənbəllik, zəiflik, cavabsız suallar ucbatından ehtiyac duyur. Məsələn, ibtidai icma quruluşunda yaşayan insan bilmirdi ki, yağış necə olur yağır, ildırım necə yaranır, zəlzələ, vulkan və s. təbiət hadisələri necə baş verir, amma səbəbi və ondan qorunmaq yolları ona maraqlı idi. Elmi cavab tapacaq qədər savadlı olmayan insan ancaq müxtəlif allahlar yarada bilərdi ki, həm cavab tapıb rahat olsun, həm də müxtəlif ayinlər, qurbanlar, dualarla bütün təhlükələrdən qorunsun. Çünki insanlar bəlkə də, özləri fərqində olmadan inamın gücünü kəşf etmişdilər. Psixoloqlar da təsdiqləyir ki, xəstə insanın güclü inamla içdiyi bir stəkan su belə onu sağalda bilər. İnsanlar ildırımın səbəbini öyrənəcək qədər elmli olanda hamı başa düşdü ki, hər şey necə baş verir. Dünyanın Aydan çəkilən görüntsünü görəndə bildilər ki, zəlzələni dünyanı buynuzunda daşıyan öküz törətmir.

Əgər adamlar alma ağacında almanın yetişmə prosesini görmədən, qəfildən yetişmiş alma ilə rastlaşsaydılar, onu da mütləq fövqəltəbii qüvvə ilə izah edərdilər.

Adi, gündəlik batil inanclar da cavabsızlıqdan yaranıb. Hansısa iş üçün səhər evdən çıxırsan, gedib çatırsan, danışırsan və istədiyin kimi alınmır. Səbəb? Niyə belə oldu axı? Birdən yadına düşür ki, səhər qabağından qara pişik keçmişdi, yüz faiz o sənə uğursuzluq gətirdi. Bəlkə də səbəb ya bizim özümüzün, ya da qarşımızıdakının hansısa səhvi, qüsurudu. Amma səbəbi həm özümüzdən uzaqlaşdırmaq, həm də “niyə?”mizə cavab tapmaq üçün pişiyi seçirik. Mənim bir az loru dildə çəkdiyim misalı Ziqmund Freyd “Totem və Tabu” əsərində elmi şəkildə izah edir.

Bir sözlə, hər şeyin kökü insanın cahilliyindədir. İnsanın atomu parçalaya bilməyinə fikir verməyin, ümumi mənada hələ də hamımız cahilik. Yaşadığımız yer haqqında az qala heç nə bilmirik. Çünki hələ təməl suallara, əsas “Niyə?”lərə cavab tapmamışıq. Nə qədər şablonlaşdırsaq da, hamımıza bu sual maraqlıdır: “İnsan niyə yaranıb axı?” Cavab? Yoxdur...

Ona görə də, dindar olan insanlar olmayanlardan daha xoşbəxt olurlar, daha doğrusu, mənəvi rahatlıqları daha çox olur. Bu, çox normaldır ki, insan istədiyi dinə inansın, həmin dinin qaydaları ilə yaşasın. İstəyirsə, İslamın şəriətinə uyğun yaşayar, istəmirsə, dinin dəyişib xristian olar, ya da ümumiyyətlə heç bir dini qəbul etməz. Bunun heç kimə dəxli yoxdur. Eyni zamanda, heç kimin də ixtiyarı yoxdur ki, öz şəxsi inancını, düşüncə tərzini başqalarına onların fikrini soruşmadan zorla qəbul etdirsin. Heç kim öz işi ilə, özü ilə məşğul olmur deyə, dünya bu haldadır. Hamı istəyir ki, öz ideologiyasını, dini inancını, dünyaya baxışını zorla başqalarına qəbul etdirsin. Heç biri də düşünmür ki, başqasının inancına, düşüncə tərzinə mən niyə qərar verməliyəm? Hansı haqla, hansı əsasla?

Və yenidən cahillik dərdinə qayıtmış oluruq. Cahillik deyəndə insanın dindar olmağını yox, başqalarını olduğu kimi qəbul edə bilməməyi nəzərdə tuturam.

Təkcə kainatın sirri yox, bütün problemlərin həlli kamillikdə, insanın hər gün dayanmadan özünü təkmilləşdirməyə çalışmağındadır. Əgər insan yaşadığı dünyanın, aid olduğu qalaktikanın, kainatın bütün sirrindən agah olsa, onda onu heç nə ilə qorxutmaq olmayacaq. Onda o özü hər şeyi başa düşəcək ki, vicdanlı, təmiz isnan olmaq üçün cəhhənəm qorxusuna, cənnət arzusuna ehtiyac yoxdur.

Amma bu cavabları tapandan sonra insan artıq hər şeyi bilməyin boşluğuna necə dözəcək, onda nə edəcək - bunu bilmirəm.

Dairənin içindəyik: hərlənib-fırlanıb, eyni nöqtəyə, eyni suallara gəlib çıxırıq. Həqiqət olan, düzgün olan, insan üçün yaxşı olan hansıdır?


Teqlər:





Xəbər lenti