Mirşahin, Aqşin və ölüm

Mirşahin, Aqşin və ölüm
  16 İyun 2014    Oxunub:1741
Vüsal Məmmədov

Mirşahin nədən yazsa da, nədən danışsa da, kimdən müsahibə götürsə də, gördüyü işin bir nömrəli qəhrəmanı həmişə özü olur. Fərqi yoxdur, Obamanın İraqla bağlı bəyanatını şərh edir, yoxsa Ukraynadakı hadisələri, yoxsa Vaqif Səmədoğlundan, ya Aqşindən müsahibə götürür – bütün hallarda tamaşaçıya Mirşahin dühası nümayiş olunmalıdır ki, gör, cəddinə qurbanolduğum nələr xırdalayır!..


Əvvəllər, jurnalistikaya təzə başladığım vaxtlarda Mirşahinin banisi və ən parlaq təmsilçisi olduğu `eqopublisistika` janrı mənə də xoş gəlirdi, amma bir gün bu `sofistika`dan daha doyduğumu hiss elədim; anladım ki, `Bizim qanımız qaradır, Kofi Annanın da dərisi` tipli siyasi analitika daha mənə maraqlı gəlmir. Bir də, nə gizlədim, efirdə danışan adamın özünü tamaşaçıdan ağıllı sayması, eşitdiyin hər cümlənin altında `Mən sizdən istedadlıyam, ona görə də sizə dərs keçirəm` mesajının gizlənməsi xoş deyil. Sizi bilmirəm, şəxsən mən efirdə mentor yox, özündən başqa mövzuları da qabardan jurnalist görmək istəyirəm.

Məqsədim Mirşahini və onun `eqopublisistika` janrını incələmək deyil. Bu, ayrı, həm də çox uzun söhbətdir. Elə Mirşahinin Aqşinlə söhbətində toxunduğu ölüm mövzusu kimi. Cəddinə qurbanolduğum buyurdu ki, `...Allaha inanmaq lazımdır, inanmayanda yaşamaq da, ölmək də çətin olur... Aqşinin ölümdən qorxduğunu və necə qorxduğunu öz gözlərimlə gördüm`. Halbuki, müsahibədə Aqşin ölümdən qorxmadığını deyir!

Mən Mirşahinə o zaman böyük jurnalist deyərdim ki, seyidliyinə salıb, Aqşinin xəstəliyindən dinin gizli təbliğatı məqsədilə istifadə etməsin. Əksinə, ölümün astanasında ola-ola ölümdən qorxmadığını mərd-mərdanə deyən Aqşinin keçirdiyi kövrək halları izah etməyə çalışsın. O Aqşinin ki, indiki halı `ölümü hiss edəndə bütün ateistlər dindar olur` deyənlərin üzünə şax bir şillədir. O Aqşinin ki, həmişə şeirlərində Allahla, ölümlə məzələnib və indi – ölümün nəfəsini sifətində hiss edəndə belə, nədənsə qorxub sözünü geri götürmür. Çünki şüuru və ruhu o qədər azaddır ki, hətta ölüm fikrinin ağırlığı belə onu torpağa endirə bilmir. O torpağa ki, çoxları ora gömüləndən sonra ruhu göyə ucalacaq, Aqşinin isə buna ehtiyacı yoxdur – onun ruhu həmişə göylərdə olub, sadəcə, o göyün özü sizin düşündüyünüz kimi deyil.

Ölüm – ağır mövzu deyil, ölüm – məhz kövrək mövzudur. Aqşinin o məqamda dediyi `Can şirin şeydir` sözünün üstündə böyük bir fəlsəfə qurmaq olardı. Çünki can əslində şirin şey deyil və bunu hamıdan yaxşı Aqşin bilir. Canlı ona görə yaşamaq istəyir və bunun üçün çırpınır ki, bizim yaşamaq instinktlərimiz var. Bu, ruhdan, mənəviyyatdan-filandan aşağıda olan heyvani səviyyədir. Ölümü hiss edəndə biz instinktlərin hakimiyyəti altına keçirik. Bu, o demək deyil ki, sən ölümdən qorxursan və ya həyatdan dördəlli yapışırsan - yox. Sadəcə, sənin şüurun bədənini idarə eləmir.

Ölümdən sonra nəyin olması, bizi nəyin gözləməsi isə sırf bir spekulyasiya mövzusudur. Bunu heç kim bilmir. Və mən əminəm ki, Vaqif Səmədoğlu qıl körpünün üzərindən əsa ilə necə keçəcəyini deyəndə sadəcə, ironiya edirmiş. Biz, görünür, həm də Hollivud filmlərinin təsirilə ruhu şəxsiyyətin bir kopyası hesab edirik – bizim kimi paltar geyinib (çılpaq ruh gördüyünü deyən adama rast gəlməmişəm), bizim kimi düşünür, danışır... Fərq odur ki, divardan keçə bilir. Halbuki, müasir ezoteriklər çoxdan bu mərhələni adlayıblar və ruhu `enerji-informasiya strukturu` kimi qəbul edirlər. Əlbəttə, ortada eksperimental yolla təsdiqlənə bilən hansısa elmi dəlillər olmayınca bütün bunlar mübahisəli qalacaq. Amma mən özüm də Aqşin kimi inanıram ki, insanın şəxsiyyəti bu həyatı ilə bitir. Yəni ölümdən sonra daha heç bir dünyada şair Aqşin və ya jurnalist Vüsal olmayacaq. Ruh isə əgər varsa belə, mənim şəxsiyyətimin virtual davamı deyil, dərk edə bilmədiyim enerji növüdür.

İnsan öz yoxluğunu təsəvvür edə bilmir. Bu, apriori mümkün deyil: Çünki nəyisə təsəvvür edirsənsə, demək, varsan ki, edirsən. Sən əgər yoxsansa, deməli, təsəvvür edən subyekt yoxdur, o halda təsəvvür də yoxdur. Ona görə də, yoxluq – təsəvvür edilə bilən bir şey deyil. İnsan öz ölümündən sonra dünyanı ancaq belə təsəvvür edə bilər ki, `Mən varam, amma başqaları məni görmürlər, mən isə hər şeyə baxıram`. Ənənəvi gəzib-dolaşan ruh anlayışı bu psixoloji tələdən yaranıb.

İnsanı incidən öz yoxluğu deyil, bütün bu həyatın onsuz davam edəcəyini düşünməkdir. İstəyirsən dindar ol, istəyirsən ateist - fərqi yoxdur, bu hiss hamıda var. Sadəcə, dindarın təsəllisi daha çoxdur. Amma kimlərəsə də - məsələn, Aqşinə,- bu illüzor təsəlli lazım deyil.

Məsələyə bu tərəflərdən yanaşamaq lazım idi və belə daha doğru olardı. Amma belə çıxdı ki, `ən istedadlı gənc şair`, ancaq ateist olan Aqşin ölümdən qorxmasa da, qorxur, müdrik Mir-Şahin isə bunun `səbəbini` açıb göstərir.

Yaxşı, bunları haradasa bağışlamaq da olardı. Amma bütün bunlardan sonra, daha doğrusu, əvvəl Mirşahinin Aqşinə `dostum` deməsini bağışlamaq mənim üçün daha çətindir.


Teqlər:  





Xəbər lenti