2024-cü ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

   2024-cü ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək
  31 Oktyabr 2023    Oxunub:1673
Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək.
Bu barədə AzVision.az -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin 1-ci Günəş tutulması aprelin 8-də qeydə alınacaq. Bu tutulma tam Günəş tutulması olacaq. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42:07-də başlayacaq və 9 aprel saat 00:52:14-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək. Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın demək olar ki, hər yerində, Atlantik və Sakit okeandan görünəcək. Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğuna görə müşahidə olunmayacaq.

2024-cü ilin 2-ci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır. Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək. Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə mərkəzi tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma həlqəvari Günəş tutulması adlanır. Həlqəvari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

2024-cü ilin 1-ci Ay tutulması martın 25-də olacaq. Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 08:53:11-da başlayıb, saat 13:32:18-də sona çatacaq. Tutulmanın maksimumu saat 11:13:59-da olacaq. Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünəcək. Tutulma Azərbaycandan müşahidə olunmayacaq, çünki Ay həmin vaxt üfüqün altında olacaq. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Bu, qismən Ay tutulmasıdır. Qismən Ay tutulması Bakı vaxtı ilə saat saat 04:41:02-də başlayıb, saat 08:47:18-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44:10-da baş verəcək. Saat 06:12:48-də qismən tutulma başlayacaq və saat 07:15:35-də sona çatacaq. Saat 04:41:02-da yarımkölgəli tutulma başlayacaq və saat 08:47:18-də sona çatacaq. 2024-cü ilin 2-ci qismən Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq. Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti