Məlum “sirlər”: Ukrayna kəşfiyyatı Amerika kəşfiyyatının “kiçik övladı”dır

      Məlum “sirlər”: Ukrayna kəşfiyyatı Amerika kəşfiyyatının “kiçik övladı”dır
  24 Oktyabr 2023    Oxunub:4349
Amerikanın məşhur “The Washington Post” qəzetində dərc edilən materialda Ukraynanın xüsusi xidmət orqanlarının öz uğurlarına görə ABŞ-nin Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) ilə sıx əməkdaşlığa borclu olduğu vurğulanır. Bu iddia Ukrayanada, ABŞ-da və digər Qərb ölkələrindəki kəşfiyyat xidmətlərində 20-dən çox mənbədən alınan məlumatlara əsaslanır.
AzVision.az “The Vaşinqton Post” qəzetində dərc olunan materiala istinadən xəbər verir ki, Ukrayna dronlarının Krım körpüsünə hücumu MKİ-nin işirakı ilə hazırlanıb. “Ukraynanın Təhlükəsizlik xidməti (UTX) doqquz aydan (2022-ci ildəki ilk zərbədən – red. ) sonra MKİ və Qərbdəki kəşfiyyat xidmətlərinin iştirakı ilə gizli əməliyyat çərçivəsində hazırlanmış dəniz pilotsuz təyyarələrindən istifadə etməklə, körpüyə ikinci zərbəni endirib.


Məqalədə ukraynalıların 2014-cü il hadisələrindən sonra təxminən on ildir ki, ABŞ-la əməkdaşlıq etdikləri qeyd olunur. Bu müddət ərzində MKİ ukraynalı həmkarlarına milyonlarla dollar xərcləyib. Əməliyyatçılar həm Ukraynada, həm də ABŞ-da hazırlanırlar. Kəşfiyyat xidmətləri isə əvvəllər təsəvvürə gətirilməsi çətin olan həcmlərdə məlumatlar və ən son avadanlıqla təmin edilir. MKİ hətta Ukrayna kəşfiyyat xidmətləri üçün ofislər tikdirib. Amerika agentləri Kiyevdə qalmaqda davam edirlər.

“The Washington Post” yazır ki, MKİ-nin Ukrayna təhlükəsizlik xidmətinin işinə qarışmasının miqyası əvvəllər açıqlanmırdı. ABŞ kəşfiyyatının təmsilçiləri Ukraynanın güc tətbiq etdiyi əməliyyatlarla heç bir əlaqələrinin olmadığını və işlərinin yalnız kəşfiyyat məlumatlarının toplanmasına yönəldiyini iddia edirdilər.

MKİ-nin Ukrayna ilə əməkdaşlığı ayrıca departamentin yaradılması ilə başlayıb. Çünki amerikalılar SSRİ DTK-nin varisi olan Ukrayna kəşfiyyat xidmətlərində rus casuslarının yuva salmasından ehtiyatlanırdılar. “UTX-nin artıq mövcud olan dörd bölməsindən fərqləndirmək üçün yeni bölmə, sadəcə, "Beşinci idarə" adlandırıldı”, - materialda deylir.
Cəlb olunan kadrların hazırlıq keçməsi üçün Kiyev ətrafında təlim meydançaları yaradıldı. Bu işlərdə iştirak etmiş ukraynalı məmurun söylədiyinə görə, həyata keçirilən planın məqsədi “gizli qruplar şəklində cəbhə xəttinin arxasında fəaliyyət göstərə bilən” bölmələrin formalaşdırılmaq idi.

Amerikalılar təhlükəsiz rabitə avadanlığı, dinləmə cihazları, hətta maskalanma əşyaları və uniformalar təqdim ediblər. İlk missiyalar məlumat verənlərin cəlb olunmasına, kiber və elektron casusluq tədbirlərinə yönəldilib. UTX həmçinin Donbass və Luqansk “xalq respublika”larının (“DXR” və “LXR”) hərbi rəhbərlərinin ələ keçirilməsi yönündə təxribat əməliyyatları reallaşdırmağa başlayıb.

ABŞ-nin balaca balası: Ukraynanın Baş Kəşfiyyat İdarəsi (BKİ)

MKİ eyni zamanda daha iddialı layihənin—Ukraynanın Baş Kəşfiyyat idarəsinin (BKİ) islahatına başlayıb. “Biz hesabladıq ki, burada daha böyük təsir göstərə bilməyimiz üçün BKİ miqyasca daha kiçik və daha çevik bir təşkilatdır. UTX bizim balaca uşağımızdır. Biz onları bütün yeni avadanlıqlarla təchiz etdik və onlara təlim keçdik”,- ABŞ kəşfiyyatının Ukraynada işləmiş keçmiş əməkdaşı qəzetə danışıb.

Onun sözlərinə görə, BKİ-nin əməkdaşları sovet dövrünün generalları yox, cavan oğlanlar idi. BKİ-nin əməliyyatçıları düşmən xəttinin arxasında gizli manevrlərdən tutmuş, partlayıcı qurğuların yerləşdirilməsinə qədər müxtəlif bacarıqlar üzrə təlimlər keçiblər. MKİ ən müasir müşahidə və elektron casusluq sistemlərini əldə etmək üçün BKİ-yə yardım göstərib. Buraya Ukraynanın şərqində Rusiyanın nəzarət etdiyi sərhədlər boyunca yerləşdirilə bilən mobil avadanlıqlar, eləcə də telefonların dinlənilməsi üçün istifadə olunan proqram təminatı daxildir.
- Biz bir gün ərzində Rusiya hərbçilərindən və Rusiyanın Federal Təhlükəsizlik xidmətinin (FTX) bölmələrindən 250 mindən 300 minə qədər mesaj ələ keçirə bildik. Orada o qədər məlumat var idi ki, onu özümüz idarə edə bilmədik”,- BKİ-nin yüksək vəzifəli əməkdaşı etiraf edib.

Ukraynanın xüsusi xidmət orqanları məlumatları Vaşinqtona ötürürdülər ki, onlar da burada MKİ və Milli Təhlükəsizlik agentliyinin (MTA) analitikləri tərəfindən diqqətlə öyrənilirdi. Məhz MKİ Ukraynanın BKİ-si üçün yeni binaların tikintisinin pulunu ödəyib. Həmin binalarda xüsusi təyinatlılar və elektron casusluğa cavabdeh olan şöbə yerləşirdi. MKİ-nin sərmayəsinin miqyası ilə bağlı suala ukraynalı səlahiyyətlilərdən biri “Bu, milyonlarla dollar idi” cavabını verib.

MKİ bəzi əməliyyatların əleyhinə olub?

Materialda o da qeyd edilir ki, Ukraynanın hərbi əməliyyatlarla əlaqəsi olmayan insanların öldürüldüyü əməliyyatlar keçirməyə meylli olması MKİ ilə əməkdaşlığı çətinləşdirib. MKİ-nin əməkdaşları bəzi əməliyyatlara (o cümlədən, Krım körpüsünə hücumlara) etirazlarını bildiriblər, lakin onlara dəstək verməkdən imtina etməyiblər.
- Əgər Ukraynanın əməliyyatları daha da cəsarətli olarsa, məsələn, ruslar üçüncü ölkələrdə hücuma məruz qalarsa, bu, tərəfdaşlarla fikir ixtilafı və Ukraynanın daha geniş strateji hədəfləri ilə ciddi ziddiyyət yarada bilər”,- qəzetin həmsöhbətlərindən biri açıqlayıb.

Zelenskinin xəbəri var

“The Washington Post”un dərc etdiyi materialdan belə aydın olur ki, böyük əks-səda doğurmuş çoxlu qətllərin - jurnalist Darya Duqina, bloger Vladlen Tatarski, “Somali” batalyonunun komandiri Mixail Tolstıx (Givi), “Krasnodar” və “Alrosa” sualtı qayıqlarının keçmiş komandiri, Krasnodarın səfərbərlik işləri şöbəsinin rəis müavini Stanislav Rjitski, - arxasında Ukraynanın xüsusi xidmət orqanları dayanır.

Məsələn, jurnalist Darya Duqinanın avtomobilinin partladılması Ukrayna vətəndaşı Natalya Vovkun avtomobilində olan pişik daşıyıcısının gizli kupesində Rusiya ərazisinə gətirilən bombadan istifadə edilməklə həyata keçirilib. Vovk Rusiya ərazisinə daxil olarkən, sərhədçilər onun sınıq-salxaq avtomobilinə lazımi əhəmiyyət verməyiblər. Çoxlarının da ehtimal etdiyi kimi, BKİ-nin bu əməliyyatda hədəfi Daryanın atası, filosof Aleksandr Duqin olub. Onun qızı ilə eyni maşında getməsi gözlənilirdi.


Həmin qətldən dərhal sonra rəsmi Kiyev Ukraynanın xüsusi xidmət orqanlarının partlayışda iştirakını inkar edib. Lakin “The Washington Post”a müsahibə verən mənbələr bu təkziblərin yalan olduğunu bildirib.

“Givi” ləqəbi ilə tanınan, Donetskdəki “Somali” batalyonunun komandiri Mixail Tolstıxın qətlində UTX-nin casusu olan bir qız iştirak etdi. O, Givinin iş otağına bomba qoyub (yeri gəlmişkən, bu barədə əvvəllər açqılama verilmişdi).

“The Washington Post” qəzetinə müsahibədə təhlükəsizlik xidmətlərinin təmsilçiləri onu da bildirblər ki, UTX-nin və ya BKİ-nin böyük miqyaslı əməliyyatları razılıq—səssiz razılıq vəya digər şəkildə—olmadan, yəni Ukrayna prezidenti Volodomir Zelenskinin razılığı alınmadan, həyata keçirilmir.

Əslində, müxtəlif ölkələrin, ilk növbədə isə, ABŞ-nin və Ukraynanın xüsusi xidmət orqanlarındakı mənbələrin “The Washington Post” qəzetinə müsahibədə açqıladıqları məlumatlarda təəccüblü heç nə yoxdur. Başqa sözlə desək, yeni Amerika açmayan xüsusi xidmət orqanlarının əməkdaşları, sadəcə, demək olar ki, hamının ən azı ehtimal etdiyi “sirləri” səsləndiriblər. Həmin materialda sadalanan qətllərin və əməliyyatların daha peşəkar, daha böyük imkanlara və gücə malik kəşfiyyatların dəstəyi olmadan Ukraynanın xüsusi xidmət orqanlarının həyata keçirdiyiniə inanmaq həqiqətən də hədsiz sadəlövhlük olardı. Bu “sirlərin” indi “The Washington Post”da dərc edilməsinin də, sadəcə, peşəkar və obyektiv jurnalist araşdırmasının nəticəsi kimi qiymətləndirməyin özü də, o cümlədən.

Belədə, maraqlı sual yaranır. Bəzi məlumatlarta görə, bir neçə dəfə “feyk” xəbərlər yaymaqda suçlandırılan “The Washington Post”un kəşfiyyatçıların belə “etiraf”larını dərc etməsinin, xüsusən də şəhadət barmağının məhz Ukrayna prezidenti Volodimir Zelenskiyə tuşlanmasının arxasında kimlərin hansı maraqları dayanır?

Yaxın Şərqdə alovlanmış yeni müharibə fonunda dünyada Ukrayna probleminin bir növ ikinci plana keçməsi, habelə bəzi Qərb ölkələrində bu münaqişənin artıq “köhnəlməsi”, ən əsası isə ABŞ-da Ukraynaya 24 milyard dollarlıq hərbi yardımın ayrılması məsələsinin mükülə düşməsi bir sıra incə mətləblərdən xəbər verir.

İstisna deyil ki, “öz aramızda qalsın, hamı bilsin” taktikasını seçən ABŞ “The Washington Post”da dərc olunan materialla Volodimir Zelenskiyə Qərbə qarşı öz iddialarını və sərt bəyanatlarını cilovlaması barədə mesaj ünvanlayır. Əks halda, lazım gələrsə, onu hərbi əməliyyatlara heç bir aidiyyəti olmayan şəxslərə qarşı törədilən qətllərə “xeyir-dua” verməkdə ittiham etmək mexanizmi işə salına bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti