İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol Türkiyə Prezidenti tərəfindən imzalanıb.
İsveç 70 terrorçunun yalnız 4-nü Türkiyəyə təhvil verib |
Artıq İsveçdən məsələyə müsbət reaksiya gəlib.
“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və sənədi Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq. Biz NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - İsveçin baş naziri Ulf Kristersson "X" sosial şəbəkəsində yazıb.
Welcome that President Erdoğan signed Sweden’s ratification protocol to NATO and submitted it to the Grand National Assembly of Türkiye. Parliamentary procedures will now commence. We are looking forward to becoming a member of NATO.
— SwedishPM (@SwedishPM) October 23, 2023
Ərdoğanın İsveçin NATO-ya üzv olmasına yaşıl işıq yandırması bir sıra suallar yaradır. Niyə Türkiyə lideri buna indi icazə verdi?
Ankara Finlandiyadan fərqli olaraq İsveçin üzvlük istəyinə etiraz edirdi. Türkiyə bu ölkədə gizlənən radikal müxalifətçilərin və PKK terrorçularının ekstradisiyasını tələb edirdi. Bundan başqa, 2019-cu ildə Türkiyəyə silah ixracına qoyulan qadağanın aradan qaldırılması, Quranın yandırılması ilə bağlı anormal aksiyalara dair sərt qərarların çıxarılması da Ərdoğanın tələbləri arasında idi.
“İsveçlə xüsusi münasibətlərimiz yoxdur. Lakin Stokholm terrorçulara qollarını açıb. Stokholm küçələrində PKK və başqaları nümayişlər keçirirlər. İsveçə 120-yə yaxın terrorçunun siyahısını təqdim etdik və dedik ki, onları bizə təhvil verin. İsveçin baş naziri yaxşı insandır, amma terrorçular bizə təhvil verilməyib”, - Rəcəb Tayyib Ərdoğan ilin əvəlində qarşı tərəfə iradını bildirmişdi.
Maraqlıdır ki, bu iki ölkə arasında yaranmış ciddi fikir ayrılıqlarını necə aradan qaldırdıqları hələlik məlum deyil. İsveç tərəfindən siyasi xadimlərin (müxalifətçi-red.) və ya terrorçuların kütləvi şəkildə ekstradisiyasına dair də heç bir məlumat yoxdur. Bundan başqa, "Sveriges Radio" Stokholmda Quranın yandırılması ilə bağlı yeni aksiyanın planlaşdırılması barədə məlumat yayıb. Ötən ay isə PKK-çılar İsveç parlamentinin qarşısında Rəcəb Tayyib Ərdoğanın müqəvvasını yandırdılar.
Məlum sənədin parlamentə göndərilməsi Rusiyada birmənalı qarşılanmayıb. Yerli media yazır ki , ortada hansısa gizli razılaşma var.
Məsələn, Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov “İzvestiya”ya müsahibəsində qeyd edib ki, “Zənnimcə, bu, Ərdoğanın ABŞ və ümumilikdə Qərblə əldə etdiyi sövdələşmənin bir hissəsidir. Düşünürəm ki, əksər ekspertlər məsələnin bununla bitəcəyini güman edirdilər. Yeganə intriqa Ərdoğanın bunun müqabilində nə əldə etməsidir”.
Məsələni şərh edən Politoloq Qabil Hüseynli Ərdoğanın bu addımını Avropa Birliyi ilə münasibətlərdə yaranan yeni dönəmlə əlaqələndirib.
O, Avropa Birliyinin bir neçə il öncə Türkiyə ilə danışıqlara başlamasına dair bəyanatını xatırladıb. Bu danışıqlarda Ankaranın birliyə qəbulu üçün yol xəritəsinin müəyyənləşəcəyi söz verilmişdi.
- Birincisi, belə görünür ki, Türkiyənin Avropa Birliyinə qəbul edilməsi yolunda subyektiv xarakterli, siyasi niyyətli maneələr artıq aradan götürülüb. Ərdoğanın bu qərarı Türkiyə ilə Avropa Birliyi arasında olan soyuq münasibətlərdə yeni bir səhifə aça bilər.
İkinci məqam isə, Türkiyə yerləşdiyi bölgənin super gücü kimi Avropa Birliyi ilə əlaqələrin inkişaf etdirilməsinin ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu çox yaxşı bilir. Üstəlik, son zamanlar həm Avropa, həm də NATO-nun əsas dayağı sayılan ABŞ mətbuatında xüsusi tezislər ön plana çəkilir ki, bu da diqqətdən qaçmamlıdır. Məqalələrin ana xətti budur ki, Türkiyənin öndərliyi ilə Azərbaycan və Orta Asiya ölkələrinin alyansa, Avropa Birliyinə inteqrasiya xəttinin təmin edilməsi Vaşinqtonla Brüsselin strateji niyyətlərinə cavab verən proseslərdir. Bu, gələcəkdə Rusiya ilə Çin arasında Avropa Birliyinin maraqlarına xidmət edəcək yeni bir xəttin yaradılması demək olacaq, - o qeyd edib.
Ekspertin fikrincə Türkiyə liderinin İsveçə indi “hə” deməsi türklərin Avropa Birliyi ilə əlaqələrin bundan sonra möhkəmləndirmək xəttini həyata keçirəcəyini göstərir. Çünki ölkənin iqtisadi inkişafında, eləcə də digər sosial-iqtisadi problemlərin həllində bu birliklə əlaqələrin genişləndirilməsi mühüm rol oynaya bilər: "Ərdoğanın jesti Ankaranın bir sıra mühüm iqtisadi layihələrini inkişaf etdirmək üçün yaxşı perspektivlər aça bilər. Cənab Ərdoğan belə addım atmaqla çox düzgün qərar verdi. Ola bilsin ki, İsveç də səhnə arxasında bəzi PKK terrorçularını Türkiyəyə təhvil verməklə bağlı gedən danışıqlarda müəyyən ümumi razılaşma əldə edib".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə TBMM amilinə diqqət çəkib. O, Ərdoğanın vədini xatırladıb ki, bu da İsveçin zəruri addımlar atacağı təqdirdə, NATO-ya üzvlük məsələlərinin tez həll olunacağıdır.
- Amma Türkiyə lideri Avropaya onu da xəbərdar etmişdi ki, o bu məsələdə təkbaşına qərar verməyəcək. İsveç üçün yaşıl işığda Türkiyə Böyük Millət Məclisi də öz sözünü deməlidir. Yəni sənəd bu siyasi məkanda ilişib qala bilər. Sual yarana bilər ki, parlamentdə çoxluq Ərdoğanın partiyasını təmsil edirsə, o zaman hansı maneədən söhbət gedir? Ərdoğanın istəyi olsa, sənəd parlamentdə də ratifikasiya oluna bilər... Belə yerdə mühüm bir xatırlatma etmək yerinə düşər. 2000-ci illərin əvvəllərində də Ərdoğanın partiyası parlamentdə çoxluq təşkil edirdi. Vaşinqton həmin vaxt Ankaradan rica etmişdi ki, İraqa müdaxilə üçün Türkiyə ərazisindən icazə verilsin. Ərdoğan o zaman şifahi razılıq versə də, demişdi ki, bu qərarı parlament verməlidir. Türkiyə BMM-I isə məlum qərarın lehinə səs vermədi. Nəticədə, Amerika Türkiyə üzərindən İraqa müdaxilə edə bilməmişdi. İndi də sanki eyni siyasət yürüdülür. Çünki İsveçdən narazılıqlar hələ də qalmaqdadır. Stokholm verdiyi vədləri tam şəkildə yerinə yetirmir. Burada PKK elementləri var. Terrorçulara hələ də şəraitlər yaradılır, üstəgəl Quranın yandırılması prosesləri davamlı hal alır. Bu isə Türkiyədə ciddi qalmaqallara səbəb olur, - politoloq vurğulayıb.
Elxan Şahinoğlu Ərdoğanın seçiciləri arasında xeyli islami qüvvələrin olmasına da diqqət çəkib: "Əlbəttə Quranın yandırılmasına son qoyulması ilə bağlı tələblər ciddi tələblərdir. Bir məqamı da nəzərə alaq ki, Ərdoğan martda bələdiyyə seçkilərinə gedəcək. O, Ankara və İstanbulda mövqeyi müxalifətdən geri almaq istəyir. Məsələn, Ərdoğan niyə hazırda İsraili sərt şəkildə tənqid edir? Burada da siyasi məqsədlər var-o, seçiciləri itirmək istəmir. Ona görə də məlum mühüm və tarixi sənəd TBMM-ə qədər gəlib çıxsa da, hələ bu o anlama gəlməməlidir ki, daha İsveç üçün maneə qalmadı.
Parlamentin razılığına təminat yoxdur. TBMM-də də gözəl bilirlər ki, İsveç Türkiyənin tələb etdiyi addımları hələ də atmayıb. Finlandiya ilə niyə problem çıxmadı? Çünki finlər onlara yaşıl işıq yandırılandan sonra ölkədə İsveç qədər terrorçulara şərait yaratmadılar. Stokholmla bağlı vəziyyəti isə hələ də müəyyən mənada mürəkkəb sayıram".
Tural Tağıyev
AzVision.az