Səngimiş inflyasiya yenidən alovlana bilərmi? – TƏHLİL

   Səngimiş inflyasiya yenidən alovlana bilərmi? –    TƏHLİL
  19 Oktyabr 2023    Oxunub:2200
Statistika bahalaşma və inflyasiya proseslərinin nisbətən səngidiyini göstərsə də, bu, istehlak bazarında hiss olunmur. Hələ ki hansısa məhsul növü üzrə ucuzlaşma qeydə alınmır. Çünki səngimə çox da yüksək xarakter daşımır. Rəqəmlərə əsasən, bu ilin 8 ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 11,7%, o cümlədən, ərzaq məhsulları üzrə 13,4%, qeyri-ərzaq məhsulları üzrə 10,6% artıb.
Avqustda istehlak qiymətləri indeksi keçən ilin eyni ayına nisbətən 8% artdığı halda, əvvəlki aya, yəni iyula nisbətən 0,4 % azalıb. Yeri gəlmişkən, cari ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2% artmışdı. Bu ilin iyul ayında istehlak qiymətləri indeksi keçən ilin iyuluna nisbətən 9,4% çoxaldığı halda, əvvəlki aya, yəni iyuna nisbətən 0,7% azalmışdı.

Göründüyü kimi, rəqəmlər arasında fərqə diqqət yetirdikdə inflyasiyanın səngiməsinin ciddi xarakter daşımadığı üzə çıxır. Avqustda istehlak qiymətlərinin əvvəlki aya görə azalma tempi iyul ayının iyuna nisbətindəkindən 0,3% az təşkil edib. Demək, bahalaşma və inflyasiyadakı səngimə prosesi yavaşıyıb. Buna diqqət yetirmək olduqca vacibdir.

İyun ayında yazdığım məqaləmdə qeyd etmişdim ki, 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, ötən ilin mayına nisbətən isə 11,5% çox olub. Bu isə o demək idi ki, az qala iki il yarımdır ardıcıl davam edən bahalaşma və inflyasiya tendensiyası ilk dəfə olaraq mayda səngiyib. Bu, ötən ilin birinci rübünün uzağı ilk yarısının sonuna proqnoz olunsa da, baş verməmişdi. Sonradan cüzi də olsa, bu ilin mayında baş verdi.

Demək istədiyim budur ki, ölkəmizdə inflyasiyanın tempi maydan səngiməyə başlayıb. 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış 0,7% səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq zəifləməyə doğru istiqamət götürüb. Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox analoji tendensiyanın məhz qlobal miqyasda baş verməsi əsas yaratmışdı. İlin əvvəlində dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən, ərzaq malları ucuzlaşmışdı. Bizdə isə bu hal özünü mayda büruzə verdi. 2021-ci ilin əvvəlində başlayan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin bu ildən ucuzlaşacağı qabaqcadan proqnoz edilmişdi. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da.

Qlobal inflyasiyanın səngiməsi enerjidaşıyıcılarından asılıdır. Yəni, qlobal enerji bazarlarında qiymət sarıdan ajiotajın yatmasından. Əks təqdirdə, prosesin ölkəmizə təsir və təzyiqləri davam edəcək, inflyasiya idxalı səngiməyəcək. Daxili istehlak bazarımız idxal məhsullarından asılı olduğundan, bundan yaxa qurtarmaq çətindir. Cari ilin qalan dövrü ərzində də Azərbaycanda inflyasiyanın səviyyəsi qlobal bazarlardakı vəziyyətdən asılı olacaq. Enerjidaşıyıcılarının qiymətləri bir az da ucuzlaşarsa, qiymətlər düşəcək.

Məsələ bundadır ki, hazırda enerjidaşıyıcılarının qiymətləri yenidən qalxır. Bu isə o deməkdir ki, bahalaşma və inflyasiya tempi yenidən vüsət ala bilər. Bu da ölkəmizə təsir etməyə bilməz. Ona görə də hökumət əsas diqqəti ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. Əsas ərzaq məhsulları üzrə istehsal təhlükəsiz səviyyəyə çatdırılmalı və yaxud, idxal sahəsində vergi və rüsumlar sıfırlanmaqla bahalaşma cilovlanmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti