200 illik oyunun sonu

      200 illik oyunun sonu
  17 Oktyabr 2023    Oxunub:9142
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir gün ərazində 6 yaşayış məntəqəsində şanlı bayrağımızı qaldırdı. Azərbaycanın müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısı Xankəndi şəhərinə səfər etdi. Bununla da iki yüz il ərzində torpaqlarımızda bu və ya digər şəkildə fəaliyyət göstərən erməni separatizmi tamamilə məhv edildi.
Artıq Azərbaycan əraziləri demək olar ki, tamamilə erməni silahlılarından təmizlənib. Şəhidlərimizin qanı yerdə qalmadı. Ali Baş Komandan həm xalqımızın qisasını aldı, həm Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, həm də Azərbaycana “XXI əsrin qalib xalqı” titulunu qazandırdı.

Üçtərəfli birgə bəyannamənin 4-cü bəndinin rus kontingenti tərəfindən tam icra edilməməsi proseslərin bir qədər uzanmasına gətirib çıxarmışdı. Azərbaycan ağıllı davranaraq, müharibədən sonrakı dövrdə hərbi potensialını daha da artırdı. Həm şərti sərhəddə, həm də Qarabağın rus kontingentinin müvəqqəti məsuliyyət zonasında bir sıra mühüm strateji yüksəklikləri Ermənistan ordusunun qalqlarından azad etdi. Ərazimizə silah, sursat, hərbi texnika, mina və s. daşınması üçün istifadə olunan Laçın yolunu nəzarətə götürdü. Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılması Azərbaycanın ərazi bütölüyünün təmin etməsilə nəticələndi.

Azərbaycan dəfələrlə erməni silahlılarını ərazimizdən çıxmağa səsləsə də, onlar qulaqardına vurdular. Bu azmış kimi, Azərbaycan torpaqlarında Azərbaycana qarşı bəyanatlar səsləndirildi, ərazi bütövlüyümüz şübhə altına alındı, suverenliyimizə qarşı fəaliyyətlər həyata keçirildi. Güc strukturlarımıza və mülki vətəndaşlarımıza qarşı hərbi təxribatların ardı-arası kəsilmədi.

Bir sözlə, Qarabağdakı separatçı rejim vəziyyətin gərginliyini maksimuma çatdırmaq üçün əlindən gələni etdi. Təxribatlarının miqyası genişlənəndən sonra Azərbaycan cəmi bir gün ərzində erməni separatizmini, onların hərbi infrastrukturunu darmadağın etdi, erməni silahlılarını çox ciddi itkilərə məruz qoydu və nəticədə separatçı rejim təslim olaraq, özü-özünü buraxdı. Beləliklə Ermənistan ordusu, onun Qarabağdakı qalıqları son 45 ayda iki dəfə ağ bayraq qaldırdılar.

Azərbaycan separatçılarda mövcud olan silahları, texnikanı müsadirə etdi. Ölkənin qanunvericilyinə uyğun yaşamaq istəməyən ermənilər üçün yollar açıq saxlanıldı. Bizim qanunlarla yaşamaq istəməyənlər ərazilərimizi tərk etdi, qalmaq istəyənlər isə Azərbaycanda yaşamağa davam edirlər. Ölkədə qalan erməni əhali üçün normal şərait yaradılıb.

Qayıtmaq istəyənlər üçün rəsmi Bakının şərtləri kifayət qədər sadədir: Azərbaycan vətəndaşlığını qəbul etmək. Lakin qayıdanların sayının çox olacağını düşünmürəm, çünki Qarabağda yaşayan ermənilərin əksəriyyəti bu və ya digər şəkildə Azərbaycana qarşı cinayətlər işləyiblər. Ermənistan tərəfindən maliyyələşdirilən separatçı qurumun hərbi birləşmələrində xidmət ediblər. Bu gün Azərbaycanın istintaq təcridxanalarında ifadə verən separatçı rejim rəhbərlərinin acı aqibəti bu kateqoriyadan olanlar üçün ibrətdir.

Ədalət Verdiyev
Hərbi ekspert
AzVision.az üçün


Teqlər: Xankəndi  





Xəbər lenti