Mənasız missiya: Sülhməramlıları yola salmaq vaxtıdır – Ədalət Verdiyevin yazısı
Qərargahı Ağdərədə yerləşən "Şimal" taboru 14, qəragahı Xankəndidə yerləşən "Cənub" taboru isə 16 müşahidə məntəqəsində xidmət aparırdı. Hazırda "Şimal" zonasında yerləşən taborun 14 müşahidə məntəqəsindən azı 12-si artıq ləğv edilib. Bu taborun Xocavənd və Qarakənddə yerləşən məntəqələri barədə təsdiqlənmiş məlumat mövcud deyil, çünki Rusiya müdafiə nazirliyi ərazidəki fəaliyyətinə dair yeni xəritəni hələlik təqdim etməyib (3 il ərzində rusların xəritələrində Azərbaycan ərazilərinin adlarının təhrif olunması artıq vərdişə çevrilib).
Rus kontingentinin əsas vəzifəsi atəşkəsə nəzarət etməkdən ibarət idi. Qarabağda isə hazırda erməni silahlıları qalmayıb, atəş səsləri də eşidilmir.
Agdərədən geri çəkilən taborun məsuliyyət zonasının Xankəndi taborununkundan azı 2 dəfə böyük olduğunu nəzərə alsaq, bu gün rus kontingentin formal olaraq vəzifələrini icra etdiyi ərazinin təxminən 1000 kv.km-dən bir az artıq olduğunu deyə bilərik. “Formal” sözünü təsadüfən yazmadım, çünki hazırda Qarabağın bütün ərazilərində Azərbaycanın hüquq-mühafizə və güc strukturları fəaliyyətini bərpa edib. Rus kontingentinin Ağdərədən geri çəkilən taboru Xocalı və Xankəndi istiqamətində yerləşdirilib. Amma patrul və müşahidə xidmətinin aktuallığının azaldığı bir vaxtda şəxsi heyəti praktik olaraq bikardır. Bunu sülhməramlıların Xankəndindəki çorəkbişirmə sexindəki fəaliyyətinə aid videomaterial da sübut edir. Rusiya Ukraynaya göndərmək üçün çağırışçı qıtlığı yaşadığı bir vəziyyətdə Qarabağda rus əsgərlərin guya ermənilər üçün çörək bişirmələri və ya digər məişət xarakterli, qeyri-hərbi təyinatlı vəzifələr icra etmələri nə qədər məntiqlidir?
Rusiya müdafiə nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri çərçivəsində sülhməramlı kontingentin Qarabağdan konkret çıxma tarixləri müzakirə ediləcək. Əslində isə söhbət, yəqin ki, Rusiya kontingentinin Ermənistan ərazisinə köçürülməsindən gedir. Çünki Kremlin Azərbaycan ərazisi ilə bağlı qərarı İrəvanda müzakirə etməsi mənasız olardı.
Belə çıxır ki, Rusiyanın Müdafiə Nazirliyi Qarabağda xidmət edən heyəti Ukrayna müharibəsindən qorumaq üçün əlindən gələni edir. Güman ki, Qarabağda xidmət edən "tapşırılmış” və ya "isti yerin haqqını ödəmiş” şəxsi heyəti Ukraynaya göndərməmək üçün Ermənistandakı 102-ci bazanın ərazisində yerləşdirəcəklər.
Hazırda sülhməramlıların Qarabağda mövcudluğuna həqiqətən heç bir ehtiyac yoxdur. RSK-nın əsas vəzifəsi Ermənistan ordusunun Qarabağdakı qalıqları ilə Azərbaycan arasında atəşkəsə riayət olunmasına nəzarət etməkdən ibarət idi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini artıq tam bərpa edib. Bizim vətəndaş kimi qalmaq istəyən yerli erməni əhalinin reinteqrasiya prosesi davam edir, gedənlərdən kim istəyərsə, vətəndaşımız olmaq şərtilə qayıda bilər. Azərbaycanın dövlət və təhlükəsizlik qüvvələri bu və digər vəzifələrin öhdəsindən uğurla gəlir.
RSK-nın bölgədə qalma müddəti başa çatmasa da, vəziyyətin radikal şəkildə dəyişiməsi Birgə Bəyanata xitam verilməsini tələb edir. Əslində bu qərar daha əvvəl - məsələn, rusların gözü qarşısında Ermənistandan Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar daşınanda, ruslar qanunsuz silahlı birləşmələrin hərbi karvanlarını müşayiət edəndə, mülki təyyarələrə Xankəndi ətrafından rus istehsalı olan "Reppelent-2" kompleksi ilə radioelektron hücum ediləndə və digər hallarda da verilə bilərdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev RSK ilə bağlı bəzi iradlarını və onların ərazidən çıxarılması üçün son müddəti bir dəfə səsləndirib, amma ümumilikdə bu mövzuda daim təmkinlə davranıb. Kreml ilə RSK mövzusunda ciddi gərginliyə getməyən Bakı vəziyyəti sabit saxlamaqla, sonunda Rusiya sülhməramlılarını tənqid estafetini ustalıqla İrəvana ötürə bildi.
Ərazidə Azərbaycanın hüquq-mühafizə orqanlarının artıq fəaliyyətə başlaması fonunda Rusiya sülhməramlı kontingentininə heç bir ehtiyac qalmayıb və böyük ehtimalla Rusiya sülhməramlıları Qarabağı bu ilin noyabrın əvvəlinə, yəni Zəfər Bayramının 3-cü ildönümünə qədər tərk edəcəklər. Hara gedəcəkləri bizi maraqlandırmır, bizim işimiz onları yola salmaqdan ibarətdir.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az