Məhsa cinayətləri niyə təkrarlanır? - 16 yaşlı qız hicaba görə komaya düşüb

  Məhsa cinayətləri niyə təkrarlanır?  - 16 yaşlı qız hicaba görə komaya düşüb
  06 Oktyabr 2023    Oxunub:3639
İranda hicab qalmaqalları davam edir. Bu günlərdə Məhsa Əmini cinayətinin başqa bir yeniyetməyə qarşı təkrarlanması cəmiyyətdə hakimiyyətə olan aqressiyanı daha da artırıb.
Hicaba görə ölümcül döyülmə hadisəsi isə yenə də Tehranda baş verib. Sentyabrın 1-i gecə saatlarında Armita Geravand adlı məktəbli qız rəfiqələri ilə metroda olarkən məcburi hicab qaydalarınə pozduğu üçün zorakılığa məruz qalıb.

İran mediası iddia edir ki, 16 yaşlı qız və dostları metroya daxil olarkən hicabsız olublar. Repressiv qüvvələr-hicab qaydalarını izləyən “məmurlar” Armitaya xəbərdarlıq edəndən sonra mübahisə yaşanıb. Məmurlardan biri onu itələyib. Nəticədə qız yıxılaraq başından ağır xəsarət alıb.

İranda yeni Məhsa Əmini hadisəsi yaşanır - VİDEO
Maraqlıdır ki, vaqonda qıza edilmiş fiziki zorakılıqlara dair görüntülər paylaşılmayıb. Habelə, hadisəni araşdırmaq istəyən jurnalist dərhal saxlanılıb.

İranintl.com saytı yazır ki, komada olan yeniyetmənin yatdığı Tehran xəstəxanasında təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda cərəyan edən proseslər isə Məhsa Əminin öldüyü gecə baş verən hadisələrin bənzəridir.

“Hengaw Human Rights” təşkilatı Armitanın Fəcr Xəstəxanasının reanimasiya şöbəsində komada olduğunu göstərən fotosunu yaydıqdan sonra Tehran insanların kütləvi şəkildə ayağa qalxacağından çəkinərək bəzi tədbirlərə əl atdı.

Təşkilat qeyd edir ki, təhlükəsizlik qüvvələri insanların xəstəxananın ətrafına toplaşmasını və kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün binanı mühasirəyə alıb.

“İran ötən ilin sentyabrında 22 yaşlı kürd əsilli Məhsa Əmininin polis bölməsində döyülərək komaya düşməsi və ölməsindən sonra hicabın taxılmasına nəzarəti son dərəcə sərtləşdirdi. Rejim Tehranın bütün metro stansiyalarında "hicab polis"ləri yerləşdirib. Hakimiyyət yaranmış arzuolunmaz situasiyanı "Məhsa Əmininin işi"ndə olduğu kimi idarə edir. Məsələn, Geravəndin vəziyyəti ilə bağlı xəbərlər yayan jurnalisti həbs etdilər. Bundan başqa onun valideynlərinin xəstəxanada çəkilmiş videosunu da nümayiş etdirdilər. Görünür, faciəni bədbəxt hadisə kimi təqdim edirlər”, - “İranintl” nəşri yazıb.

İctimai fəallar da sosial şəbəkələrdə rejimin Əmini hadisəsində olduğu kimi oxşar ssenarini təkrarlamasına dair faktlar paylaşırlar.

Samira Mohyeddin yazır ki, “müxbirin tutulması, dövlət telekanalında zərərçəkənin ailəsinin məcburi müsahibə verməsi, saxtakarcasına komanın əsas səbəbinin hansısa xəstəliklə əlaqələndirilməsi, qızın döyülməsi anına dair məhdud sayda videonun yayılması, hər iki qurbanın kəllə-beyin travmasından sonra komaya düşməsi və nəhayət xəstəxanada ciddi təhlükəsizlik tədbirlərinin görülməsi eyni ssenaridən xəbər verir.


Xarici ekspertlər də mövzuya biganə qalmır, növbəti Əmini cinayətinin baş verməsini aktiv şəkildə ictimailəşdirirlər. İran Nüvəsinə Qarşı Birləşmiş Təşkilatın (UANI) direktoru Ceyson Brodski 16 yaşlı qıza edilmiş zorakılığı pisləyən paylaşımına insidentin videosunu da əlavə edib.

Sadə iranlılar bir neçə gündür ki, Armitanın faciəsinin ört-basdır edilməməsinə çalışırlar. Vətəndaşlar Geravand haqqında məlumatların dünyanın dörd bir yanına çatdırıması üçün aktiv şəkildə postlar dərc edirlər. İranlılar təxminən 300.000 retvitlə X-də fars dilində həştəqlər yaradıblar.

İranın sosial media fəallarının Armitanın anasının “məcburi etiraf” kimi xarakterizə edib paylaşdığı ilk müsahibə videosu diqqət çəkir.

Ana göz yaşlarını zorla saxlayaraq bunları deyib: “Məncə qızım sadəcə yıxılıb. Mənə onun platformada yerə yıxılandan sonra başının harasa dəyməsi səbəbindən huşunu itirdiyini söylədilər. Dostları isə onu çıxarıblar..."

Digər maraqlı məqam isə artıq ananın da saxlanılmasıdır. İddia olunur ki, buna səbəb müsahibələrdən birində onun qohumunun dezinformasiya yayan açıqlamasına müdaxilə etməsidir. Xüsusən də o, qadının sözünü kəsərək "qohum, bizə bütün videoları göstərməyiblər" deməsi diqqət çəkib.

Tehran Metropoliteninin rəsmisi Məsud Dorostinin absurd və gülünc doğuran açıqlaması isə daha çox qıcıq yaradır. O deyib ki, "Geravandın platformada huşunu itirməsi onun qan təzyiqinin aşağı düşməsi ilə əlaqədardır. Metro işçiləri də daxil olmaqla ərazidə olan kimsə onun huşunu itirmə anını lentə almayıb".

“İranintl” məqalədə xatırladıb ki, İran hakimiyyəti dəfələrlə etirazların artması fonunda qalmaqallı həbs və ölümlərə görə məsuliyyətdən yayınmaq üçün qurbanların ailə üzvlərinin məcburi etiraflarının yayımlanması taktikasına əl atıb.

Yazıda İranın dövlət saytları və media qurumlarının insidentə qısa yer ayırması da qınanılıb. Müəllif yazır ki, saytlar sadəcə bazar ertəsi günü huşunu itirmiş bir qızın metro vaqonundan çıxarılmasını əks etdirən qısa video yayırlar: "Lakin onun metroya necə girməsi, qatara nə zaman minməsi və ya huşunu hansı səbəbdən itirməsini əks etdirən görüntüləri yoxdur. Halbuki, rejim metro stansiyalarının müxtəlif yerlərində, o cümlədən vaqonların içərisində xeyli sayda kameralar quraşdırıb ki, qeydə alınacaq görüntülərdən məcburi hicab qaydalarını pozanlara qarşı istifadə olunsun".

Sosial mediada yayılan məlumatlara görə hadisənin baş verdiyi Tehran metrosundakı son 24 saata aid bütün görüntülər İran İnqilab Keşikçiləri Ordusunun rəsmilərinə təhvil verilib.

İslahatçı media orqanı kimi tanınan “Şərq” qəzetinin yazısı da diqqət çəkir. Qeyd edilir ki, qalmaqallı faciəyə görə tutulan jurnalist Məryəm Lütfi adlı şəxsdir. O, hadisə ilə bağlı geniş reportaj hazırlamaq üçün xəstəxanaya gedibmiş. İddialara görə, peşə fəaliyyəti ilə məşğul olan müxbir bazar ertəsi axşamı buraxılıb.

"Amma Məhsa Əmininin ölümünü xəbər verən, onun valideynlərindən müsahibə alan, həmçinin dəfndə aktiv iştirak edən jurnalistlər bir ilə yaxındır ki, həbsdədirlər", - nəşr yazıb.


Xatırladaq ki, ötən ilin sentyabrın 16-da Məhsa Əmini adlı qadın hicabı düzgün taxmaması səbəbindən əxlaq polisi tərəfindən qətlə yetirilmişdi. Bundan sonra ölkədə aylarla davam edən kütləvi etiraz və iğtişaşlar başladı. İranın güc strukturları etirazçılara qarşı zorakılıqlar tətbiq edirdi, mitinqlərə qoşulanlar isə kütləvi şəkildə həbsə atılırdı. Son aylarda mitinqlər səngisə də, İranda xalqın narazılıq dalğası tam aradan qalxmayıb.

AzVision.az

Qalereya




Teqlər:   Məhsa-Əmini   İran   Koma   Hicab  





Xəbər lenti