“Ermənistan Zəngəzur öhdəliyini yerinə yetirməyə məcbur ediləcək” – Hərbi ekspert

   “Ermənistan Zəngəzur öhdəliyini yerinə yetirməyə məcbur ediləcək” –    Hərbi ekspert
  29 Sentyabr 2023    Oxunub:4203
“44 günlük İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs sazişi imzalandı. Hər kəs bəyanata imza atanların ona əməl edəcəyini gözləyirdi. Lakin Azərbaycan sənədə ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi".
Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. O qeyd edib ki, Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olmasının yeganə yoldur.


Nazir bəyan edib ki, Ankara Azərbaycan və Ermənistan rəhbərliyi arasında yaxın günlərdə İspaniyada keçirilməsi planlaşdırılan görüşdən öncə baş verən prosesləri və danışıqları diqqətlə izləyir: “Biz hər zaman olduğu kimi, “bir millət, iki dövlət” anlayışı ilə əziz qardaşımız Azərbaycanın yanındayıq”.

Hərbi ekspert Ədalət Verdiyevin AzVision.az-a dediyinə görə, Yaşar Gülər bu açıqlaması ilə Ermənistanı regionda sülh və təhlükəsizliyin təmin olunması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb. Bu öhdəliklərin böyük hissəsi Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycanın "Dəmir yumruğu" hesabına həll olunsa da, yerinə yetirilməyənlər də var:
- Hələ ki Ermənistan silahlı birləşmələrini Qazaxın 7 və Naxçıvanın bir kəndindən çıxarmayıb. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir iş görməyib. Bu haqda bəyanatların İspaniyada keçiriləcək görüşdən əvvəl səslənməsi Ermənistan üçün açıq və qəti siqnaldır. Yəni əgər Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, Azərbaycan ilə Türkiyənin əlaqəsinin təmin olunması üçün dəhlizinin açılmasına razılıq verməsə və əvvəl olduğu kimi Naxçıvan, Laçın istiqamətində təxribatları davam etdirə, təbii ki, Azərbaycan daha adekvat, daha təsirli və Ermənistanın anlaya biləcəyi tərzdə addımlar atacaq. Buna heç kimin, o cümlədən, Zəngəzur yolunun açılmasında Ermənistanı dəstəkləyən qüvvələrin də şübhəsi olmamalıdır.

Şöhrəddin Bağırov
AzVision.az



Teqlər: Zəngəzur  





Xəbər lenti