Liməzə lə tati? Ərəb turistləri niyə azalıb – TƏHLİL

      Liməzə lə tati?    Ərəb turistləri niyə azalıb –    TƏHLİL
  16 Sentyabr 2023    Oxunub:4997
Pandemiyaya qədər ölkəmizdə turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəyə 3 milyon 170 min 400 nəfər əcnəbi gəlmişdi ki, bunların 2 milyon 863 min 500 nəfəri sırf turizm məqsədilə təşrif buyurmuşdu. Ölkəmizdən xaricə üz tutanlar isə 4 milyon 347 min 300 nəfər təşkil etmişdi. 2020-ci ildəsə bu rəqəmlər müvafiq şəkildə 519 min 400 və 746 min 600 nəfərə düşdü.
2021-ci ildən etibarən dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də turizm bərpa olunmağa başlandı. Cari ilin yanvar-iyul ayları ərzində məmləkətimizə dünyanın 183 ölkəsindən 1 milyon 143 min 600 və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi gəlib. İlin ilk 7 ayı ərzində 37% artım böyük rəqəmdir. Bu onu göstərir ki, sektorda bərpa prosesi sürətlə gedir və tempi qoruyub saxlamaq lazımdır.

Unutmaq olmaz ki, 2014-2015-ci illərdə neftin qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illərdə xarici turist axınının genişlənməsi nəticəsində yumşalmışdı. Xüsusən də ərəb ölkələrindən gələnlərin hesabına. 2017-2018-ci illərdə ölkədə ərəblərin əlindən tərpənmək olmurdu. Amma indi...


Statistika göstərir ki, ərəb ölkələrindən gələnlərin sayı kəskin azalıb. Başqa sözlə desəm, ölkəyə gələn xarici turistlərin sayı artsa da, onların arasında ərəblərin sayı aşağı düşür. Ümumiyyətlə, gələnlərin ölkə mənsubiyyəti üzrə strukturunda ciddi dəyişikliklər yaranıb. Onların
▪ 32,8 %-i Rusiya
▪ 18,2 %-i Türkiyə
▪ 7,4 %-i İran
▪ 4,9 %-i Hindistan
▪ 4,7 %-i Gürcüstan
▪ 3,9 %-i Səudiyyə Ərəbistanı
▪ 2,4 %-i Qazaxıstan
▪ 2,3 %-i Pakistan
▪ 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri
▪ 1,8 %-i Özbəkistan
▪ 1,5 %-i İsrail
▪ 1,5 %-i Ukrayna
▪ 1,4 %-i Belarus
▪ 1,3 %-i Küveyt
▪ 1,2 %-i Böyük Britaniya
▪ 1,2 %-i Türkmənistan
▪ 11,4 %-i isə digər ölkələrin vətəndaşları olub.

Ərəblərin sayı niyə azalıb?!

Bu suala cavab olaraq, turizm məsələləri üzrə ekspertlər müxtəlif fikirlər söyləyirlər. Məsələn, guya, pandemiyadan sonra getmək üçün turistik bölgələrin sayı artıb, ərəblərin seçim imkanları genişlənib. Bəli, bunun da rolu var. Lakin əsl səbəb təkcə bundan ibarət deyil. Pandemiyadan əvvəl də ərəblərin digər turizm yerlərinə getmək imkanları var idi.


Düşünürəm, ərəbləri buradan "soyudan" əsas etibarilə içtimai-iaşə və xidmət sektorundakı mövcud qiymət və tarif siyasəti oldu. Onlar ilə yerli vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilməsi bunda mühüm rol oynadı. Bu yay bölgələrimizin birində səfərdə olarkən istirahət mərkəzlərindən hansına yaxınlaşdımsa, ikili tarif-qiymət siyasəti ilə rastlaşdım. Məsələn, bir ədəd forel balığı yerli vətəndaşa minimum 15 manata təklif edilirdisə, xarici turist üçün bu rəqəm 25 manat idi. Digər qida məhsulları üzrə də həmçinin... Hətta bir neçə dəfə gülməli vəziyyətlə də üzləşdim: məndən yerli, yoxsa xarici vətəndaş olduğumu soruşdular.

Niyə belə edirik?! Turizm neft-qaz sektorundan sonra ikinci ən çox gəlir gətirən sahə olduğu halda, qazanc yerimizə niyə belə "barmaq tıxayırıq"?! İkili qiymət siyasəti nə deməkdir axı?!

Turizm qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan, ölkəmizdə onun inkişafı və genişlənməsinə vaxtilə çox investisiyalar yatırılıb. İnfrastruktur qurulub, bir sıra tədbirlər həyata keçirilib. Bu gün yüksək xidmət səviyyəsinə malik mehmanxanaların mövcudluğu, kadr hazırlığının olması, çoxlu turist firmalarının fəaliyyət göstərməsi, informasiya-reklam strukturlarının varlığı bütün bunlara sübutdur. Ancaq qeyd olunanlara rəğmən, ölkədə turizm sektorunun inkişaf etdirilməsində
▪ idarəetmədə
▪ qiymət siyasətində
▪ turizm nöqteyi-nəzərindən istifadəsi məqsədəuyğun sayılan obyektlər üzrə seçimdə
▪ turizm biznesinin dövlətimizin maddi maraqları və mənafeyi baxımından təşkilində
problemlər mövcuddur.

Hər sahədə olduğu kimi, turizmin də inkişafında rəqabət əsas şərt sayılır. Məsələn, bu sahədə qonşu ölkələrdəki vəziyyət diqqət mərkəzində saxlanmalıdır. Gürcüstan və Türkiyə ilə müqayisədə mövqeyimizi gücləndirmək, turistlərin sayının artmasında və vəsait xərcləmələrində maraqlı olmaq bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün əsas prioritet sayılır.


Ərəblər pullu müştərilərdir. Əlverişli və sərfəli qiymət siyasətilə biz turizmi onların hesabına daha geniş və sürətli inkişaf etdirə bilərik. Ümumiyyətlə, yerli və xarici turistlərə yanaşmada qiymət siyasəti və tariflərin tətbiqində balansı qorumalıyıq. Əks təqdirdə, ölkəmizin turizm potensialından heç vaxt düzgün istifadə edə bilməyəcəyik.

Azərbaycanda istər yay, istərsə də qış mövsümündə turizmin inkişafı üçün hər cür şərait var. Demək olar, bütün bölgələrdə restoranlar, istirahət mərkəzləri, otellər şəbəkəsi baxımından zəngin infrastruktur mövcuddur. Üstəgəl, füsunkar təbiət və tarixi mədəniyyət obyektləri... Sadəcə olaraq, bahaçılıq və göstərilən xidmətlərə qeyri-uyğun qiymət siyasəti turist cəlbinə mane olur. Turizm sektorunda qiymət xidmət səviyyəsinə uyğun olmalıdır. Bu, olduqca ciddi məsələdir. Şişirdilmiş qiymətlərlə turizmi inkişaf etdirmək olmaz.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Turizm  





Xəbər lenti