ABŞ Ermənistanı İrana qarşı forposta çevirir – ŞƏRH
Ermənistan ABŞ üçün İranla bağlı ən böyük məlumat bazasıdır. ABŞ-ın Ermənistandakı səfirliyində üç xüsusi qrup İran vətəndaşları ilə iş aparmaqla məşğuldur. Uzun illərdir ki, ABŞ-ın Ermənistandakı səfirliyi fars, ingilis və erməni dillərində işləyir.
Rusiya prezidenti Vladimir Putin etiraf etdi ki, Paşinyan daim onunla əlaqədədir. Nikol Paşinyanın ABŞ-la hərbi əlaqələri barədə Rusiyanı məlumatlandırmaması mümkün deyil. Xüsusilə də hərbi təlimlər ərəfəsində. İki ölkənin təmasları heç də yalnız Qarabağ mövzusu ilə bağlı deyil, ola da bilməz. İstisna deyil ki, ABŞ-ın İran istiqamətində planlarının reallaşmasında Kremlin rolu ola bilər. Bu, ABŞ-ın Rusiyaya münasibətinin yumşalmasına təsir göstərərdi. ABŞ-ın dövlət katibi Blinkenin Rusiya istiqamətində son bəyanatları əvvəlki tək kəskin deyil. Putinin də Vladivostokda bu mövzuda açıqlamaları ənənəvi mövqedən xeyli yumşaq oldu.
ABŞ son illərdə Fars körfəzi zonasında hərbi qüvvələrini artırmaqda maraqlı deyil. İndi üzə çıxanlar göstərir ki, Vaşinqton Ermənistan ərazisində uzun müddətdir iş aparırmış. ABŞ tərəfindən məhz Ermənistan ərazisinin seçilməsi təsadüfi deyil. İran ermənilərə çox asanlıqla aldanır. Tehran istəsəydi, vaxtında bu təhlilləri apara bilərdi. Sadəcə, İranın rəhbərliyinin beynində anti-Azərbaycançılıq hər yeri zəbt edib. Bu mərəz artıq onların sağlam düşünməsinə də imkan verməyəcək həddə çatıb.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün
Teqlər: İran ABŞ Ermənistan