655 miqrant sərhəddə necə güllələnib? - Human Rights Watch dəhşətli faktlar açıqladı

  655 miqrant sərhəddə necə güllələnib?  - Human Rights Watch dəhşətli faktlar açıqladı
  21 Avqust 2023    Oxunub:4186
Səudiyyə Ərəbistanı sərhədçiləri 2022-ci ilin martından 2023-cü ilin iyununa qədər Yəmənlə sərhəddə yüzlərlə efiopiyalı qaçqını güllələyərək öldürüblər.
Bu fikirlər Human Rights Watch insan haqları təşkilatının yaydığı hesabatdandır.

Hüquq müdafiəçilərinin araşdırmalarına görə, onlar sübut toplamaq üçün 42 qaçqın və onların qohumlarını danışdırıb, müxtəlif mənbələrdən, o cümlədən peyklərdən alınan görüntülərdən 350-dən çox foto və videoya baxıblar.

“Human Rights Watch”: İran iki həftədə 60 adamı edam edib
Human Rights Watch təşkilatının hesabatında qeyd edilir ki, qaçqınlar Səudiyyə sərhədçiləri tərəfindən minaatanlardan və digər partlayıcı silahlardan atəşə tutulması ilə bağlı 28 hadisəni danışaraq təsvir ediblər. Onlar sərhədçilərin mülki şəxslərə silahla atəş açması ilə yanaşı, daş və dəmir parçaları ilə döyməsi hallarını da təsvir ediblər. Bundan əlavə, qaçqınlar düşərgələrə aparılaraq orada aylarla saxlanılıblar.

İnsan haqları təşkilatı qətllərin insanlığa qarşı ağır cinayət olub-olmadığını müəyyən etmək üçün BMT-nin dəstəyi ilə hərtərəfli təhqiqatın aparılmasını təklif edib.

Təşkilat həmçinin aidiyyəti qurumları və ölkələri məlum cinayətlərdə əli olan səudiyyəli məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

"Euronews" da məlum mövzuya toxunub. Nəşr yeniyetmə qaçqınlardan birinin gördüyü dəhşətləri təqdim edib.

"Mən insanların heç vaxt təsəvvür edə bilməyəcəyim şəkildə necə öldürüldüyünü gördüm",- 14 yaşlı Həmdiyə adlı qaçqın deyib.

O, ötən ilin fevral ayında 60 nəfərlik qrupla Yəmən-Səudiyyə sərhədini keçməyə çalışarkən atəş səsləri ilə qarşılaşıb. Rastlaşdığı mənzərədən şoka düşən Həmdiyə deyib: " Mən 30 nəfərin yerindəcə öldürüldüyünü gördüm . Bundan sonra nələrin baş verməsini xatırlamıram. Elə bilirdim ki, ətrafımdakı insanlar yatdılar. Sonradan onların artıq meyitə çevrildiyini anladım”.

Həmdiyə silahlı hücumdan sağ çıxsa da, psixoloji yaralarını sağalda bilmədiyini deyib.

"İndi yata bilmirəm. Gecələr çox qorxuram. İnsanların oyaq qalıb mənimlə danışmasını istəyirəm", - o qeyd edib.

Yeniyetmənin verdiyi dəhşətli ifadələr Human Rights Watch-ın Səudiyyə sərhədçilərinin yəmənli miqrantları qətlə yetirməsi ilə bağlı son hesabatının bir hissəsinə çevrilib.

Maraqlıdır ki, təşkilatın sorğu-sual apardığı daha 10 nəfərin hesablamaları itki sayının daha böyük olduğunu göstərir. Belə ki, 1278 miqrantdan ən azı 655-i sərhədi keçmək üçün etdikləri cəhdlər zamanı ölüb.

"Şübhəsiz ki, bu prosesdə daha çox ölüm halları olub. Çünki dəqiq rəqəm əldə etmək mümkün deyil. Bu, çətinliklə əl çata biləcək bir ərazidir və biz dəhşətli səhnələrin olduğu həmin əraziləri yenicə tərk etmiş insanlardan açıqlamalar alırıq, onlar gördüklərindən özlərinə gələ bilmirlər", - təşkilatın qaçqın və miqrant hüquqları üzrə tədqiqatçısı Nadia Hardman deyib.

Sağ qalanlardan biri qeyd edib ki, onun 170-dən çox üzvü olan qrupunda 90 nəfər öldürülüb : “Bəziləri cəsədləri götürmək üçün qayıtmışdı”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Səudiyyə   Qaçqın  





Xəbər lenti