Xəzərdəki balıqlar virusa yoluxmayıb - Nazirlik

Xəzərdəki balıqlar virusa yoluxmayıb - Nazirlik
  06 İyun 2014    Oxunub:1068
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycanın Xəzər sahili sularında kefal balıqlarının virus xəstəliyinə yoluxması halları ilə bağlı məlumat yayıb.

AzVision.az-ın məlumatına görə, bildirilir ki, İran İslam Respublikasının (İRNA agentliyi) Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvalar üçün təhlükəli olması barədə məlumatlara istinad edən Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində nəzarəti tədbirlər aparılması barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş vermişdi. Dövlət Xidməti həmin göstərişi rəhbər tutaraq 2014-cü ilin martın 5-dən əzər dənizi sahillərində və sahilə yaxın ərazilərində, eləcə də mənsəbi dənizlə birbaşa əlaqəli olan çaylarında nəzarəti tədbirlər həyata keçirməyə başlayıb.

Həyata keçirilən bu nəzarəti tədbirlər balıqların kürüvermə və dənizə qayıtma dövrlərini əhatə etməklə hər gün müvafiq qurumlarla, eləcə də balıqçılarla əlaqəli şəkildə aparılıb. Nəzarət tədbirləri aparılan müddətdə dəniz sahili rayonların hər birindən, xüsusilə ölkəmizin İran İslam Respublikası ilə həmsərhəd olan cənub bölgələrindən gətirilən kefal balıqları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, götürülən nümunələrin heç birində virus xəstəliyi müəyyən edilməyib, eləcə də nəzarət tədbirləri aparılan müddətdə ölkənin dəniz sularında, dəniz sahili ərazilərində və çaylarında nə xəstəlikdən ölmüş, nə də xəstəliyə şübhəli olan balıqlara, o cümlədən kefal balıqlarına təsadüf olunmayıb. Odur ki, nəzarət tədbirləri iyulun 5-dən yekunlaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aparılan nəzarət tədbirlərinin nəticəsinə istinad edərək bir daha xatırladır ki, Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində, eləcə də mənsəbi dənizlə birbaşa əlaqəli olan çaylarında kefal balıqlarının virus xəstəliyinə yoluxması halları qeydə alınmayıb və ərazinin epizootik cəhətdən stabil olması müəyyən edilib.


Teqlər:  





Xəbər lenti