Paşinyanın həll etməli olduğu ən vacib məsələ - ŞƏRH

// Azərbaycana qarşı döyüşmüş ermənilər Qarabağdan çıxarılmalıdır

   Paşinyanın həll etməli olduğu ən vacib məsələ -    ŞƏRH
  27 İyun 2023    Oxunub:2657
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün

Paşinyanın ən böyük paradoksu onun Xocalı soyqırımını törədənlərə münasibətidir. Ermənistanda kimsə Nikol Paşinyanı tənqid edən kimi dərhal həbsə atdırır. Keçmiş xarici işlər naziri Vardan Voskanyan Paşinyana tənzimlənmə ilə bağlı bir neçə publik məsləhət verdi. Səhəri gün Oskanyanın oğluna cinayət işi açıldı.
Keçmiş prezidentlər, nazirlər və siyasətçilər ya həbsdə, ya da istintaq altındadırlar. Paşinyanın səfərini yaxşı təşkil etmədiyi üçün Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının həmsədri Arman Papazyanın Ermənistana girişinə qadağa qoyuldu. Eyni sözü Niderlanddakı erməni diasporunun rəhbəri barədə də demək olar. Moskvada da bir neçə populyar erməni Paşinyanı tənqid etdiyi üçün “qara siyahı”ya salınıb, Ermənistana buraxılmır.

Bununla yanaşı, Nikol Paşinyan işğal dövründə Azərbaycana qarşı amansızlıqla vuruşmuş, Xocalı soyqırımını törətmiş ermənilərin Qarabağda qalmasına çalışır. Onların Azərbaycan Respublikası ərazisində silahları ilə birlikdə yaşamasına beynəlxalq təminat almaq istiqamətində ciddi səy göstərir.

Qarabağda azərbaycanlılara qarşı xüsusi amansızlıqla vuruşmuş ermənilər, ola bilər ki, Paşinyanın özü üçün də təhlükədir. Baş nazir bunu anlayır.

Ermənilər sərhəddə və Qarabağda istənilən an hərbi təxribat törədə bilərlər. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun 26 iyun açıqlamasından aydın görünür ki, rəsmi Bakının onların fəaliyyətinə dözmək fikri yoxdur.

N.Paşinyanın Qarabağ tənzimlənməsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında davranışı çox sadədir. Öz səviyyəsində 3 konsepsiyası var:
ı. Ermənistanla Azərbaycan arasında normallaşma proseduru üzrə danışıqları istənilən anda effektsiz etmək konsepsiyası.
ıı. Paşinyanın müzakirəsinə razılaşdığı elementə münasibəti fərqlidir. Əvvəlcə o elementi inkar etməyin qaydasını müəyyənləşdirir. Sonra o element üzrə müzakirə başlayır.
ııı. Müharibə ilə vəziyyəti idarə etmək. Bunu Paşinyan mətbuat konfranslarının birində çox aydın izah etdi.

Danışıqlara, hərbi proseslərə təsir edə biləcək parametrlər həlledici əhəmiyyətə malikdir. Qarabağda Azərbaycana qarşı amansızlıqla döyüşmüş həm Ermənistan, həm də Qarabağ erməniləri Paşinyan üçün bu istiqamətdə çox vacib faktordur. O, Ermənistanda keçmiş döyüşçülərin hərbi aktivliyində maraqlı deyil, çünki silahlarını Paşinyanın özünə qarşı çevirə bilərlər. Paşinyan Azərbaycan ərazisində Qarabağ ermənilərinin hərbi qüvvəsini yaratmaqda maraqlıdır. Bu istiqamətdə bütün ideyalarPaşinyanın özündən və yaxın ətrafından gəlir.

Bu ideyalarda da müəyyən sistemlilik var:
ı. Üçtərəfli bəyanatı əlində bayraq edən Paşinyan sənədin Qarabağda erməni hərbi qüvvələri ilə bağlı hissəsini tamamilə inkar edir. İstər onun, istərsə də Parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryanın bəyanatları bunu göstərir.
ıı. Qarabağda Azərbaycana qarşı döyüşmüş ermənilərin müntəzəm toplantıları keçirilir.
ııı. “Artsax”ın “Müdafiə Nazirliyi” termini gündəliyə gətirildi. Halbuki, 30 illik işğal dövründə belə bu termindən istifadə edilməmişdi.
ıv. Paşinyan “Qarabağ ermənilərinin məni düzgün başa düşmür” ifadəsini tez-tez təkrarlayır. Bu onun Qarabağ mövzusunda klassik erməni yanaşmasından uzaqlaşmadığını təsdiqləyir.

Paşinyan öz xoşuna Azərbaycanla münasibətlərin normallaşmasına getməyəcək. Mütləq kimsə onu bu addıma vadar etməlidir. Danışıqlardan məyusluq həmişə müharibəyə gətirib çıxarıb. İndi isə çox böyük müharibə yarana bilər.

Məhz bu səbəblərə görə də Qarabağ erməniləri içərisində yubanmadan diskussiyaya, polemikaya başlanmalıdır. Azərbaycana qarşı qəddarlıqla vuruşmuş, Xocalı soyqırımını törətmiş ermənilər digər dinc ermənilərdən fərqləndirilməlidir. Azərbaycanın tərkibində Qarabağdan qovulmuş azərbaycanlılarla birgə yaşayışa hazır olan ermənilər tamam ayrı kateqoriyada qəbul edilməlidir.

Azərbaycana qarşı qəddarlıqla vuruşmuş Qarabağ ermənilərini Paşinyan Ermənistan ərazisində yerləşdirməlidir. Yerləşdirə bilmirsə, havadarlarına müraciət edə bilər. Həmin Qarabağ erməniləri İran ərazisinə qaytarıla, Rusiyaya köçürülə bilərlər. ABŞ və Fransaya köçmələri variantına da baxıla bilər.

Qarabağda Azərbaycana qarşı qəddarlıqla vuruşmuş ermənilərin məsələsi həll olunmayana qədər Paşinyan normallaşmaya getməyəcək. Siyasi və hərbi pozuculuq fəaliyyətini yeniləşdirəcək və gücləndirəcək. Normallaşmanın əleyhinə siyasi addımları da göz qabağındadır.


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti