Planeti necə soyutmaq olar? Alimlərdən maraqlı təklif

   Planeti necə soyutmaq olar?    Alimlərdən maraqlı təklif
  25 İyun 2023    Oxunub:4060
İqlim dəyişikliyinin qarşısını almaq üçün atmosferə buraxılan istixana qazları emissiyalarını kəskin şəkildə azaltmaq lazımdır. Lakin bu kifayət deyil - artıq havada olan CO2-ni də azaltmaq vacibdir. Necə?
Bunun yollarından biri okeanlardan istifadədir. Okenlar insanın istehsal etdiyi texnogen karbon qazının 25%-ni udurlar. Bu prosesi fitoplanktonlar həyata keçirir. Bu birhüceyrəli mikroskopik bitkilər (və ya bakteriyalar) suyun səthində yaşayır, günəş işığı və CO2 qəbul edirlər. Ölü fitoplankton suyun dibinə getdikdə, karbon qazının bir hissəsi okeanın dərinliklərində qalır.

Digər bitkilər kimi, fitoplankton da Günəş və CO2-dən başqa, bəzi maddələrə ehtiyac duyur. Xüsusən də dəmir başda olmaqla müxtəlif qida maddələrinə. Okenda dəmirin miqdarının çoxalmasının fitoplanktonun kəskin artmasına səbəb olduğuna dair tarixdə xeyli nümunələr var. Məsələn, külləri dəmirlə zəngin olan vulkan püskürmələri dəfələrlə belə effekt doğurub.

Bu faktlara əsaslanan okeanoloq Con Martin vaxtilə “dəmir hipoteza” adlanan nəzəriyyə irəli sürmüşdü. O, okeanın dəmirlə gübrələnməsi təklif edib. Bu nəzəri olaraq bütün Yer kürəsini soyutmağa kifayət edəcək. “Mənə yarım tanker dəmir verin və mən sizə buz dövrünü yaradım”,- deyə alim əminliklə bəyan edirdi.

1993-cü ildə Martinin ölümündən az sonra onun bir sıra Amerika və Britaniya universitetlərindən olan həmkarları tədqiqatçının fərziyyəsini sınaqdan keçirdilər. Onlar Sakit Okeanın 64 kvadrat kilometrində dəmirin konsentrasiyasını 67 dəfə artırdılar. Sonra ərazini on gün müşahidə etdilər. Bu müddət ərzində bitki biokütləsinin miqdarı iki dəfə artdı.

“Dəmirin əlavə edilməsindən sonra bütün bioloji göstəricilər fitoplankton istehsalının sürətinin artdığını təsdiqləyib”,- deyə alimlər bununla bağlı məqalədə yazmışdılar.

O vaxtdan bəri bu fenomen onlarla başqa təcrübədə də təsdiqini tapıb. Amma təəssüf ki, hər şey bu qədər sadə deyil.

2009-cu ildə Berklidəki (ABŞ) Lourens adına Milli Laboratoriyanın tədqiqatçıları okeanın Yeni Zelandiya və Antarktida arasındakı böyük bir sahəsini gübrələməklə təcrübə apardılar. Dəmirin tətbiqindən sonra il ərzində ərazidə suyun səthindən 800 m aşağıda karbon hissəciklərinin miqdarını ölçdülər. Nəticələr o qədər də ürəkaçan olmadı. Alim Cim Bişop vurğuladı ki, okeana sadəcə dəmir əlavə etmək atmosferdəki karbon qazını saxlamağa imkan vermir. CO2-dən əmələ gələn karbonun çoxu faktiki olaraq batmır.

2022-ci ilin noyabrında beynəlxalq tədqiqatçılar qrupu dəmirin xüsusi üsulla səpilməsinin lazım olduğunu bildirən elmi məqalə dərc etdi. Elm adamları dəmiri dənizin səthinə atmaq əvəzinə, maddənin nanohissəciklərini yaratmağı təklif etdilər. Batma sürətinin artırılması, hissəciklərin fitoplankton və ya silisium tərəfindən daha yaxşı udulması üçün onları polimerlərlə örtmək olar.

Elmi iş perspektivli görünür. Ancaq belə bir iddialı planı qəbul etməzdən əvvəl prosesin okeanın ekosistemlərinə necə təsir göstərə biləcəyini dəqiq müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var. İctimai rəyi və dövlət tənzimlənməsinin aspektlərini də nəzərə almaq lazımdır.

Samir Quliyev
AzVision.az


Teqlər: Elm   İqlim  





Xəbər lenti