Bahalaşma bitdimi?! – Pərviz Heydərovun şərhi

      Bahalaşma bitdimi?!    – Pərviz Heydərovun şərhi
  23 İyun 2023    Oxunub:4874
Cari ilin yanvar-may aylarında ölkədə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,1%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 11,6 və 10,6 % artıb. Başqa sözlə, ilk baxışda bahalaşma və inflyasiya tempi davam edib.
Lakin 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, keçən ilin mayına nisbətən 11,5% çox olub. Bu da o deməkdir ki, az qala iki il yarımdır ardıcıl davam edən bahalaşma tendensiyası ilk dəfə mayda səngiyib. Bu, keçən ilin birinci rübünə proqnozlaşdırılsa da, baş verməmişdi. Uzun müddətdir davam edən inflyasiyanın nəhayət, ötən ay səngiməsinə hansı amillər şərait yaradıb?!

İnflyasiyanın sürəti 2023-cü ilin mart ayında qeydə alınmış 0,7% səviyyəyə qarşı aprelində 0,3% təşkil etmişdi. Bu isə prosesin artıq zəifləməyə doğru istiqamət götürməsi demək idi. Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna ən çox anoloji tendensiyanın məhz qlobal miqyasda baş verməsi əsas yaradırdı. İl başlanandan bəri dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən, ərzaq ucuzlaşıb. Bizə isə indi təsir edir.

2021-ci ilin əvvəlindən başlayan və bütövlükdə keçən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlər bu ildən ucuzlaşmalı idi və ucuzlaşdı da. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratdı.

Bahalaşmaya və inflyasiyaya dair şərhlərimdə yazmışdım ki, prosesin səngiməsi üçün enerjidaşıyıcıları ucuzlaşmalıdır. Başqa sözlə, qlobal enerji bazarlarında ajiotaj səngiməlidir. Əks təqdirdə, ölkəmizə yaranan təsir və təzyiqlər davam edəcək, inflyasiya idxalı səngiməyəcək. Çünki buna qarşı mübarizə aparmaq mümkün deyil. O səbəbdən ki, daxili bazarımız idxal məhsullarından asılı olduğundan, yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan yaxa qurtarmaq mümkün deyil.

Diqqət yetirək: mayda əvvəlki aya nisbətən daha çox qarabaşaq yarması, çörək, təzə balıq, süd, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, çiyələk, banan, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartof, araq ucuzlaşdığı halda, əksəriyyəti idxal olunan mallar olan düyü, mal, qoyun və toyuq əti, yoqurt, xama, zeytun yağı, limon, alma, balqaba, kələm, yerkökü, şəkər və şəkər tozu, mineral sular bahalaşıb. Digər ərzaq məhsulları isə sabit qalıb. Bu faktın özü də kənardan idxal olunan malların qiymət tendensiyasının daxili bazarımıza necə təsir etdiyini bir daha göstərir.

Ölkə daxilində bahalaşma ilə inflyasiyanı səngidən digər faktor isə qonşu ölkələrdə, başqa sözlə desəm, əsas ticarət tərəfdaşlarımız olan tərəflərdə milli valyutaların dəyərsizləşməsi prosesidir. Bu, həmin ölkələrdən idxalın ucuzlaşmasına səbəb olub. Söhbət, Rusiya Federasiyası ilə Türkiyədən gedir. Rubl ilə lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi həmin ölkələrdən mal və məhsul idxalının ucuzlaşmasına şərait yaradıb.

Üçüncüsü isə, ölkədə bahalaşma və inflyasiya prosesinin səngiməsində Mərkəzi Bankın (AMB) və hökumətin bu sahədə apardığı siyasət, gördüyü tədbirlər və atdığı addımlar da müəyyən rol oynayıb. İstər ölkədə həyata keçirilən sərt pul-kredit siyasəti, istər manatın dəyərinin inzibati yolla saxlanması, istərsə də hökumət tərəfindən bəzi gömrük və vergi mexanizmlərinin tətbiqi və s. prosesi cilovlamaq baxımından əhəmiyyətli olub.

Hazlrda əsas sual budur: inflyasiyanın səngiməsi uzunmüddətli xarakter daşıyacaqmı? Bahalaşma bərpa ola bilərmi?

İlin ikinci yarısı üçün hökumətin və AMB-nin verdiyi proqnozlar fərqlidir. Birincisi 10,4% olmaqla ikirəqəmli, ikincisi isə 8,3% təşkil etməklə birrəqəmli proqnoz irəli sürüb. Bunun hansının doğru olacağını zaman göstərəcək. Hələliksə ilin qalan dövrü ərzində də Azərbaycanda inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək.

Ciddi siyasi-hərbi böhran yaranmasa, bu il enerji daşıyıcılarının qiymətlərinin bir az da ucuzlaşacağı gözlənilir. Bu isə ərzaq və digər bazarlarda da qiymətlərin düşməsinə səbəb olacaq. Nəticədə ölkəmizdə ilin ikinci yarısında da inflyasiya tempi azalmaqda davam edəcək və qiymətlərdə sabitləşmə möhkəmlənəcək. Ancaq inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağı məlum deyil.

Burada hökumətin tənzimlənən qiymətlərlə bağlı hansı siyasəti yürüdəcəyi də mühüm rol oynayacaq. Əgər benzin, enerji, su, qaz qiymətləri artırılmasa, inflyasiya azalacaq. Hökumət diqqətini əsas etibarı ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. Əsas növ ərzaq məhsulları üzrə istehsal təhlükəsizlik səviyyəsinə çatdırılmalı, bu mümkün olmadıqda isə, idxal sahəsində vergi və rüsumlar sıfırlanmaqla bahalaşma cilovlanmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti