2024-cü il ən isti dövr olacaq

      2024-cü il ən isti dövr olacaq
  08 İyun 2023    Oxunub:1562
Dünyada istiləşməyə səbəb olan "El Nino" hava hadisəsinin başlaması nəticəsində 2024-cü il ən isti dövr olacaq.
AzVision.az xarici Kİv-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) verdiyi açıqlamada qeyd edilib. Bütün planetə təsir edən hava hadisəsinin qarşıdakı aylarda tədricən təsirini artıracağı bildirilib.

NOAA-nın iqlim mütəxəssisi Mişel L'Heureux verdiyi açıqlamada bildirib ki, "El Nino" gücündən asılı olaraq dünyanın bəzi yerlərində quraqlıq riskini artıracaq, güclü yağış kimi müxtəlif mənfi təsirlərə səbəb olacaq və planetimiz temperatur rekordunu yaşayacaq.

NASA may ayında "Sentinel-6 Michael Freilich" adlı peykdən alınan məlumatlara istinad edərək Sakit Okeanın ekvatorial hissəsində "El Nino"nun inkişaf əlamətlərinin olduğunu bildirmişdi.

"El Nino"nun Afrika, Avstraliya və Asiya qitəsinin bəzi bölgələrində quraqlığa, Hindistanda musson yağışlarının zəifləməsinə, Amerikanın cənub və mərkəzi hissələrində güclü yağışlara səbəb olacağı gözlənilir.

İngilis elm adamları isə əldə edilən məlumatlara görə, hazırda "El Nino"nun gücləndiyini və 2023-cü ilin sonunda ən şiddətli vəziyyətə gələcəyini təxmin ediblər. Onlar 2024-cü ildə yeni qlobal temperatur rekordu ehtimalının yüksək olduğuna diqqət çəkib.

ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, "El Nino" hava hadisəsi orta hesabla hər 2-7 ildən bir baş verən, Sakit Okeanın ekvator yaxınlığındakı mərkəzi və şərq hissələrində dəniz səthinin orta səviyyəsindən yuxarı temperaturu ilə özünü göstərən iqlim hadisəsidir. Bu fenomeninin iqlimə təsiri Sakit Okeanın hüdudlarından kənara da çata bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti