İran Avropa ölkələrini “xoş niyyətli” olmağa çağırıb

   İran Avropa ölkələrini    “xoş niyyətli”    olmağa çağırıb
  08 İyun 2023    Oxunub:841
İranın nüvə probelmi məsələsində Tehran və MAQATE arasında əməkdaşlıqla bağlı həm bu qurumun rəhbərliyindən, həm də JCPOA-da (İranın nüvə problemi üzrə 5+1 formatı) təmsil olunan Avropa ölkələri arasında ikitərəfli “deyişmə”lər davam edir. İran tərəfi ona qarşı sürülən ittihamları inkar edərək, əks tərəfi konstruktiv mövqe tutmağa səsləyir.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Tehranın Abadə ərazisində baş verən partlayışlarla bağlı İranın izahatlarını tənqid etməsi fonunda İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Möhsün Nəziri Əsəl Avropa hökumətlərinə “qeyri-konstruktiv” mövqedən çəkinmələri barədə xəbərdarlıq ünvanlayıb.

Nəziri Əsəl MAQATE-nin İdarə heyətinin iclasında Avropa güclərini İranın bu qurumla əməkdaşlığına dair səhvə yol verməkdə günahlandırıb:

“İranın nüvə fəaliyyəti, o cümlədən uranın müxtəlif səviyyələrdə zənginləşdirilməsi tamamilə dinc və İran xalqının hüquqlarına uyğun şəkildə, agentliyin nəzarəti və yoxlaması altındadır. İranla MAQATE arasında geniş əməkdaşlığa və müvafiq əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Avropa İttifaqının, habelə üç ölkənin—Almaniya, İngiltərə və Fransanın köhnəlmiş taktikalara əl atmaqda davam etməsi, İranla agentlik arasında mövcud əməkdaşlığı hədəfləmək üçün siyasi motivlərlə çirkin oyun oynaması ciddi narahatlıq doğurur. ABŞ-ın qeyri-qanuni birtərəfli məcburi tədbirləri və İranın aktivlərinin müsadirəsi ilə Avropanın əməli əməkdaşlığı JCPOA-nın şifahi dəstəyi ilə tamamilə ziddiyyət təşkil edir”, - iranlı məmur deyib.

Möhsün Nəziri Əsəl habelə Avropa hökumətlərini “təxribatçı və qeyri-konstruktiv” münasibətdən çəkinməyə, “xoş niyyətli” olmaqla, ümumi narahatlıq doğuran məsələnin sülh yolu ilə həllinə aparan prosesdə işləməyə davam etməyə çağırıb.
AzVision.az


Teqlər: Avropa   İran  





Xəbər lenti