Su altında qalan Xersonun peyk görüntüləri - FOTOLAR
Ərazinin müqayisəli görüntülərindən anlaşılır ki, yaşayış məntəqələri tamamilə su altında qalıb. Şəkillərdə yaşıl və ya qəhvəyi rəngdə göstərilən torpaq sahəsi praktiki olaraq yox olub. Onun yerini tünd su kölgəsi alıb.
Qeyd edək ki, Ukraynanın cənubunda, Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən "Nova Kaxovka" su anbarı vurulub. Dnepr çayı üzərindəki bənd bölgədə böyük daşqınlara səbəb olub. Tərəflər isə bəndin vurulmasına görə bir-birini günahlandırırlar.
Ukrayna ordusu Rusiya qüvvələrinin bəndi partlatdığını iddia edib. "Kaxovka bəndi Rusiya işğalçı qüvvələri tərəfindən partladılıb", - deyə Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığının məlumatında bildirib.
Rusiya xəbər agentlikləri isə Rusiya qüvvələrinin nəzarətində olan bəndin bombardman nəticəsində dağıdıldığını, bir rus rəsmisi isə "terror hücumu olduğunu" vurğulayıb.
Hündürlüyü 30 metr, uzunluğu 3,2 km olan bənd 1956-cı ildə "Kaxovka" su elektrik stansiyasının tərkibində Dnepr çayı üzərində tikilib. Su anbarı həmçinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasını və Rusiyanın nəzarətində olan Zaporojjya AES-ni də su ilə təmin edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Kaxovka