İranın nüvə proqramı: Avropanın üç ölkəsi birgə bəyanat verdi

  İranın nüvə proqramı:  Avropanın üç ölkəsi birgə bəyanat verdi
  08 İyun 2023    Oxunub:1263
Tehranın nüvə silahının istehsalı üçün uranın zənginləşdirilməsi yönündə aparılan işləri intensivləşdirməsinə yalnız MAQATE yox, həm də JCPOA-da (İranın nüvə problem üzrə 5+1 formatı) iştirak edən dövlətlər də reaksiya veriblər.
AzVision.az xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossinin qurumun Rəhbərlər şurasına İranın nüvə proqramı ilə bağlı hesabat təqdim etdikdən sonra, JCPOA-da təmsil olunan Almaniya, İngiltərə və Fransa birgə bəyanat yayıblar. Həmin bəyantda İranın nüvə proqramını inkişaf etdirməklə bağlı hərəkətlərinin mülki əsası olmadığı vurğulanır.

“Ötən aylarda İran heç bir mülki əsası olmayan nüvə proqramı ətrafındakı gərginliyi “dayanmadan” artırıb və mart ayında MAQATE ilə birgə bəyanatın əksinə olaraq, nüvə fəaliyyətlərinə aydınlıq gətirmək üçün çox az istək nümayiş etdirib. İranın zənginləşdirilmiş uran ehtiyatları JCPOA-da müəyyən edilmiş limitdən 21 dəfə çoxdur. 60%-lik uran ehtiyatları 1/3 artaraq 114 kiloqramı ötüb ki, bu da “üç nüvə bombası” hazırlamaq üçün kifayətdir”, - üçtərəfli bəyanatda deyilir.

Bu ölkələrin hökumətləri İranın uran ehtiyatlarının vəziyyətinin, nüvə fəaliyyətlərinin əhəmiyyətli dərəcədə inkişafının, o cümlədən nüvə obyektlərində yeni qabaqcıl sentrifuqaların quraşdırılmasının və nüvə bombalarının istehsalında istifadə olunan uran metalının istehsalının, Tehranın nüvə proqramının mahiyyəti və niyyətləri ilə bağlı “ciddi suallar” yaratdığını bildirirlər.

Çünki 84%-ə yaxın uran hissəciklərinin aşkar edilməsi çox həssas və ciddi məsələdir. Xüsusilə İrandakı nüvə avadanlığının konfiqurasiyası istənilən vaxt 60%-dən yuxarı uran hissəciklərini istehsal etməyə imkan verir ki, bu da təhlükəli dərəcədə İranı nüvə bombası istehsalına yaxınlaşdırır.

London, Berlin və Paris İranı JCPOA koordinatorunun bu formatı canlandırmaq üçün təxminən bir il əvvəl təqdim etdiyi ədalətli və balanslı təklifdən boyun qaçırmaqda və bunun əvəzinə nüvə proqramını sürətləndirməyə qərar verməkdə günahlandırır. Onlar yaranmış vəziyyətə görə məsuliyyətin tamamilə İranını üzərinə düşdüyünü bəyan ediblər.

AzVision.az





Teqlər: Avropa   İran  





Xəbər lenti