“Payızda gərginlik arta bilər” – Mixail Neyjmakov

   “Payızda gərginlik arta bilər” –    Mixail Neyjmakov
  29 May 2023    Oxunub:1775
“Nikol Paşinyanın sanksiyalarla bağlı açıqlamaları Moskva ilə siyasi sövdələşmə elementi də ola bilər. Yəni istisna deyil ki, o, “İrəvanın Rusiya ilə iqtisadi əməkdaşlığı həyata keçirərkən getdiyi risklər kompensasiya olunmalıdır” demək istəyir. Ümumiyyətlə, Nikol Paşinyan komandasının bir çox publik addımlarını və bəyanatlarını Kremlə mesajların ardıcıllığı ilə izah etmək olar”.
Bu sözləri AzVision.az -a müsahibəsində Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov deyib. Onun fikrincə, Çox güman ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdəki qeyri-sabit atmosfer 2023-cü ilin ikinci yarısında da davam edəcək. Bakı ilə İrəvan arasında gərginlik artarsa, bir tərəfdən Nikol Paşinyanın Moskvaya qarşı ritorikası kəskinləşə, digər tərəfdən isə Ermənistan rəhbərliyi ilə Kreml arasında gizli danışıqlar daha da aktivləşə bilər.

- Paşinyan hələ ki iki stulda oturmağı bacararaq, Qərblə Rusiya arasında manevrlər edir. Sizcə, bu nə vaxta qədər davam edəcək və Rusiya Federasiyası ilə Qərb arasında son seçimi etmək məqamı gələndə Ermənistan hansı vəziyyətdə olacaq?
- Nəzəri cəhətdən İrəvana “son seçimi etməyi” məhz Qərb oyunçuları təklif edə bilərlər - məsələn, sanksiyaları növbəti dəfə artırmaq və Moskvaya qarşı digər təzyiqlər çərçivəsində. Ancaq indi Qərb dövlətləri belə bir addım atacaqmı? Qərbin postsovet ölkələrinə hələ ki “dəqiq seçim etmək” tələbini qoyacağı gözlənilmir. Bundan əlavə, İrəvanın hər halda Moskva ilə bir çox məsələlərdə - silah alışından tutmuş, iqtisadi əlaqələrə, o cümlədən Rusiya qazının Ermənistana nəqlinə qədər əməkdaşlıq etməsi obyektiv əhəmiyyət kəsb edir. Təbii ki, iqtisadi maraqlar heç də həmişə münasibətlərin soyumayacağının qarantına çevrilmir: bu mənada Rusiya ilə Aİ arasındakı münasibətləri xatırlamaq yerinə düşər.
Onu da qeyd edək ki, təhlükəsizlik sahəsində Aİ və ya ABŞ İrəvana konkret təminat vermir, məsələn, Ermənistana “toxunanlar”ın sərt sanksiyalarla üzləşəcəyini bəyan etmirlər. Qərb dövlətlərinin belə təminat verəcəyinə dair heç bir əlamət yoxdur. Ermənistanla əməkdaşlıqda bu cür ciddi siyasi sərmayələrin Qərb oyunçuları üçün “bəhrə verəcəyi” vəziyyət hələlik müşahidə olunmur. Yəni Nikol Paşinyan hökuməti ən azı qısamüddətli perspektivdə Rusiya ilə Qərb dövlətləri arasında balansı saxlamağa davam edəcək.

- Azərbaycan-Ermənistan sərhədində silahlı təxribatlara rəvac verməkdə erməni tərəfin məqsədi nədir?
- Danışıqların intensivliyi artsa belə, yaxın aylarda sərhəddə silahlı insidentlərin vaxtaşırı baş verməsi ehtimalı var. 2023-cü ilin payızında genişmiqyaslı silahlı eskalasiya riskinin müşahidə olunacağı gözlənilir. Belə bir şəraitdə Azərbaycana güzəştlərin müzakirəsi Paşinyanın komandası üçün payızda baş tutmalı olan İrəvan Ağsaqqallar Şurasına seçkilər ərəfəsində problemli fon yaradır. Bu, Ermənistanın baş nazirini Bakıya qarşı vaxtaşırı daha sərt ritorikaya sövq edə bilər.
Digər tərəfdən, danışıqların gedişində nə qədər az irəliləyiş olarsa və yayda sərhəddə vəziyyət nə qədər gərgin qalarsa, payızda silahlı eskalasiya riski bir o qədər yüksək olacaq.

- Türkiyədə keçirilən seçkidə Ərdoğanın yenidən qalib gəlməsi nə vəd edir?
- Yenidən seçilmək istəyən prezidentlərin ikinci turda qələbə qazanmasına dair çoxlu nümunələr var. Bu barədə Fransa tarixindən misallar gətirə bilərik. 2002-ci ildə Jak Şirakın Jan-Mari Le Pen, 2022-ci ildə isə Emmanuel Makronun Marin Le Pen üzərində qələbələrini xatırlayaq. 1965-ci ildə Şarl de Qoll və 1988-ci ildə Fransua Mitteran da ikinci turda qalib gələrək, yenidən seçiliblər. Üstəlik, bu liderlərin hər ikisinin ilk turlardakı nəticələri Rəcəb Tayyib Ərdoğanın nəticələrindən aşağı idi. Məsələn, 1988-ci ildə Mitteran birinci turda cəmi 34,1% toplamışdı.
Təbii ki, bu liderlərlə Ərdoğanın bugünkü vəziyyətinin nə dərəcədə fərqli olduğunu xeyli müzakirə etmək olar. Aydındır ki, o, yürütdüyü xətti daha əminliklə davam etdirəcək.
Kamal Qılıncdaroğluna gəlincə, mətbuatda bu siyasətçi adətən amerikapərəst xəttlə əlaqələndirilsə də, Pekinin onunla və tərəfdarları ilə münasibətlər qurmaq üçün kifayət qədər aktiv addımlar atdığını qeyd etməliyik. Məsələn, 2022-ci ildə Çinin Ankaradakı səfiri onunla əlaqə saxlayıb və elə həmin il Çin diplomatlarının da iştirak etdiyi nümayəndə heyəti ilə Cümhuriyyət Xalq Partiyası arasında danışıqlar aparılıb.

Qafqaz Ömərov
AzVision.az



Teqlər: Ekspert  





Xəbər lenti