“Ermənistan revanşa cəhd etsə, Rusiya onun yanında olmayacaq” - Dmitri Solonnikov

   “Ermənistan revanşa cəhd etsə, Rusiya onun yanında olmayacaq” -    Dmitri Solonnikov
  22 May 2023    Oxunub:3690
“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin intensivləşdiyini görürük. ABŞ, Avropa İttifaqı və Rusiya ilə danışıqlar aparılıb. Bu cür intensivləşmə sülh müqaviləsinin imzalanmasını təşviq edir, ancaq bəzi məqamlar, mürəkkəb məsələlər hələ də müzakirə olunur. Ermənistan Qarabağın erməni icmasını Azərbaycandakı digər milli azlıqlardan bir qədər fərqli statusda görmək istəyir”.
Bunu AzVision.az -a açıqlamasında rusiyalı politoloq Dmitri Solonnikov deyib. Onun sözlərinə görə, Ermənistan həm də xarici tərəfdaşları ilə birlikdə Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasında qarant olmaq istəyir. İrəvanın bu qəribə formulu Azərbaycan tərəfi narazı salır. Ermənistan danışıqlarda öz mövqeyini gücləndirmək üçün Avropa ölkələrini prosesə cəlb edir, informasiya fonu yaratmaq məqsədilə Azərbaycanla sərhəddə təxribatlar törədir ki, avropalı dostları Bakıya təzyiq göstərsinlər.

Solonnikov qeyd edib ki, Ermənistanın danışıqlar prosesini sabotaj etmək cəhdləri daha çox kənar sponsorlar tapmaq üçündür. Fransa da potensial sponsor kimi fəallıq edir: “Paris fransız Afrikasında uduzdu, oradan getməsi tələb olundu. Fransa Polineziyasında keçirilən seçkilərdə qalib gələn Müstəqillik Partiyası referendum keçirmək və Parisin nəzarətindən çıxmaq məsələsini gündəmə gətirir. Bu səbəbdən Fransa xarici siyasətdəki itkilərini kompensasiya etmək üçün alternativ axtarır və burada biz Parisin heç vaxt ciddi maraqlarının olmadığı Cənubi Qafqaza daxil olmaq cəhdlərini müşahidə edirik. Bu, Fransanın Rusiyanı sıxışdırmaqla burada nəyisə həll edə biləcəyini göstərmək cəhdidir”.

Ekspertin fikrincə, Ermənistana Fransa silahlarının veriləcəyindən danışmaq hələ tezdir. Fransa iqtisadiyyatında işlər o qədər də yaxşı getmir. “Əlbəttə, daha Afrika və Asiyada populyar olmayan silahlarının Ermənistanın hesabına silinməsi Parisə sərf edir. Bunlar heç kimə lazım olmayan, demək olar, pulsuz verilən silahlardırsa, Ermənistan bu hədiyyəni qəbul edə bilər. Bundan sonra erməni hərbçilərinin NATO standartlarına uyğun yenidən hazırlanması məsələsi gəlir. Belədirsə, bu, Ermənistan üçün KTMT-dən, Rusiya ilə müttəfiqlik münasibətlərindən çıxış yoludur. Amma eyni zamanda İrəvanı çox çətin vəziyyətə salır. Əgər erməni revanşistləri yeni qarşıdurma yaratmağa çalışsalar, necə olacaq? Keçən dəfə Ermənistanı tam məğlubiyyətdən Rusiyanın müdaxiləsi xilas etdi. Əgər revanş cəhdi olarsa, Rusiya artıq Ermənistanın müttəfiqi olmayacaq. Bu, Ermənistanın tam məğlubiyyəti deməkdir. Bu baxımdan fransız silahları heç bir işə yaramayacaq”,- Solonnikov deyib.

O bildirib ki, Fransa silahlarının tədarükü ilə bağlı danışıqları Ermənistanın suveren hüququ sayır. Bu cür danışıqlarda heç bir strateji xətt yoxdur, ona görə də, Rusiya üçün prinsipial məsələ deyil. Ancaq Ermənistan getdikcə daha dərin siyasi nəticələrə aparan gedişlər edərək, Rusiya ilə inteqrasiya proseslərindən çıxsa, onda Ermənistanın iqtisadiyyatına və siyasi çəkisinə ciddi zərbə dəyəcək. Ermənistan Rusiyadan silahları əsasən kredit hesabına alır. Fransa çətin ki, Ermənistana silah almaq üçün eyni güzəştli şərtlər təqdim etsin. Əgər revanşistlər qalib gəlsə, o zaman uduzan erməni xalqı olacaq”, - politoloq fikrini yekunlaşdırıb.

Tariyel Həsənov
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti