Ermənilər Rusiyanı atıb, İranı tutur - Sorğunun nəticələri

  Ermənilər Rusiyanı atıb, İranı tutur  - Sorğunun nəticələri
  15 May 2023    Oxunub:5494
Amerikanın “Beynəlxalq Respublikaçılat İnstitutu” iki sosial sorğunun nəticələri barədə hesabat açıqlayıb. Həmin nəticələr Ermənistandakı ictimai-siyasi tendensiyalar haqqında müəyyən təsəvvürlərlə yanaşı, bəzi suallar da yaradır.
Ermənistanın təhlükəsizliyinin təminatı mövzusunda keçirilən birinci sorğuda respondentlərin 54%-i məhz İranı hamıdan önə qoyublar. Bu baxımdan, hətta daim Ermənistana bacılıq edən Fransa 52%-lə ikinci yerlə kifayətlənməli olub. Tarixən Ermənistana havadarlıq edən və onu yedəyində gəzdirən, bəsləyən Rusiya isə rəyi soruşulanların yalnız 50%-nin rəğbətini qazanaraq, fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. Bu məsələdə ABŞ və Avropa İttiaqına (Aİ) inananların sayı müvafiq qaydada 37 və 22 faiz təşkil edib.

Ermənistanın əsas siyasi tərəfdaşları haqqında rəylərdə də ciddi dətişikliklər baş verib. Bu göstərici üzrə ötən il 50%-lə ikinci yeri tutan Fransa 25% irəliləyərək liderliyi ələ alıb. Keçən il 57%-lə birinci olmuş Rusiya isə 7% itirərək 4-cü yerə enib.
İndi respondentlərin 52%-nin etimadını qazanmış ABŞ bu göstərici üzrə 3-cü yerini qoruyub saxlaya bilib. Halbuki, ötən il bu yöndə ona inam 38% təşkil edirdi. Sonrakı yerləri Aİ (36%), Çin (33%) və Gürcüstan (22%) tutublar.

Maraqlıdır ki, Ermənistanın əsas siyasi tərəfdaşları parametri üzrə ötən illə müqayisadə fantastik sıçrayış məhz İrana yanaşmada baş verib. Əgər ötən il Ermənistan əhalisinin yalnız 23%-i İrana belə münasibət sərgiləyirdisə, indiki sorğuda İran respondentlərin nə az, nə çox düz 67%-nin rəğbətini qazanaraq, ikinci yerə yüksəlib. Bir sözlə, erməni cəmiyyətində 44% artım nümayiş etdirib.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, rəyi soruşulanların nəzərində iqtisadi baxımdan Ermənistana təhdid saydıqları Türkiyə və Azərbaycandan sonra 3-cü yerdə Rusiya dayanır. Bu müstəvidə vəziyyət Rusiyanın ziyanına olaraq 17%-dən 28%-ə artıb. Halbuki, xaricdən Ermənistana daxil olan pulların və resursların əhəmiyyətli hissəsi məhz Rusiyadan gəlir.

Ermənistanın digər ölkələrlə münasibətini işıqlandıran ikinci sorğunun nəticələrinə əsasən, bu müstəvidə 96%-lə birincilik böyük bacıya—Fransaya məxsusdur. İkinci fəxri sırada 91% etimad qazanan İran qərarlaşıb. 3-4-cü yerləri ABŞ (88%) və Aİ (86%) tutublar. Ermənistana daim himayədarlıq edən, indiyədək də ona ən ucuz məzənnəyə qaz satan, milyardlarla silah-sursat bağışlayan Rusiya ilə münasibətləri müsbət qiymətləndirən respondentlərin sayı isə cəmi 50% olub.

Sözüsüz ki, Ermənistan cəmiyyətində ruslara münasibətin əhəmiyyətli dərəcədə neqativ məcraya dəyişməsi ənənəvi erməni “minnətdarlığı”nın ən bariz nümunəsi kimi Rusiyadakı ermənilərdən daha çox erməni olmağa can atan Zatulin, Aleksandrov və Mixeyev kimi “ekspert”lərə ciddi dərs olmalıdır. Amma daha maraqlı məqam budur ki, ABŞ və Fransa İranı ifrat düşmən saydıqları, onun inkişafını hər vəchlə əngəllədikləri halda, ermənilər Tehrandakı teokratik rejimə böyük hüsn-rəğbət sərgiləyir və onu "Ermənistanın xilaskarı" kimi qiymətləndirirlər.

Əslində bu elə də təəccüblü deyil. Çünki Ermənistanın ilk prezidenti qərbpərəst Levon Ter-Petrosyan da 90-cı illərin birinci yarısında məhz İranın Ermənistanı süqutdan xilas etdiyini vaxtilə açıq şəkildə bildirmişdi. Həmin vaxt Azərbaycana qarşı təcavüzkar müharibə aparan Ermənistanı İrandakı teokratik rejimin xilas etməsi Qərbdə heç bir narazılıq və sorğu-sual doğurmamışdı.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: İran   Ermənsitan  





Xəbər lenti