Gərgin mübarizə, böyük suallar: Türkiyədəki seçkidən sonra nələr dəyişə bilər - Şərh

  Gərgin mübarizə, böyük suallar:  Türkiyədəki seçkidən sonra nələr dəyişə bilər -  Şərh
  12 May 2023    Oxunub:3801
Türkiyə xalqı önəmli seçim qarşısındadır. Ölkədə prezident seçkilərinə cəmi 2 gün qalır. Seçkiöncəsi proseslər göstərdi ki, qarşıda bizi gərgin mübarizə gözləyir.
Seçkiyə bir neçə gün qalmış Məmləkət Partiyasının namizədi Məhərrəm İncə geri çəkildi. Səbəb kimi ona aid olması iddia edilən qeyri-etik videolar, o cümlədən, 5 milyon dollarlıq birdəfəlik gəlir əldə etməsi haqqında məlumatlar göstərilir. Siyasətçi bunların FETÖ tərəfindən törədilmiş təxribat olduğunu bildirərək, dövləti bu məsələlərlə bağlı araşdırmalar aparmağa çağırıb. Bunula da seçkilərdə mübarizə aparacaq namizədlərin sayı 3-ə düşdü: “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Məsələni AzVision.az-a şərh edən siyasi təhlilçi Turab Rzayev deyib ki, hazırda Türkiyədə siyasi qütbləşmənin dərinləşməsi prosesi müşahidə edilir. Sanki ölkədə qarşı-qarşıya duran iki ideoloji cəbhə formalaşıb. Bir tərəfdə Rəcəb Tayyib Ərdoğan, digər tərəfdə isə ona qarşı çıxanlar dayanırlar. İqtidara qarşı çıxan qüvvələrin əsas istəyi məhz Kılıçdaroğlunun seçilməsi yox, ümumiyyətlə Ərdoğanın hakimiyyətdən getməsidir. Bunu gizlətmir, açıq ifadə edirlər.


- Həmin qüvvələr İncəyə və ya müxalifətin digər namizədlərinə "xəyanət" ittihamları yağdırırlar. Artıq 45 gündür ki, İncə çıxışlarında şantajlar, təhdidlər, saxta xəbərlərdən danışır. Sonda onun namizədliyini geri götürməyə məcbur etdilər. Ancaq bu şəkildə seçkidən çəkilmək uğurlu gediş sayılmır. Çünki hamı gördü ki, o adamı faktiki olaraq saxta görüntülər, “dəlillər”lə meydandan çıxmağa məcbur etdilər. Hətta onun səhhətində ciddi problemlər yaranmışdı, az qala infarkt keçirəcəkdi. Bu məsələ CHP-nin səslərinə də mənfi təsir edə bilər, - politoloq qeyd edib.

Turab Rzayev təssüflə bildirib ki, qalmaqallı metodlar Türkiyə müxalifətinin əsas şantaj alətlərindən birinə çevrilib. O, Kılıçdaroğlunun “Altılı masa”ya "qumar masası" deməsini xatırladıb, sonradan Meral Akşenerin təzyiqilə masaya geri qaytarılmasını yada salıb. İndi isə İncənin namizədliyi ilə bağlı məsələlər meydana çıxdı. Hazırda İncəni məcbur edirlər ki, Ankara mitinqində Kılıçdaroğlunun yanında görünsün və onu dəstəkləsin. Amma böyük ehtimalla o, bunu etməyəcək.


Seçkilərdən sonra Türkiyənin beynəlxalq məsələlərlə bağlı mövqeyinin dəyişib-dəyişməməsi əsas suallardan biridir. Türkiyə neytral siyasət yürüdür. Qərblə Rusiya arasında balans qurub. Sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Ankara hazırda Qərb və Ukrayna ilə Kreml arasında vasitəçi rolunu oynayan əsas güc kimi tanınır. Ortada tarixi “Taxıl anlaşması”, Azovstalda "yaşıl dəhliz", əsirlərin dəyişdirilməsi prosesi, Antalya sammiti və s. misallar var. Belə bir vəziyyətdə Kılıçdaroğlunun Qərbə üz tutması heç də müsbət hal olmayacaq.

- Bu, faktiki qardaş ölkənin bütün iqtisadi imkanlarının sıfırlanması demək olar. Türkiyə enerji, turizm və s. baxımından Moskvaya, eləcə də Tehrana bağlıdır. Ankara Rusiyadan əldə edilən faydalardan, iqtisadi gəlirlərdən məhrum olacaq. Digər tərəfdən, Türkiyə faktiki NATO-nun bölgədəki forpostu rolunu oynamağa başlayacaq. Yəni müstəqil xarici siyasi xətti olmayacaq. Kılıçdaroğlunun mesajlarından belə anlaşılır ki, yeni komanda birbaşa alyansın əmrlərini icra edəcək. Xatırladaq ki, Alyans Qarabağ problemində Türkiyənin dəstək və yardımlarının əleyhinə idi. Bu qüvvələr iqtidara yiyələnərsə, Türkiyənin xarici siyasəti iflasa uğraya bilər,- Turab Rzayev qeyd edib.


Kılıcdaroğlu İncənin video qalmaqalı mövzusunda da siyasi oyun oynamağa davam edir. O, süni şəkildə oxları Rusiyaya qarşı çevirir. Qəribəsi isə ondadır ki, qalmaqallı görüntüləri yayan mənbə ABŞ-da yerləşir.
- Bunu paylaşanların bir neçəsini tanıyıram. Onlar Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən şəxslərdirlər. Kılıçdaroğlu ABŞ kəşfiyyatı ilə əlaqədə olanların paylaşdıqları video ilə bağlı “Bunu Rusiya edib”, “Olayda Kremlin əli var” demək və ya rus dilində xəbərdarlıq tviti yazmaqla əslində istiqaməti dəyişdirməyə çalışır. O, bir neçə gün əvvəl “kasetim yayılacaq” deməklə özünü də sığortalamağa çalışmışdı. Halbuki, mənbə də, onu yayanların hansı mərkəzə bağlı olması da bəllidir. İstiqaməti Rusiyaya yönəltmək heç bir halda uğurlu olmayacaq və bu sübut ediləcək bir məsələ də deyil, - ekspert vurğulayıb.

Politoloq iqtidar dəyişikliyinin reallaşacağı təqdirdə Azərbaycanla münasibətlərin necə qurulacağına da toxunub. Onun sözlərinə görə, bəzi məsələlər var ki, onların dəyişməsi real deyil. Məsələn, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi dəyişməzdir. Bu, dövlət siyasətidir. Yəni strateji müttəfiqlik sadəcə hazırki Türkiyə prezidentinin şəxsi siyasəti sayılmır.


- Ancaq bu məsələdə dövlət başçılarının şəxsi baxışları və xarakterləri də rol oynayır. Kılıçdaroğlunun qalmaqallı “Turan yolu” layihəsinə baxanda dəhlizin Azərbaycandan yan keçdiyini gördük. Əvəzində isə İran əsas məkan kimi seçilib. Bundan əvvəl də siyasətçi sırf ələvi olması səbəbindən Bəşər Əsədi müdafiə etdiyini və İrana simpatyasının olduğunu göstərirdi. İndi bir tərəfdən “bizim yolumuz Qərbədir” deyib, Rusiyaya qarşı çıxır, digər tərəfdən isə “Həyatının ən böyük layihəsi” adlandırdığı proyektin Qərbi xeyli hiddətləndirəcəyini bəyan edir. Heç özü də xarici siyasətini necə quracağını müəyyənləşdirməyib, gələcək layihələrini düzgün qurmayıb... Bir sözlə, Kılıçdaroğlunun Azərbaycana baxışda Ərdoğan qədər səmimi və yaxın olmayacağı ortadadır,- ekspert deyib.

Məsələnin başqa məqamları da var. Kılıçdaroğlunun xarici siyasət müşaviri Ünal Çeviközdür. Bu keçmiş diplomat Qarabağ müharibəsi zamanı Türkiyəni terrorda və "Azərbaycana mənasız yardımda", ermənilərə qarşı isə "soyqırımı"nda ittiham etmişdi... CHP tərəfdarları onun idarə heyətinə seçilməsinə imkan verməmişdilər. Belə bir şəxsi özünə müşavir edən lider Azərbaycana nə qədər yaxın olacaq?

"Bizim strateji müqaviləmiz qüvvədə qalacaq. Bakı Türkiyənin Qafqaz və Orta Asiya siyasətində həmişə mərkəzi rol oyanayacaq. Ancaq liderlərin şəxsi keyfiyyətlərinin də əhəmiyyəti var. Bununla bağlı suallar çoxdur... Kılıçdaroğlu lazımi məqamda Azərbaycana "F-16"lar göndərə biləcəkmi? Qarabağa Ermənistan və ya başqa dövlət tərəfindən müdaxilə olsa, “mən də Azərbaycanın tərəfindən münaqişəyə qarışacağam” deyə biləcəkmi? Qətiyyətli olacaqmı? Yəni Qərbə boyun əymədən qardaş ölkə yenə də haqq işimizi birmənalı dəstəkləyəcəkmi? Açığı, mən Kılıçdaroğlunda Qərbə qarşı belə bir duruş, dirəniş sərgiləyəcək lider tipi görmədim",- təhlilçi vurğulayıb.

Tural Tağıyev
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti