“Türk xalqlarının diasporları fəaliyyətlərini birləşdirməlidir” – Mehmet Yücə (Müsahibə+Video)

   “Türk xalqlarının diasporları fəaliyyətlərini birləşdirməlidir” –    Mehmet Yücə (Müsahibə+Video)
  11 May 2023    Oxunub:12838
Müasir dövrdə maliyyə resurslarının axını, elmi nailiyyətlərin və yüksək texnologiyaların mübadiləsi məsələsində diasporların nüfuzu xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, tarixi vətənlərinin dünyada tanıdılması, onun maraqlarının təbliği və müdafiəsi müstəvisində diasporların fəaliyyətinin gücləndirilməsi ən önəmli vəzifələr sırasında yer alır.
Türkiyənin Ege universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Mehmet Yücə AzVision.az -a müsahibəsində güclü diasporun formalaşmasının şərtləri və onun tarixi vətənlə əlaqələrinin necə qurulması ilə bağlı fikirlərini bölüşüb.

- Diaspor günümüzdə önəmli faktor kimi dövlətlərarası münasibətlərin davamlı olmasına xidmət edir. Özəlliklə bir çox qərarların verilməsində, iqtisadi əlaqələrdə, ölkələr arasındakı ilişgilərdə, sərmayələrin hərəkətində, yatırımlarda ciddi bir element kimi vacib rol oynayır. Diaspor anlayışı 19-cu əsrdə ortaya çıxsa da, 20-ci əsrdə təsirli aktor kimi dövriyyəyə daxil olub. Əslində yunan mənşəli anlayış olan diaspor güc anlayışı ilə sıx əlaqədədir. Amma hər mühacirət diaspor əmələ gətirmir. “Diaspor” anlayışının müzakirə mövzusu olması üçün eyni millətin başqa ölkəyə köçmüş nümayəndələrinin təşkilatlanması və birlikdə hərəkət etmələri zəruridir. Diaspor - hər hansı bir millətin və yaxud da inanc mənsublarının yurdlarından kənarda bir azlıq olaraq yaşadıqları yer, ya da ki, bir millətin yurdundan ayrılmış qolu anlamını verir.
Diasporlarda yaşadıqları ölkəyə aidiyyət hissi güclü olmur. Onlar bir gün ana vətənlərinə dönəcəkləri düşüncəsi ilə yaşayırlar. Ortaq tarix ortaq tale üzərində birləşirlər. Ona görə də, diaspor ana vətənin inkişafı naminə ticari, siyasi və bu kimi qarşılıqlı əməkdaşlıq siyasətində iştirak edir.


- Diasporlar tarixi vətənlərinin maraqları naminə olduqları ölkənin xarici siyasətinə təsir edə bilirlərmi?
- Diasporlar həm yaşadıqları, qonaq olduqları ölkə, həm də ana vətənləri ilə münasibətdə olurlar. Çox zaman yaşadıqları ölkənin hüdudlarını aşaraq, dövlətlərarası vətəndaş cəmiyyətinə çevrilirlər. Məskunlaşdıqları ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olur, dövlətlə, sosial-iqtisadi qurumlarla güclü münasibətlər qurular. Lakin bununla kifayətlənməyərək, digər ölkələrdə lobbi fəaliyyəti göstərən diasporlarla da münasibətlər yaradırlar. Yəni dövlətlərarası məkanda da fəaliyyət göstərirlər. Dünya siyasətində diasporların güclü bir aktora çevrildiyiyni görürük. Yeri gəlmişkən, diasporun daxilində ixtisaslaşma da gedir.

- Tarixi vətənə investitsiyaların qoyulması, yaxud cəlb olunması baxımından diasporanın rolu nədən ibarətdir?
- Diaspor sahibkarlığı iqtisadiyyatda öz varlığını daim hiss etdirir. Maliyyə aləmində və mediada güclü lobbiçilik nümayiş etdirən yəhudi diasporunu buna örnək kimi göstərə bilərik. Yaxud, Çin və Hindistan kimi ölkələr sərmayələrin yönləndirilməsi və strateji sektorların dövlətlərarası rəqabətə açılması üçün diasporlarından istifadə edirlər. Diasporlar öz ana ölkələri üçün üstünlüklər təmin etməkdə maraqlıdırlar. Məsələn, vətənlərinə yatırım yönləndirə bilirlər. Öz ölkələrini dünyada tanıtmağı bacarırlar.
Diaspor daxilində ziyalılar və elm adamları önəmli rol oynaya bilirlər. Bu səbəbdən, ölkələr diaspor daxilindəki elm adamaları ilə əlaqələr quraraq, onların imkanlarından yararlanmaq istəyirlər. Məsələn, texnika, səhiyyə, sosial sahədəki elm adamları mütəxəssis kimi çalışdıqları sahələrdə güclü mövqeyə malik olduqları üçün, tarixi vətənlərinin lehinə qərarların qəbuluna nail ola bilirlər.
Bəzən diasporun intellektual imkanlarından da yararlanmaq olur. Xüsusilə də, birinci və ya ikinci nəsil diaspor təmsilçiləri geri dönərək, qazandıqları təcrübəni ölkələrinin xeyrinə tətbiq edirlər. Onlar texnoloji transferdə öncüllük edə bilirlər. Xüsusilə də əgər böyük və inkişaf etmiş ölkələr texnologiyalar sahəsində çalışırlarsa.
Onlar habelə, sərmayə axını məsələsində də ciddi rola malikdirlər. Məlumdur ki, sərmayə çox ehtiyatla hərəkət edir. Bir ölkəyə yatırım qoyulması üçün bəzi şərtlərin təmin olunması vacibdir. Bu mənada diaspor üzvləri öz vətənlərinə güvəndikləri üçün ora sərmayə yönəldirlər. Türkiyədə son vaxtlar bunun nümunəsini görürük. Qərbdə Türkiyəyə qarşı aparılan təbliğata rəğmən, türk əsilli iş adamları ölkəyə ciddi sərmayə yatırırlar.

- Son 40-50 ildə hansı diasporaların böyük sıçrayış etdiyini söyləmək olar?
- Tarixən yəhudi, erməni, Çin və Afrika diasporlarından danışa bilərik. Yəhudilərdən sonra ən güclü diasporlardan biri ermənilərdir. Onlar xüsusilə də Amerika başda olmaqla yaşadıqları Qərb ölkələrində varlıqlarını güclü şəkildə hiss etdirməyə çalışırlar. Yunan diasporunun da güclü olduğunu qeyd etməliyik. Bu diaspor Amerikadakı seçkilərdə rol ala, bəzi sosial təbəqələrə təsir göstərə bilir. İqtisadi sahədə varlıqlarını güclü şəkildə ortaya qoyular.
Bu klassik diasporlardan başqa, günümüzdə Çin, Hind, İrland, Livan, Filippin və İran kimi diasporlar da fəaldır. Türk diasporunun get-gedə təsirini artırdığını görürük.

- Azərbaycan diasporu hansı nümunələrdən istifadə edə bilər?
- Hansı ölkədə nə qədər azərbaycanlının olduğu, onların hansı sahələrdə çalışdıqları, hansı sahələrdə nüfuzlu olduqları müəyyənləşdirilməlidir. Bu yöndə bir strateji planın hazırlanması gərəkdir. Bu sahə ilə məşğul olan məmurlar diaspor mövzusundə kifayət qədər məlumatlandırılmalı və onlara diasporla əməkdaşlıq qurmaq sahəsində zəruri təlimatlar verilməlidir.
Türkiyə başda olmaqla türk dövlətlərinin diasporları ilə əlaqələndirmə mexanizmini inkişaf etdirmək lazımdır. “Türk dünyası-2040 vizionu” proqramında bu məsələdə son dərəcə xoş bir iradə ortaya qoyulub.
Xaricdəki unuiversitetlərdə çalışan alimlərdən, orada təhsil alan tələbələrdən də yararlanmaq lazımdır. Onları fəallaşdıraraq güclü bir diaspor üçün infrastruktur yaratmaq olar.
Sahibkar diasporaya çox ehtiyac duyulur. Özəlliklə də Azərbaycana sərmayə cəlb etmək üçün azərbaycanlı, türk iş adamları, Azərbaycana dost ölkələrin iş adamları ilə - onlar İsraildə və Pakistanda da ola bilərlər,- əməkdaşlıq dərinləşdirilməlidir. Bu mənbələrdən neft sektorundan kənar sahələrə də xarici sərmayələrin gəlməsi, azərbaycanlı iş adamları ilə xarici iş adamları arasında iş birliyi qurmaqla iqtisadiyyatın inkişafı və gücləndirilməsi yönündə diaspor ciddi rol oynaya bilər. İnanıram ki, Azərbaycan diasporu bunu reallaşdırmağa qadirdir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Diaspor  





Xəbər lenti