“Vaqner” studiyası təqdim edir: Biabırçı imitasiya - Kadrların təhlili + VİDEO
// Hətta Çak Norris də bu qələtləri eləməmişdi...
Qısa, amma montaj edilmiş (!) materialda bir qrup "döyüşçünün" məntiqsiz davranışları hərbi sahədən anlayışı olan insanda ən azı təəccüb hissi yarada bilər. Müxtəlif epizodların kəsilib-birləşdirildiyi görüntülərdə baş verənləri qısaca analiz etsək, bu nəticələrə gələ bilərik:
1. Döyüşçü hücum tüfəngini metal çərçivə ilə dəmir qapı arasındakı yarığa salır və atəş açdığı zaman... qapını dəlir. Yəni rikoşeti nəzərə almadan, özünü və qrup üzvlərini təhlükəyə atır.
Növbəti kadrda görünür ki, onun atdığı istiqamətdə yalnız bir metr uzaqlıqda yerləşən divar var. Bunu qapının arasından görməmək mümkün deyil.
O zaman atəş açmağın mənası nə idi?
2. "Bina təmizləməsi" əməliyyatı zamanı taktiki fənərdən istifadə yalnız və yalnız xüsusi antiterror əməliyyatı keçirilərkən (yani taktiki və say üstünlüyü halında) mümkündür. Küçə döyüşləri zamanı istənilən işıq qarşı tərəf üçün "açıq hədəf" mənasına gəlir.
Buna baxmayaraq, hücum edən tərəf permanent olaraq bir neçə dəfə taktiki fənərdən istifadə edərək, videomontajçının işini xeyli qəlizləşdirir. Bəzi kadrlarda yanan fənər növbəti dublda əksini tapmır və çəkiliş xronologiyası pozulur...
3. Kinoda əsas məsələ kadrın estetikasıdır. Real döyüşdən fərqli olaraq. Taktiki fənərdən zahiri (!) interyerin işıqlandırılması üçün istifadə edən çəkiliş qrupu unudur ki, onun əksi parlaq qapılara düşərək, quruluşçu operatorun "kadr dəriniliyi" həllini ələ verir.
4. Hücum qrupu binanın daxilindəki digər otaqlar istiqamətində “РПГ-7” qumbaraatanı ilə qəlpəli-fuqas yerinə, kumulyativ (zirehli texnika əleyhinə) sursatla atəş açır. Bu zaman döyüşçü açıq atəş sektorunda olan geniş pəncərələrin yanında dayanaraq, "düşmən snayperlərinə" boya-boy görüntü verir.
5. Son kadrlarda həmin o pəncərələrin əks tərəfi birdən "təhlükə mənbəyinə" çevrilir və cəsur imitator bədənini gizlətmədən, olmayan hədəflərə doğru tuşlamadan atəş açır.
Beləliklə, “РИА Новости”nin cəmi 1 dəqiqə 26 saniyəlik reportajında o qədər mənasız və məntiqsiz hərəkət, olmayan hədəf, təhlükə kəsb etməyən sektorlar var ki, sanki video döyüş zonasında deyil, straykbol meydançasında çəkilib. Bircə silahlar həqiqiddir...
Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Müharibə Ukrayna Vaqner