Qarabağa qanunsuz pul köçürən banklara xəbərdarlıq olunub

      Qarabağa qanunsuz pul köçürən banklara    xəbərdarlıq olunub
  08 May 2023    Oxunub:10084
Bir müddət əvvəl bəzi məşhur bankların Qarabağdakı qanunsuz fəaliyyətlərin maliyyələşdirilməsində iştirakları haqqında məlumat yaymışdıq. Separatçı ideyalar ilə sadə vətəndaşları Azərbaycana qarşısı mübarizəyə səsləyən Ruben Vardanyan tərəfindən yaradılmış "Bizim dağlarımız" adlı qurum Qarabağda "hümantiar fəaliyyət" adı altında bir sıra layihələr icra edilir. Onlardan biri də "Davit bek gənclər Çempionatı" adı altında sistemli hərbi təlim və hazırlıq yarışıdır.
Əslində gəncləri terrorçuluğa cəlb etmək məqsədi daşıyan bu yarış üçün 212 min ABŞ dolları məbləğində ianələrin yığılması əsasən erməni mənşəli "Ameriabank" vasitəsilə həyata keçirilir. Lakin “Citibank”, “Raiffeisen Bank” kimi məşhur maliyyə qurumları da Qarabağa qanunsuz pul köçürülmələrində iştirak edirlər.

Azərbaycan Respublikasının Mərkəzi Bankı artıq bu qanunsuz fəaliyyətin qarşısını almaq istiqamətində işlərə başlayıb. Bankdan AzVsion.az-a verilən açıqlamaya görə, sözügedən qanunsuz fəaliyyətin maliyyələşdirilməsində iştirak edən xarici maliyyə institutlarına rəsmi müraciətlərin ünvanlanması nəzərdə tutulur.

“Eyni zamanda, işçi qaydada keçirilmiş görüşlər çərçivəsində bu fəaliyyətin terrorçuluğun maliyyələşdirilməsinə rəvac verməsi onların diqqətinə çatdırılıb, bunun qarşısının alınması üçün əməli tədbirlərin görülməsi tələb edilib”,- açıqlamada deyilir.

Mərkəzi Bank xatırladıb ki, torpaqlarımızın 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında olduğu dövrdə həmin ərazilərdə qanunsuz bank-maliyyə fəaliyyətinin qarşısının alınması istiqamətində davamlı və adekvat tədbirlər həyata keçirib. Bu çərçivədə aparılmış davamlı monitorinqlər nəticəsində xarici maliyyə institutlarının, o cümlədən pulköçürmə xidmətləri göstərən təşkilatların işğal altında olmuş ərazilərimizdə fəaliyyəti aşkar olunduqda, həmin təsisatların və onların üzərində maliyyə nəzarəti funksiyalarını həyata keçirən orqanların rəhbərlərinə çoxsaylı məktublar ünvanlanıb. Bu fəaliyyətin qanunsuz olması, Azərbaycan Respublikası ərazisində bank xidmətlərinin göstərilməsi hüququnun yalnız Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında həyata keçirilməsinin mümkünlüyü, BMT Təhlükəsizlik Şurasının məlum Qətnamələrinin tələblərinin pozulması, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə həmin qurumlar tərəfindən dəstək göstərilməsi barədə xəbərdarlıqlar edilib.

Mərkəzi Bank tərəfindən müvafiq məzmunda müraciətlər ABŞ, Avropa və Rusiya banklarına və digər maliyyə institutlarına da ünvanlanıb. Müraciətlərdə xarici maliyyə institutlarının işğal altında olmuş ərazilərdəki qanunsuz təşkilatlarla əməkdaşlığının dayandırılması tələb edilib və əksər hallarda buna nail olunub.

Açıqlamada bildirilir ki, Mərkəzi Bankın qanuni tələblərinə riayət etməyən xarici təşkilatlarla Azərbaycanın kommersiya banklarının əməkdaşlığı qadağan olunub: “Məsələn, bir neçə pul köçürmə sistemləri işğal altında olmuş ərazilərdə qanunsuz olaraq ayrı-ayrı dövrlərdə fəaliyyət göstərib və bu faktlar aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində onların fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib. Nəticədə, “MONEYGRAM”, “Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “İnterexpress”, “RİA Money Transfer”, “İntelexpress”, “Sigue Money Transfer” kimi pul köçürmə sistemlərinin ölkə ərazisində fəaliyyətlərinə qadağa qoyulub. Bundan əlavə, Mərkəzi Bank tərəfindən Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilatlara müraciət olunaraq, işğal altında olmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən maliyyə institutlarına birbaşa investisiyaların qoyulmasının məqsədəuyğun olmadığına dair məktublar ünvanlanıb”.

Aytən Zəhra


Teqlər: Citibank   Raiffeisen   Qarabağ   Mərkəzi-Bank   Terrorizm  





Xəbər lenti