Altaydan kosmosa: Kamran Qasımovun “Texnofest” qeydləri

      Altaydan kosmosa:    Kamran Qasımovun “Texnofest” qeydləri
  03 May 2023    Oxunub:2405
Tarix çox vaxt Türk dünyasını müxtəlif maneələr, fikir ayrılılqları, hətta coğrafi məkan baxımından sınağa çəkib. Amma bu gün Türk dünyası, türk coğrafiyası hər kəsin həsəd apardığı sülh və tərəqqi mərkəzinə çevrilib. Türkiyə və Azərbaycan nümunəsində.
Tarixə nəzər salsaq görərik ki, türk xalqları zamanın tələbləri ilə ayaqlaşmağa, hətta onu qabaqlamağa çalışıblar. “Bu gün Türkiyə Dördüncü Sənaye İnqilabının önündədir” desək, bəlkə də bir qədər yanlışlıq olar. Bu gün Türkiyə elə dördüncü sənaye inqilabını yaradan ölkələrdəndir. Səmanı fəth edən Türkiyə aviasiya sənayesi hər il keçirilən “Teknofest” aerokosmik və texnolgiyalar festivalında ən innovativ yeniliklərini təqdim edir. Yeri gəlmişkən, türklüyün rəmzi də axı səma rəngidir.


Qardaş ölkənin dəhşətli zəlzələdən sonra dünyaya əsl iradə nümayiş etdirdi “Teknogfest-2023”də nə az-nə çox, düz 96 ölkə iştirak edirdi. “Teknofest”də imkanlar hər kəs üçün eynidir. Yəni burada açıq səma altındakı pavilyonlarda dünyanın aparıcı şirkətləri ilə özünün innovativ layihəsini təqdim etməyə çalışan tələbəyə yaradılan nümayiş imkanı eynidir. Çünki Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hər zaman gəncliyə xitabən belə deyir: “Biz artıq sizin zamanınızın müqəvvəti sakinləyirik”. “Teknofest 2023”də Azərbaycan universitetlərinin tələbələri də yeni texnoloji layihələrilə iştirak edirdilər.

Aerokosmok və Texnologiyalar Festivalının 3-cü günü. Milli türk brendi “Togg” yüzminlərin alqışları ilə Atatürk hava limanından gəlir. Sükan arxasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir! Coşğu ilə qarşılanan milli türk avtomobilinin sükanı əslində elə bütün Türk dünyasının sükanıdır!


Bu gün Türk coğrafiyasının güclənməsi 10 il bundan əvvəl inqilablar məngənəsində boğulan, hazırda qismən tərəqqi mərhələsinə qədəm qoyan ərəb dünyasına da töhfələrini verir. Ərəb coğrafiyası türk dünyasına ehtiyac duyur, Türkiyə təcrübəsini öyrənməyə tələsir. Liviyanın baş naziri Əbdülhəmid Dibeydənin “Teknofest”in tribunasında söylədiyi nitqin bəzi məqamlarına diqqət yetirək: “Bu gün burada iştirak etməyim Türkiyə ilə Liviya arasındakı tarixi bağların, Türkiyə və Liviya xalqları arasındakı əlaqələrin bariz nümunəsidir. Əhatə coğrafiyasını ildən-ilə genişləndirən “Teknofest” Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə inkişaf etdiyini göstərir. Liviyanın hava hücumundan müdafiə sistemlərinə verdiyi töhfəyə görə Türkiyə dövlətinə və “Baykar” şirkətinə təşəkkürümü bildirirəm”. Bu fikirlərin şərhə ehtiyacı yoxdur. Amma düz on iki il əvvəl Liviyanın ictimai-siyasi mənzərəsi tam fərqli idi, ölkə vətəndaş müharibəsində boğulurdu. “Ərəb baharı” on minlərlə insanın həyatına son qoydu, evindən didərgin saldı. Ümumən ərəb coğrafiyası tarixən türk coğrafiyası ilə bağlı olub. Osmanlı Türkiyəsinin himayəsi altında olan xalqlara, onların mədəniyyətinə hər zaman hörmət və ehtiramla yanaşıb.


Yadıma illər öncə ərəb ölkələrinin birində olarkən yaşlı professorun dediyi sözlər düşdü. 1922-ci ildə ərəb coğrafiyasında Qərbin himayəsi altında keçdikdən sonra bütün tarixi incilərimiz Avropaya daşındı. Amma yüzillər boyu, daha dəqiq desəm, türklərin dövründə İstanbula aparılmış bir nümunəmizin belə adını çəkə bilmərik. Bu fikirlər həm də Türkiyənin nə üçün Dördüncü Sənaye İnqilabının daşıyıcısına çevrilməsi ilə bağlı suallardan birinə cavabdır. Ötən ilin noyabr ayında Ərəb liqasınının Zirvə Görüşündə Azərbaycan prezidenti İlham Əliyevin xüsusi qonaq statusunda iştirakı ərəb dünyasının türk coğrafiyası ilə tarixi əlaqələrini möhkəmləndirməsi ilə yanaşı ərəb ölkələrinin Azərbaycanla strateji əlaqələrdə son dərəcə maraqlı olmasından xəbər verirdi.


Qayıdaq “Texnofest”ə. Bu möhtşəm və unikal festivalın pop üslubunda bəstələnmiş himnində də deyildiyi kimi, 7-dən 70-ə qədər hər kəsin üzündən maraq, sevinc və gələcəyə dikilən ümidləri sezməmək mümkün deyildi. Bura övladları ilə gələnlər əslində onların gələcəkdə peşə seçimi üçün imkan yaratmış olurdular.

“Texnofest” həm də ölkələrin bir-biri ilə texnoloji təcrübələrini bölüşmələri üçün unikal imkandır. Dünyaya bu imkanı qazandıran isə daim tərəqqi yolunu üstün tutan Türkiyədir.

Bu ilin sonunda iki Türk vətəndaşı kosmosa yola salınacaq. Əsrlər boyu türklər yeni torpaqlar tapmağa, məskən saldıqları ərazilərdə sülh və əmin-amanlığı bərqərar etməyə, quruculuq işləri görməyə həvəsli olublar. Dördüncü Sənaye İnqilabı isə bu gün həm də kosmosla bağlıdır. Bu gün türkün yeni tarixini artıq Yer Kürəsində yox, kosmosda, bütöv kainatda yazılır.

Kamran Qasımov
İstanbuldan AzVision.az üçün


Teqlər: Texnofest  





Xəbər lenti