“Sövdələşmə” marazmı – Ədalət Verdiyevin yazısı

   “Sövdələşmə” marazmı –    Ədalət Verdiyevin yazısı
  25 Aprel 2023    Oxunub:1952
Təəssüf ki, bəziləri Ermənistanın hazırda apardığı təbliğatın təsirinə düşərək iddia edirlər ki, guya Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qoyulması Azərbaycanla Rusiya arasında "sövdələşmə" nəticəsində mümkün olub.
Erməniləri anlayırıq: həm acizliklərini gizlətmək, həm də Azərbaycanın az qala bütün dünyanın hədəfində olan Rusiya ilə "işbirliyini" göstərmək və bununla da Bakını hədəfə gətirmək üçün nə mümkündürsə, uydururlar. Bizdəki iddialılar isə ya erməni təbliğatının təsiri altında olduqlarının fərqində deyillər, ya da bunu bilərəkdən, qəsdən edirlər.

Məntiqlə düşünək: Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi rusların nəyinə lazımdır? Bu dəhlizə nəzarət Moskvaya həm Ermənistana, həm də Azərbaycana təsir göstərmək imkanı verirdi. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanmamışdan öncə Kremlin təsirində olan rusiyalı politoloqlar iddia edirdilər ki, Laçın dəhlizinin eni 20 km olmalıdır. Əslində bu, Ermənistan rəhbərliyinin təkidi idi və ruslar da onu dəstəkləmiş kimi görünürdülər. Hətta həmin vaxt Moskva Laçın dəhlizinə özünün nəzarəti altında xüsusi statusun verilməsi məsələsini də qaldırmışdı.

Prezidenti İlham Əliyev bu iddiaları dəf etməli və üçtərəfli bəyanatda Azərbaycanın maraqlarının maksimum ifadəsinə nail olmalı idi. Oldu da. Müharibə zamanı necə qətiyyətlə, prinsipiallıqla Ermənistanı, onun havadarlarını küncə sıxışdırdısa, danışıqlar masası arxasında da nə Moskvaya, nə də Yerevana şans buraxdı.

Nəticə? Laçın dəhlizi 5 km müəyyənləşdirildi. Üstəlik, Azərbaycan 3 il müddətinə yeni yol çəkmək öhdəliyini götürdü. Bu yolun tikintisinin tamamında sülhməramlılar köhnə yolu Laçının mərkəzi ilə birlikdə Azərbaycana təhvil verməliydilər.

Sonrakı məsələlər bəllidir: yeni yol 3 ilə deyil, ilyarıma tikildi. Ermənilər Laçından çıxdılar və Laçın rayonu qansız-qurbansız Azərbaycana qaytarıldı.

Burada hansısa sövdələşmədən söhbət gedə bilərmi? Əsla. İlham Əliyevin qətiyyəti, prinsipiallığı, dönməzliyi və həyata keçirdiyi siyasətin ardıcıllığı burada sözünü dedi. Amma yenə də "sövdələşmə" haqqında düşünənlərə bu faktlar kifayət etmədisə, davam edək.

Ermənistan elə bilirdi ki, Rusiya sülhməramlıları ilə əlbir olub, Qarabağa silah-sursat, canlı qüvvə göndərərək, orada yeni hərbi kontingent formalaşdıracaq, regionu yenidən "barıt çəlləyinə" döndərərək, revanşa nail ola biləcək.
Yadınızdadırsa, müharibədən dərhal sonra Azərbaycan Ordusu əməliyyat keçirərək, erməni hərbçilərini tərk-silah etdi və əsir götürdü. Sonra dəfələrlə ermənilər həm Qarabağda, həm də sərhəddə vəziyyəti gərginləşdirməyə çalışdılar.

Bir tərəfdən Ermənistandan Qarabağa silah daşınır, digər tərəfdən də orada Azərbaycanın sərvətləri talanırdı. Nəticədə bu ilin əvvəlində Azərbaycan ekoaktivistləri Laçın-Xankəndi yolunda etirazlara başladılar və bununla da faktik olaraq ermənilərin qanunsuz əməllərinin qarşısında sipər çəkildi.
Amma onlar yenə dinc durmadılar, ara yollarla öz işlərini davam etdirməyə cəhd göstərdilər. Elə bu yaxınlarda Laçın rayonu ərazisində hərəkət edən maşınlar saxlanıldı, atışma oldu.

Beləliklə, Azərbaycan addım-addım ermənilərin bütün qanunsuz əməllərinin qarşısını aldı və onları Qarabağa təsir imkanlarından məhrum etdi. Hər şey sonda Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasına doğru gedirdi və sonda - aprelin 23-də bu post quruldu.

İndi bu, “sövdələşmə”dir, yoxsa "nəyi, nə vaxt və necə etməyin lazım olduğunu" bilmək?

Qardaşlar, İlham Əliyev addım-addım, ardıcıl şəkildə, qətiyyətlə buna doğru irəlilədi və işi də ustalıqla tamamaladı. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası yekunlaşdı. Bu işi başladan da, son nöqtəni qoyan da İlham Əliyev oldu.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Laçın  





Xəbər lenti