Rəqabət Məcəlləsi inhisarçılığı azalda biləcəkmi – TƏHLİL

 Rəqabət Məcəlləsi inhisarçılığı azalda biləcəkmi –   TƏHLİL
  20 Aprel 2023    Oxunub:3723
İqtisadiyyat naziri Mikayıl Cabbarov hələ bir neçə il öncə qeyd etmişdi ki, ölkə iqtisadiyyatında sabit və dayanıqlı inkişafa nail olmaq üçün yeni drayverlərə ehtiyac var. Çünki qeyri-neft sektorunun ÜDM istehsalında və o cümlədən, hər il dövlət büdcəmizin gəlirlərində payını artırmaq ölkədə həyata keçirilən ümumi iqtisadi siyasətdə prioritet təşkil etdiyindən, başqa çarə yoxdur. Ya hər şey öz tempinə buraxılmalı, ya da artımın genişlənməsi və sürətlənməsi üçün əlavə şərait yaradılmalı və dəstək vasitələri tapılmalıdır.
İqtisadiyyat nazirimizin söhbət açdığı drayverlərdən biri və bəlkə də ən mühümü rəqabət amilidir. Qeyri-neft sektorunun daha sürətli inkişafı üçün biznes fəaliyyəti, təşəbbüskarlıq, bazar şəraiti amilləri qarşılıqlı əlaqədə olmalı, bir-birilərinə maneə törətməməli və buxova çevrilməməlidirlər. Bizdə isə ortada inhisarçılıq elementləri olduğundan, rəqabət və üstəlik də savadlı sahibkarların çatışmazlığı problemləri mövcuddur. Ona görə də xüsusən, kiçik və orta biznes fəaliyyətləri ölkə iqtisadiyyatının inkişafı üçün qeyri-qənaətbəxş vəziyyətdədir. Savadlı sahibkarların qıtlığı, təşəbbüskarlıq elementlərinin lazımi səviyyədə olmaması da məhz bundan irəli gəlir.

Bu mənada, uzun illərdir haqqında müzakirələr aparılan, təkliflər səsləndirilən Rəqabət Məcəlləsi layihəsinin artıq hazır olduğu, tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacağı xəbəri sevindiricidir. Əslində, bunun keçən il, yəni parlamentin payız sesiyasında baş tutacağı bildirilmişdi. Odur ki, ortaya iki sual çıxır. Birincisi, sözügedən məcəllə niyə bu qədər yubadıldı? İkincisi isə, Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatına nə verəcək və yaxud indiyədək qəbul olunsa idi, nə verə bilərdi?

Birinci suala cavab olaraq qeyd edim ki, sözügedən sənəd hələ 2006-cı ildə Dövlət başçımız tərəfindən Milli Məclisə təqdim edilmişdi. Lakin 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmadı. Söhbət 16-17 il əvvəldən gedir. Buna üzdə görünən ilkin səbəb o sayıla bilər ki, ortada “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Dövlət satın¬almaları haqqında”, “Təbii inhisarlar haqqında” Qanunlar və bunlar kimi digər hüquqi-normativ aktlar mövcuddur. Düzdür, bu qanunların imzalandığı tarixlərdən xeyli vaxt keçib. Lakin ötən müddət ərzində adları çəkilən hər bir sənəd çoxlu dəyişikliklər edilərək təkmilləşdirilib. Ümumiyyətlə, əslində, ölkə iqtisadiyyatında rəqabət şəraitinə dair hüquqi-normativ baza olub və ayrı-ayrı adlarda qanunlar indi də fəaliyyət göstərir. Bəlkə də məhz bu cəhətdən Rəqabət Məcəlləsi bu günədək qəbul edilməyib və buna biganə yanaşılıb. Lakin digər səbəblər də var.

Müxtəlif adda çoxlu qanunların mövcud olmağındansa, mükəmməl və bitkin bir sənədin ortaya qoyulmasına çoxdan ehtiyac olduğu aşkar görünürdü. Adları çəkilən hüquqi-normativ aktlara indiyədək çoxlu dəyişikliklərin edilməsi də buna sübutdur. Ölkə iqtisadiyyatında rəqabət şəraitinin çatışmazlığı da öz yerində.

Rəqabət Məcəlləsinin indiyədək qəbul edilməməsinə digər səbəb isə üzdə görünməyən cəhətlər sayıla bilər. Buna inhisarçı elementlərə xidmət və yaxud himayədarlıq edən dairələrin təsir və təzyiqlərini misal çəkmək olar. Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə qeyd edib ki, ölkədə inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Etiraf etməliyik ki, bizdə bəzi sahələrdə bu və ya digər sahibkarlıq strukturları inhisarçı mövqeyə sahibdir. Bununla mübarizə aparmaq asan başa gəlmir və gələ də bilməz.

Əvvəla, məsələ bundadır ki, Azərbaycan kiçik ölkə olduğuna görə bizdə inhisarçı olmaq asandır. Başqa sözlə desəm, Azərbaycanda inhisarçılığa qarşı mübarizə aparmaq məsələn, Rusiyadan qat-qat çətindir. Odur ki, bu sahədə dövlətimizin və hökumətin üzərinə böyük yük düşür.

Ümumiyyətlə, bazarı xırda olan ölkələrdə rəqabət imkanları məhdud çərçivədə olur. Çünki xırda bazarlarda inhisarçılığa meyil güclü və geniş xarakter daşıyır. Bazar böyük olduqda isə hansısa biznes strukturunun üstün mövqeyə sahib olması çətinləşir. Böyük bazarlarda yalnız dövlət tərəfindən dəstək olduqda bu və ya digər sahibkarlıq strukturu inhisarçı mövqeyə sahib ola bilir.

İkincisi, rəqabət mühitinin dar çərçivədə olması keçmiş sovet respublikalarının hamısına aiddir. Bizim kimi kiçik ölkələrdə iqtisadiyyatın bütün sahələrində azad rəqabət problemi var. Çünki təkrar edirəm: xırda bazarda həm idxalçının, həm də yerli istehsalçının monopolistə çevrilməsi çox asan başa gəlir.

O ki qaldı yuxarıda qeyd etdiyim ikinci suala, bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birini rəqabət amili təşkil edir. Bəllidir ki, bazar şəraitində dövlət nəzarəti aradan götürüldüyü üçün o, sadəcə olaraq tənzimləyici vasitələrlə iqtisadiyyatı idarə edir. Bazarın məğzı ondan ibarətdir ki, iqtisadiyyatda rəqabət olur və bu da inkişaf üçün bir növ katalizator rolunu oynayır. Rəqabətin olmaması buxovlar yaradır.

Əgər biz indiyədək Rəqabət Məcəlləsini qəbul etməklə normal rəqabət şəraiti təmin etsəydik, inkişafımız daha yüksək səviyyədə olardı. Onsuz da bu məcəllə xeyli yubanıb, ancaq gec də olsa onun parlamentdə qəbulu ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək. Nəhayət ki, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq belə bir məcəllənin olması nəticəsində təbii iqtisadi qanunlar normal fəaliyyət göstərəcək.

Ölkədə inhisarçılığa qarşı hökumət tərəfindən daim mübarizə aparılıb. Ancaq bu özü də paradoksal haldır ki, dövlət illərdir inhisarçılığa qarşı mübarizə aparsa da Rəqabət Məcəlləsi hələ də mövcud deyil. Bir şeyi də vurğulamaq istərdim ki, şərt təkcə o məcəlləni qəbul etmək deyil, həm də məcəllənin normal icrasıdır.

Pərviz Heydərov
AzVision.az üçün


Teqlər: İnhisarçılıq   Rəqabət  





Xəbər lenti