Hiperhəyasızlıq à la France – Elçin Mirzəbəylinin yazısı

// Qırmızıpipiyin yeni nağılları

   Hiperhəyasızlıq à la France –    Elçin Mirzəbəylinin yazısı
  13 Aprel 2023    Oxunub:2331
Ermənistanın axırıncı sərhəd təxribatından sonra rəsmi Parisin Azərbaycan əleyhinə əsassız iddialardan ibarət bəyanatla çıxış edəcəyi gözlənilən idi.
Hələ Avropa İttifaqının missiyasının, daha dəqiq desək, Aİ-nin missioner qrupunun tərkibində Ermənistana de-fakto Fransa Müdafiə Nazirliyinin strukturuna daxil olan jandarmeriyanın hərbçiləri göndəriləndə və erməni lobbisi, Makron adminstrasiyası ilə sıx işbirliyində olan NATO-nun baş katibi Rasmussen İrəvanda, sərhəd bölgəsində sərsəm bəyanatlar verəndə yeni təxribatlar üçün zəmin yaradıldığını yazmışdım. Sitat:

“NATO-nun sabiq baş katibi Andres Foq Rasmussenin konsaltinq şirkətinin rəhbərliyində çalışanların kimliyinə nəzər salınarsa, onun Ermənistana səfər etməsi və NATO-nun baş katibi olduğu dövrdə səsləndirdiyi bəyanatlara tamamilə zidd olan mülahizələrlə çıxış etməsi təəccüblü görünməməlidir.

“Rasmussen Global” şirkətinin mərkəzi ofisləri Kopenhagen və Brüsseldə yerləşir. Brüssel ofisinin rəhbəri, bütövlükdə şirkətin baş direktoru Fransa prezidenti Emmaneul Makronun “İrəli, Respublika” (La République En Marche) partiyasının qurucularından olan Fabris Potyedir.

Potyenin Rasmussenlə dostluğu birincinin NATO-nun siyasi planlaşdırma departamentinin direktoru olduğu zamandan başlayır. Potye eyni zamanda, “Karnegi Avropa”nın (Carnegie Europe) qurucusu və ilk rəhbəridir. Onun həm Fransadakı, həm də Belçikadakı erməni təşkilatları ilə sıx əlaqələri var.

Rasmussenin Ermənistana səfərinin məqsədlərindən biri “Rasmussen Global”ın Cənubi Qafqaz nümayəndəliyinin yaradılmasıdır. Nümayəndəliyin yaradılmasına dəstəyi Fransa və Belçikadakı erməni diasporu, o cümlədən, adı Azərbaycanda hər kəsə bəlli olan Kaspar Karampetyan verir. Yəni Rasmussen səfərinin xeyir-duasını Makrondan, maliyyə təminatını isə Karampetyan və erməni təşkilatlarının digər rəhbərlərindən alıb”.

Göründüyü kimi, harada Azərbaycan əleyhinə hərəkətlilik varsa, orada ermənilərlə yanaşı fransız barmağı, yaxud burnu özünü biruzə verir. Ermənistanın gündən-günə intensivləşən təxribat ssenariləri, Nikol Paşinyanın leksikonuna yenicə daxil olan ifadələr, vaxtilə Bakı ilə İrəvan arasında aparılan danışıqlarda müzakirə predmeti olan əsas məqamların fərqli, tarixi gerçəkliklə və bugünkü reallıqlarla uzlaşmayan formada təqdimatı Fransanın, o cümlədən, “fransız barmağı”nın funksiyalarını icra edən Avropa İttifaqı missiyasının, Rasmussen və başqalarının, kəsəsi, “bəhanə generatorları”nın son bir neçə ay ərzində düzüb-qoşduqları layihələrin hələlik görünən tərəfləridir. Fransa və Aİ missionerlərinin Ermənistandakı bəhanəyaradıcı fəaliyyəti davam etdikcə, bu layihələrin daha aqressiv tərəflərinin şahidi olacağıq.

İndiki halda Fransa xarici işlər nazirliyinin yenidən gün işığına çıxan “fast-food” bəyanatında nəzərə çarpan ən maraqlı məqam, sözügedən kağız parçasında yer alan qərəz yığınının rəsmi Parisin “Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşılması” istəyi ilə başlamasıdır. Məhz bu cümlə məni vadar edir ki, “klassik erməni həyasızlığı” ifadəsinin yanına “Fransasayağı hiperhəyasızlıq” sözlərini də əlavə edim. Çünki ərazilərimizin Ermənistanın işğalı altında olduğu 30 ilə yaxın zaman kəsiyində BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan torpaqlarının işğalına qeyd-şərtsiz son qoyulması ilə bağlı 4 qətnaməyə səs verən, ATƏT-in artıq ömrünü başa vurmuş Minsk Qrupunun həmsədri olan Fransa bircə dəfə də olsun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyünü dəstəkləyən bəyanatla çıxış etməyib. İndi isə, məhz Ermənistanın əsassız iddiaları və aqressiyası səbəbindən delimitasiya olunmayan sərhədlərdə yerləşən, həm də Azərbaycana məxsus olan ərazilərə xitabən “Ermənistanın ərazi bütövlüyü”ndən danışır.

Təxribatı Ermənistan törətdiyi halda, mesaj Azərbaycana ünvanlanır. Bu baxımdan, əgər Fransanın müstəmləkələrindən birində - Korsikada, yaxud Yeni Kaledoniyada baş verən istənilən hadisə ilə bağlı mesaj Azərbaycana ünvanlanarsa, təəcüblənmərəm. Ola bilsin ki, 44 günlük müharibənin ilk günlərindən başlayaraq, Fransa parlamentinin üzvlərinin əhəmiyyətli hissəsi və Emmanuel Makron hökumətində təmsil olunan şəxslər yuxuda da “Azərbaycan” və “bizim kiçik bacımızı” sözlərini sayıqlayırlar.

44 günlük müharibənin ilk günlərindən başlayaraq, Fransanın işi-gücü Azərbaycan əleyhinə qətnamə və bəyanat tirajlamaqdan ibarətdir. “Bəxtiyar” filmindəki yalançı neft ustalarının təbirincə desəm, “senat qazır, adminstrasiya, yaxud Makron montajlayır”. Beləcə, o qədər yalan tirajlayıblar ki, sayını belə itiriblər.


Elçin Mirzəbəyli
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru



Teqlər: Fransa   Qarabağ   XİN  





Xəbər lenti