“Əgər erməni sülh istəmirsə...” – Ədalət Verdiyevin cavabı
Ermənistana həqiqətən də Azərbaycanla sülh lazım deyilsə, ruslar erməni silahlısını və texnikasını Qarabağdan çıxarmırsa, İrəvan Zəngəzur dəhlizini açmırsa, o zaman sülh bizə heç lazım deyil. Bizə sülh erməni Ağdam, Tərtər, Naftalan və ya Horadiz istiqamətindəki kəndlərdə yaşayan mülki əhalimizə atəş açanda lazım idi. İndi isə qəhrəman Silahlı Qüvvələrimiz erməni ordusunu darmadağın etməklə həm düşməni fərariyə çevirib, həm də hərbi əməliyyatlar teatrını Horadiz-Ağdam-Tərtər-Goranboy-Naftalan xəttindən Cəmbərək-Basarkeçər-İstisu-Qarakilsə-Gorus-Qafan xəttinə keçirib.
Azərbaycan Əsgəri bu gün Qərbi Zəngəzurun böyük bir hissəsinə, o cümlədən, İrəvan-Qafan yoluna nəzarət, Qarakilsəni mühahidə edirsə, İstisu rayonunun mərkəzindən 4 km, Göyçə gölündən 3 km məsafədədirsə, o zaman parabeyin Armen Qriqoryandan soruşuram: Ermənistan müstəqillik dövrünün ən əzilmiş vəziyyətindədirsə, sülh daha çox kimə lazımdır?
Əgər 21-ci əsrin fərari ordusuna malik Ermənistan doğrudan da danışıq və sülh istəmirsə, biz bunu dünəndən istəmirik. Siyasətçilərin sülh, diplomatlarin danışıq yolunu seçməsi normaldır, hərbçilər isə Armen kimi “quş buraxan” və Qarabağ məsələsini qabartmağa çalışan isti erməni (para)beyinlərini ən geci 1 həftədə soyutmaq üçün “Dəmir Yumruğu” daim havada hazır tutmalıdır.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Teqlər: Hərb-və-Sülh Ermənistan Qarabağ