Ədəbsiz başlıqlar yarışması: Gəlin, dibə enməyək! - Xalid Kazımlının yazısı

      Ədəbsiz başlıqlar yarışması:    Gəlin, dibə enməyək! -    Xalid Kazımlının yazısı
  02 Aprel 2023    Oxunub:1778
Xalid Kazımlı
musavat.com saytının redaktoru

Jurnalist həmkarımız Vüsal Məmmədov sosial şəbəkədə bir kampaniya başlayıb, saytlarda gedən qeyri-standart, əttökən, gülünc, yalançı xəbər başlıqlarını skrin-şot edir, özünün icad etdiyi “Jurnalistikanı sirkdə öyrənəndə” rubrikasında paylaşır.
Öncə onu deyim ki, bu “sirk məsələsi” məşhur “Bəxt üzüyü” filmindən iqtibasdır, həmin filmdə şair Moşu korafəhim müstəntiqə deyir: “Sənə qələm tutmağı sirkdə öyrədiblər, a qağa?”.
Bu, heç.
İndi burada həmkarımızın skrin-şotlarını paylaşdığı xəbər başlıqlarının bir neçəsini verə bilərəm, amma bu başlıqları qoyan həmkarlarımı incidəcəyimdən qorxuram. Zatən, bəziləri Vüsaldan inciyiblər, hətta ona qarşı bir şeylər yazıblar, rəhbərlik etdiyi saytda 8 il qabaq gedən bir xəbər başlığının fotosunu yayıblar ki, "bax, sən də fərqli deyilsən".

Əslində isə Vüsal pis söz demir, sözünün mustafası odur ki, gəlin İP xətrinə mənasız marafona son qoyaq, yalançı və gülünc, mənasız və biədəb, səfeh və gicqulu başlıqlarla nə özümüzü yoraq, nə də oxucuları aldadaq, ciddi xəbərlər yazaq, ciddi də başlıqlar qoyaq.

Təəssüf ki, müasir mediada belə bir səfeh tendensiya baş qaldırıb, oxucu qazanmaq, baxış sayını artırmaq, rəqiblərdən fərqlənmək üçün yazılara, xəbərlərə daha cəlbedici başlıqlar qoymaq lazım gəlir və nəticədə iş absurda gedir.

Bir var, məsələn, xəbərin başlığı “Filan müğənni hit mahnısına klip çəkdirdi” olsun, bir də var, həmin xəbərə belə başlıq qoyulsun: “Müğənni xanımı meşəyə apardılar və...” Oxucu mütləq cumub “müğənninin meşəyə aparılması” xəbərini oxuyacaq ki, görsün, yazıq müğənniyə meşədə nə ediblər, öldürüb basdırıblar, yoxsa işgəncə verib buraxıblarmı. İki cümlədən sonra məlum olur ki, heç nə, müğənninin hit mahnısına klipi meşənin talasında çəkiblər.

Belə yalançı başlıqlar startda çox effektiv olur, minlərlə oxucu daha maraqlı bir şey oxuyacağını zənn edərək xəbəri açır, sayta İP qazandırır. Amma bu davamlı olanda, bir gün hansısa müğənnini doğrudan da meşəyə və ya başqa bir guşəyə aparırlar, amma bu barədə xəbər lazımi ajiotaj doğurmur. “Yalançının evi yandı” məsələsi...

Ona görə də həmkarlarımız gərək ehtiyatlı olsunlar, hər sözü ölçüb-biçsinlər, 3-5 baxış sayı artıq olacaq deyə ümumilikdə medianı gözdən salmasınlar.

Bu tendensiya üzündəndir ki, artıq hansısa sensasion xəbərin başlığına “SENSASİON DETALLAR” yazmasan, baxış sayı az olur. İşə baxın, xəbər özü sensasiyalıdır, amma o söz başlıqda yoxsa, oxunmur. Ona görə də həmkarlarımız başlıqlara “ŞOK”, “SON DƏQİQƏ”, “TƏCİLİ” kimi yönəldici, çağırıcı sözlər artırırlar. Haraya və nə vaxta qədər belə davam edəcək, bilmirik.

Bu xüsusda əsasən müğənnilərdən, aktrisalardan yazan “sarı mətbuat”ın işi yavərdir. Qoruq yox, qaytaq yox, barələrində hər şeyi yaza, yazdıqlarına ədəbsiz başlıqlar qoya bilirlər. Ancaq barıtı çox edəndə onlar da zibilə düşür. Bir də görürsən, sənətçi xanımın və ya bəyin çiyinlərində böyük ulduzlu poqonlar olan dostu, yaxud da çiyinləri poqonsuz, amma ulduzlu hamisi böyürdən çıxır, adamdan üzr tələb edirlər. Yenə birinci “dost”un qabağında bir az atılıb-düşmək, demaqoqluq etmək mümkündür, ikincilər məsələnin konkret qoyur: “padla, publiçni üzr istəyəcəksən”.

Vüsal o kampaniyanı belə şeylərə görə başladıb. Özü də o bunu sistematik şəklə salıb deyə gözə görünür, əslində isə hələ 5-6 il öncədən sosial şəbəkələrdə saytların düşük xəbər başlıqları lağlağı mövzusu olurdu. Məsələn, pandemiyanın sərt dövründə, şəhərin küçələrinin şıdırğı dezinfeksiya edildiyi günlərdə hansısa sayt belə bir başlıq yazmışdı: “Aynişangilin bloku dezinfeksiya olundu”. Bu başlıq ta pandemiya bitənə qədər ironiya predmeti oldu, ara-sıra yenə də yada düşür.

Uzun sözün kəsəsi, mən də deyirəm ki, gəlin dibə enməyək, loruluqdan qaçaq, küçə ağzından imtina edək, jarqon ifadələri başlıqlara daşımayaq (heç mətnə də salmayaq), biəbəbliyə yozula biləcək ikibaşlı fellərə əl atmayaq və s.

Belə üsullarla İP qazanmağa qalsa, vallahi, elə abırlı və istedadlı adamlar tanıyıram, yazarlar, rekordlar qırarlar, amma abırlarına qısılırlar. Elə adamları abırsız etməsək, yaxşıdır.

P.S. Ötən həftə imtahan üçün “Təcili şok köşə” başlıqlı bir yazı yazmışdım, o biri yazılarımdan daha çox oxunmuşdu, amma bu dəfə o fənddən istifadə etməyə əlim gəlmədi.


Teqlər: Mediamız   Media   Jurnalistika  





Xəbər lenti