Mollanın bozbaş notası – Ədalət Verdiyevin yazısı

      Mollanın bozbaş notası    – Ədalət Verdiyevin yazısı
  02 Aprel 2023    Oxunub:6766
Azərbaycanın qonşular sarıdan bəxti gətirməyib. İranın düşmən davranışları bəzən ancaq Ermənistanla müqayisə oluna bilər. Bu ölkənin Xarici İşlər Nazirliyi aprelin 1-də, yəni şənbə günü Azərbaycana diplomatik “nota” göndərib. Aprel zarafatına oxşasa da, təəssüf ki, bunu ciddi şəkildə ediblər.
Beynəlxalq qaydalara görə, diplomatik notalar protokola uyğun olaraq həftənin iş günləri göndərilir. Görünür, İranın diplomatik korpusunda çalışanların beyin toxuması başqa maddədən əmələ gəlib. Özünü “diplomat” adlandıran mollaların bu addımı rejimin hələ də sivil dünya qaydalarından xəbərsiz olduğunu növbəti dəfə nümayiş etdirdi. Görünür, başı qonşu İslam ölkələrində və İsraildə qeyri-sabitlik yaradıb, hibrid üsullarla müdaxilə etməyə çalışan İranda hələ protokol qaydalarını öyrənməyə vaxt olmayıb.

Məsələnin başqa maraqlı tərəfi də var. 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində baş leytenant Orxan Əsgərov şəhid oldu. Buna görə rəsmi Bakı Tehrandakı diplomatik missiyasını dayandırmaq qərarına gəldi və səfirliyin əməkdaşları ailə üzvlərilə birlikdə yanvarın 29-da axşam saatlarında xüsusi təyyarə reysi ilə Bakıya gətirildilər. Hazırda Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərmirsə, səfirimiz də orada yoxdursa, o zaman xəstə molla rejimi qeyri-iş günündə notanı kimə və necə göndəriblər?

Azərbaycan ictimaiyyətində İrana qarşı olan güclü antipatiya molla rejiminin öz mediasında ölkəmizə qarşı düşmənçilik və təhqir siyasətinin məntiqi davamıdır. Diplomatiyada, siyasətdə və müharibədə heç vaxt uğur qazanmayan İranın 21-ci əsrin yeganə qalib ölkəsi olan Azərbaycana qarşı düşmənçilik fəaliyyətini uzun müddətdir izləyirik. Vətən Müharibəsindəki qələbəmizdən sonra bu fəaliyyət daha da intensivləşib.

Öz gözündəki tiri – məsələn, İranın xüsusi xidmət orqanları tərəfindən yaradılan və Azərbaycana qarşı təhqiredici verilişlər hazırlayan “Zəhər”... pardon, “Səhər TV” telekanalının fəaliyyətini görmək istəməyən əmmaməli rejimin Azərbaycan KİV-lərinin gözündə çöp axtararaq, müstəqil fəaliyyətinə görə narahat olması gülünc olduğu qədər də absurddur. Çünki Azərbaycan mətbuatında bu gün Tehran rejiminin ləyaqətsiz və zərərli davranışını əks etdirən materiallar faktlara və sübutlara əsaslanır.

Tamamilə həqiqətə uyğun olan məqalə və verilişlər on milyonlarla azərbaycanlının ürəyindən keçənləri əks etdirirsə, vətənpərvər mediamız İranın bütün yalan və böhtanlarını ifşa edirsə, mollaların islam dininin düşmənləri ilə eyni “yataqda” olduğunu sübut edirsə, buna görə “diplomat” mollalar şənbə günü, həm də fəaliyyətini 3 ay əvvəl dayandıran Azərbaycan səfirliyinə mənasız nota vermək əvəzinə, qulluq etdikləri çürük rejimə “Fatihə” versinlər.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: İran  





Xəbər lenti