“Çinlə Rusiyanın ittifaqı Türk Dünyasına qarşıdır” – Ukraynadan baxış

   “Çinlə Rusiyanın ittifaqı Türk Dünyasına qarşıdır” –    Ukraynadan baxış
  01 Aprel 2023    Oxunub:4986
“Si Cinpinin Moskva səfəri Cozef Baydenin Kiyev səfərinə cavab idi. Çinlilər bu səfərlə Rusiyaya dəstəklərini nümayiş etdirdilər. Cinpin Putini dəstəklədiyini bir daha təsdiqlədi və bununla onun 2024-cü ildə yenidən seçilməsinə bir növ xeyir-dua verdi”.
Bu sözləri AzVision.az-a açıqlamasında ukraynalı şərqşünas, hərbi tarixçi Yaroslav Pilipçuk deyib. Onun sözlərinə görə, Çin üçün Rusiyada Qərbə qarşı revanşist ovqatda olan, eyni zamanda nəzarət edə biləcəyi bir rejimin mövcudluğu vacibdir. Çinə müharibədə qalib gələn Rusiya sərfəli deyil, eyni zamanda, qərbyönlü Rusiya da sərf etmir.

- Çinlilər Rusiyanın dağılmasına imkan verməyəcəklər,- Pilipçuk deyib,- Cinpinin səfəri zamanı Rusiya və Çin arasında üçüncü ölkələrin Mərkəzi Asiyaya müdaxiləsinə imkan verilməyəcəyi barədə razılıq da əldə olunub. “Ayı” ilə “əjdaha”nın bu ittifaqı ilk növbədə Rəcəb Tayyib Ərdoğanın türk dünyasını birləşdirmək planlarına qarşı yönəlib. Türkiyə Türk Dövlətləri Təşkilatını həm siyasi, həm də iqtisadi gücə çevirmək üçün fəal çalışır. Türkiyənin Orta Asiyaya doğru irəliləməsi Böyük Britaniyaya sərf edir, çünki bu halda Mərkəzi Asiya islamçı Əfqanıstan və İrana, eləcə də Çin və Rusiyaya qarşı bufer zona olacaq.

Ukraynalı şərqşünas bildirib ki, Si Cinpin Rusiyadakı ağır iqtisadi vəziyyət fonunda, ehtimal ki, Vladimir Putinlə təkbətək söhbətində Rusiyaya maliyyə dəstəyi verəcəyini vəd edib: “Hazırda Çin yuanının Rusiya banklarının əsas ehtiyat valyutasına çevriləcəyi haqda söhbətlər var. Çində hərbi nazir postuna Qərbin sanksiyaları altında olan şəxs təyin edilib. Çox güman ki, Çin də İran kimi Rusiyaya qeyri-rəsmi olaraq bir sıra silahlar verəcək”.

Ekspert deyir ki, Rusiya bu bahalı yardımın əvəzini Çinin ucuz qiymətə alacağı resursları ilə ödəyəcək.
Bundan əlavə, Çin Sakit okean marşrutlarına alternativ olaraq Şimal Dənizi marşrutunda maraqlıdır. Arktika buzlarının əriməsi Vladivostokdan Arxangelsk və Murmanska olan dəniz yolunu kifayət qədər işlək vəziyyətə gətirəcək. Çin yükləri öz şəhərlərindən Vladivostoka çatdırılacaq.

“Çin Qərblə münaqişə ehtimalını nəzərdən keçirir və hər ehtimala qarşı özünü sığortalayır. Birinci Dünya Müharibəsindən əvvəl Balkan müharibələri olduğu kimi, Ukraynadakı müharibə də növbəti böyük müharibənin xəbərçisidir”,- Yaroslav Pilipçuk fikirlərini yekunlaşdırıb.

Qafqaz Ömərov
AzVision.az



Teqlər: Çin   Rusiya  





Xəbər lenti