“İran Ermənistanı yeni müharibəyə təhrik edir” – Ukraynalı şərqşünas

   “İran Ermənistanı yeni müharibəyə təhrik edir” –    Ukraynalı şərqşünas
  29 Mart 2023    Oxunub:3109
İran ətrafında vəziyyət mürəkkəbləşir. ABŞ və İsrail SEPAH-ın Suriyadakı mövqelərinə və İranın proksi qüvvələrinə qarşı zərbələri gücləndiriblər. İran isə Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirir və açıq desək, Ermənistanı Azərbaycanla yeni müharibəyə təhrik edir.
Ukraynalı şərqşünas, hərbi tarixçi Yaroslav Pilipçuk AzVision.az-a müsahibəsində deyib ki, İranın Rusiyaya dəstəyi ayətullahlara baha başa gələ bilər. İsrail artıq İranın pilotsuz təyyarələr istehsal edən zavodlarına bir sıra təsirli zərbələr endirib. İndi Cənubi Qafqaz regionu ABŞ üçün çox önəmlidir. Gürcüstandakı son etirazlar rusiyayönlü hökuməti geri çəkilməyə və xarici agentlər haqqında qanunu parlamentdən geri götürməyə məcbur etdi. ABŞ Gürcüstanda avropayönlü qüvvələri dəstəkləyəcək.

“Azərbaycanın ətrafındakı vəziyyətə gəlincə, burada işlər daha qəlizdir. İran Azərbaycanı sərhəddə manevrlərlə hədələyir. Molla rejimi eyni zamanda Ermənistanı hər vəchlə regionda yeni müharibəyə sövq edir”,- ekspert vurğulayıb.

Onun fikrincə, 2022-2023-cü illərdə İranda baş verən etirazlar bu ölkənin daxili siyasi vəziyyətini çətinləşdirib. Ayətullahlar yəqin ki, Azərbaycanla kiçik, qalibiyyətli müharibəyə ümid edirlər. Lakin Azərbaycan ordusu müasir kompakt ordudur, ona görə də Cənubi Qafqazda farslara asan olacağını gözləmək lazım deyil. ABŞ və İsrailin İranın Yaxın Şərqdəki işlərinə müdaxiləsi Azərbaycan və müttəfiqlərinin qələbəsinə səbəb ola bilər. Türkiyə zəlzələlərin verdiyi itkilərə baxmayaraq, yəqin ki, Azərbaycanın yanında olacaq. “Amma inanmaq istərdim ki, farslar yalnız manevrlərlə kifayətlənəcək və iş böyük müharibəyə qədər gedib çıxmayacaq”,- tarixçi deyib.

O, əlavə edib ki, Suriya farsların döyüşəcəyi növbəti cəbhələrdən birinə çevrilə bilər. Çünki İranın güclənməsi heç bir halda İsrail və ABŞ-ın maraqlarına uyğun deyil.

Qarabağ ətrafında baş verən proseslərə toxunan Yaroslav Pilipçuk bildirib ki, Erməni elitası mümkün yeni müharibədə İranın ən azı onu dəstəkləyəcəyinə ümid edir.

“Hazırda mən Qarabağda gərginliyin artdığını görürəm. Rusların ermənilərin fəaliyyətini ört-basdır etməsi heç kəsə sirr deyil. Rusiyadakı erməni lobbisi biznes və jurnalistlər səviyyəsində güclüdür. Ermənistanda və Qarabağda ermənilər arasında rusofillik hissləri də güclüdür. Sergey Lavrovun (Kalantaryan) rəhbərlik etdiyi rus diplomatiyası ənənəvi olaraq erməniləri də abxazlar və osetinlər kimi Rusiyanın müttəfiqi sayır. Qarabağ probleminin həlli Rusiyaya sərfəli deyil, o, Ermənistan-Azərbaycan ziddiyyətləri üzərində oyun oynamaq istəyir. Nə qədər ki Rusiya qoşunları Qarabağdadır, o vaxta qədər bölgədə gərginlik olacaq. Ermənistan revanşizm hissi və 2020-ci il müharibəsinə görə qisas almaq arzusu ilə yaşayır. Ümid edək ki, Azərbaycan belə bir tale ilə üzləşməyəcək. Amma vəziyyət çox ağırdır və Azərbaycan hadisələrin istənilən inkişafına hazır olmalıdır”,- Yaroslav Pilipçuk fikirlərini yekunlaşdırıb.

Qafqaz Ömərov
AzVision.az



Teqlər: İran   Ermənistan   Qarabağ  





Xəbər lenti