“Yaşıl enerji qapısı”

// Macar ekspert: “Avropa ilə Azərbaycanın faydalı layihələri olacaq”

    “Yaşıl enerji qapısı”
  13 Mart 2023    Oxunub:5200
2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalandı.
Qara dənizin dibindən sualtı elektrik kabelinin çəkilməsini nəzərdə tutan bu layihənin perspektivini AzVision.az -a şərh edən macarıstanlı analitik, “Mandiner” (Macarıstan) həftəlik nəşrinin xarici siyasət üzrə şərhçisi Matyaş Kohanın sözlərinə görə, bu iddialı layihə bərpa olunan mənbələrdən elektrik enerjisinin Macarıstan və Rumıniya əraziləri vasitəsilə Aİ-yə ötürülməsini asanlaşdırmaqla, təchizatın təhlükəsizliyini də gücləndirəcək.

“Hazırda Aİ alternativ enerji marşrutları axtarır. Bu layihə Avropaya enerji təchizatının sabitliyinin təmin olunması məsələsininin həllində kömək edəcək. “Yaşıl” enerji həm Qərbdə, həm də Şərqdə geniş vüsət alır. Ənənəvi neft, qaz və kömürü əvəz edən, bərpa olunan enerji mənbələrinin payı tədricən artır. Bir sıra ölkələr 2035-2050-ci ilə qədər mədən yanacaqlarından tamamilə imtina etməyi və karbohidratsız təminata keçməyi planlaşdırırlar.

Avropa İttifaqı 2010-cu illərdən alternativ enerjiyə keçidə başlayıb. Kömürlə işləyən istilik elektrik stansiyalarının sayı tədricən azalır və ölkələr “yaşıl enerji”yə getdikcə daha çox sərmayə qoyurlar. Aİ-nin aparıcı iqtisadiyyatına sahib Almaniya AES-lərin fəaliyyətini dayandırmaq niyyətindədir”, - M.Kohan deyib.

Mütəxəssis qeyd edib ki, bərpa olunan elektrik enerjisinin istehsalı üçün güclü potensial var, lakin bu yolla istehsal edilən enerjinin miqdarı hava şəraitindən asılıdır: “Avropa dövlətlərinin qarşısında elektrik enerjisi istehsalının dinamik tənzimlənməsi məsələsini həll etmək vəzifəsi durur. Belə bir problemin klassik həlli dinamik şəkildə idarə olunan və kömürlə işləyən istilik elektrik stansiyalarıdır, lakin onların Aİ-dəki payı indi güclü “yaşıl inkişaf” səbəbindən tədricən azalır. 2010-cu illərdə Avropada elektrik enerjisi istehsalının tənzimlənməsində su elektrik stansiyaları əsas rol oynayıb. Əgər Avropa iqtisadiyyatı rəqabət qabiliyyətli qalmaq istəyirsə, onda istənilən halda dinamik şəkildə idarə olunan enerji mənbələri tələb olunur. Bu vəziyyət Azərbaycandan Macarıstana çəkilən yüksək gərginlikli xəttin rentabelliyinə şərait yaradır”.

Ekspertin sözlərinə görə, Türkmənistan və Azərbaycanın Xəzər sahilində öz təbii qazından və ya külək elektrik stansiyalarından enerji istehsal etmək üçün böyük potensialları var. Buna görə də Azərbaycandan Aİ-yə elektrik enerjisinin tədarükü ilə bağlı qarşılıqlı faydalı layihələr həyata keçirilə bilər. Bu enerjinin dəyəri Avropanın özündə idxal olunan təbii qazdan istifadə etməklə istehsal olunan elektrik enerjisinin maya dəyərindən ucuz başa gələcək. Azərbaycandan idxal olunan elektrik enerjisinin həcmi isə Avropanın tələbinə uyğun olaraq dinamik şəkildə tənzimlənə bilər.

M.Kohan qeyd edib ki, Macarıstan həmişə Aİ ilə digər ölkələr arasında iqtisadi əlaqələrin inkişafına tərəfdardır: “Hələ Aİ bu cür münasibətlərin perspektivini dərk etməmişdən qabaq Macarıstanın Azərbaycanla yaxın əlaqələri olub. Bunun sayəsində tezliklə Azərbaycanın köməyi ilə Rusiya qazından asılılığını azalda biləcək. Macarıstanın təkcə Kiçik Asiya ölkələri ilə deyil, Qərbi Balkanlarla da sıx əlaqələri var. Müharibə dövründə Macarıstanın sabit qaz təchizatının əsasını həm də Serbiya və Türkiyə ilə yaxşı münasibətlər təşkil edib ki, bu da rus qazının “Türk Axını” ilə Macarıstana fasiləsiz nəqlini təmin edir. Macarıstanın Baş naziri Viktor Orban ənənəvi enerji mənbələrinin əlçatmaz olduğu bu çətin dövrdə Balkanları Avropaya ucuz enerji qapısı kimi görür. Bu strategiyaya Azərbaycandan yüksək gərginlikli xəttin çəkilməsi kimi layihələr daxildir”.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Energetika  





Xəbər lenti