Türkmənistan “yaşıl şans”dan istifadə edəcəkmi?– Videokast

   Türkmənistan “yaşıl şans”dan istifadə edəcəkmi?–    Videokast
  09 Mart 2023    Oxunub:10697
Hazırda Azərbaycan Avropaya “yaşıl enerji” dəhlizi yaratmaq istiqamətində qollarını çırmalayıb və ciddi addımlar atır. İki istiqamətdən keçəcək iki dəhlizin layihəsi hazırdır. Eyni zamanda, ölkədə olan böyük “yaşıl enerji” potensialını reallaşdırmaq üçün işlər görülür. Bu zaman bizdən daha böyük potensialı olan qonşu dövlət üçün də maraqlı şans yaranır. O, bu şansdan istifadə edəcəkmi?!
“Türkmənistan Türk Dövlətləri Təşkilatının Müşahidə Şurasının üzvüdür. Bu təşkilat 2040-cı ilə baxış sənədini qəbul edib. Sənəddə enerji, “yaşıl enerji” ilə bağlı əməkdaşlıq məsələləri də var”.

Bu sözləri AzVision.az -a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM-nin) icraçı direktorunun müavini Ramil Hüseyn deyib. O bildirib ki, Azərbaycanın “yaşıl enerji” potensialı dəqiq qiymətləndirilib. Bilirik ki, 184 qiqavatt həcmində texniki potensialımızın 157 gVt-ı Xəzər dənizindədir ki, onun da 35 gVt-ı dənizin dayaz hissəsindədir. Bundan daha rahat istifadə etmək imkanımız var. Qalanı dənizin dərin hissəsindədir ki, ondan da gələcəkdə istifadə edəcəyik.


- Eyni zamanda, bizim quruda 27 qiqavatlıq potensialımız var. Bu potensiallardan istifadə etmək istiqamətində ciddi addımlar atırıq. Azərbaycan artıq imzaladığı razılaşmalar və sazişlərlə potensialının 25 gVt-dan istifadə edəcək. Bu, həm daxili tələbatı ödəyəcək, həm də ixrac olunacaq.

Qonşu Türkmənistana gəlincə, o, ərazi cəhətdən Azərbaycandan böyük ölkədir. Ərazisinin də 70%-ə qədəri səhralardır. Səhralar kənd təsərrüfatı və digər sahələr üçün yararlı olmasa da, günəş enerjisinin istehsalı üçün geniş potensiala malikdir.

Türkmənistanın Xəzərin sahilində yerləşməsi isə o deməkdir ki, külək enerjisi potensialı da var. Amma bu sahədə bizdən bir neçə addım geridədir. Bu sahədə Azərbaycana investisiya qoyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Türkmənistanda da “yaşıl enerji” istehsal edəcək. Yəni eyni şirkət “yaşıl enerji” sahəsində həm Azərbaycana, həm də Türkmənistana sərmayə qoyur. Bu, bizim əməkdaşlığımızı daha da yaxınlaşdıra bilər.

Türkmənistan öz hədəfləri istiqamətində bir türk şirkəti ilə də işləyir. Amma bu sahədə işlər elə də böyük deyil. Çünki Türkmənistanda qaz isehsal olunur və onu enerjiyə çevirmək daha ucuzdur. Ölkənin isə cəmi 6 milyon əhalisi var və daxili tələbatı elə də böyük deyil. Əslində “yaşıl enerji”nin istehsalı, xətlərin çəkilməsi və ötürülməsi hazırda çox bahalı prosesdir. Amma Türkmənistanın potensialı böyükdür. Çünki ərazisinin 70%-i buna yararlı olmaqla yanaşı, ildə 300 günəşli günü var. Biz artıq potensialımızı bilirik, hesablamışıq. Türkmənistan isə indi başlayır, bu istiqamətdə ilkin investisiyaları cəlb edir. Onun imkanları ilə bağlı daha dəqiq mənzərə gələcəkdə üzə çıxacaq.

- Bir müddət əvvəl Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qara dənizin altından keçəcək yüksək gərginlikli elektrik xəttinin inşa edilməsi barədə əməkdaşlıq protokolu imzalayıblar. Gələcəkdə Türkmənistanın da bu layihəyə qoşulması ehtimalı varmı?
- Hazırkı layihənin potensialı 4 qiqavattdır. Azərbaycannın hazırda “yaşıl enerji” ilə bağlı imzaladığı ilkin razılaşmalar 25 qiqavatta qədər “yaşıl enerji” istehsalını nəzərdə tutur. Onun üçün də biz yeni layihələr üzərində düşünürük. Bildiyniz kimi, Azərbaycanda Zəngəzur dəhlizindən keçməklə Naxçıvan-Türkiyə və oradan da Azvropaya çatdırılma ilə bağlı başqa bir “yaşıl enerji” dəhlizi layihəsi barəsində də fikirlər, təkliflər var. Bununla bağlı hətta Nazilrər Kabinetinin tədbirlər planı da mövcuddur.

Türkmənistanın mövcud layihələrə qoşulması istiqamətində meydanda hələ hər hansı bir fikir, müzakirə yoxdur. Amma yaxın gələcəkdə onun bu işə hansı töhfəni verə biləcəyi məsələsi meydana çıxa bilər. Amma bu zaman bəzi suallar da yaranır. Birincisi, Türkmənistan “yaşıl enerji”yə investisiya qoymaqda maraqlıdırmı? İkincisi, xarici investorlar Türkmənistanda “yaşıl enerji” istehsal etməkdə nə dərəcədə maraqlıdırlar?

Azərbaycanın Avropa bazarlarına çıxmaq imkanı Türkmənistandan qat-qat yaxındır. Türkmənistanın yaxın olduğu ölkələr bu enerjini almağa həvəs göstərməyəcəklər. Onun üçün də “İnvestisiya qoyulsa, istehsal edilən enerjini sata biləcəkmi” sualı yaranır. Bu baxımdan, hazırda Türkmənistandakı potensialı reallaşdırmaq qaz istehsalı ilə müqaysiədə daha bahadır. Yəni Türkmənistan qazdan daha ucuz enerji alır, nəinki “yaşıl” mənbələrdən. Əhalisi az olduğu üçün tələbatı da aşağıdır. Çin isə özü bu sahəyə ən böyük investisiya qoyan ölkədir. Ümumiyyəltə, Çin və Cənubi Koreya bu istiqamətdə çoxlu meqa-layihələr həyata keçirirlər.


Amma gələcəkdə ola bilər ki, Türkmənistan Azərbaycan təcrübəsindən yararlansın. Çünki 5 il öncə Azərbaycanın Avropaya “yaşıl enerji” ixrac edəcəyi heç müzakirə də olunmurdu. Türkmənistanın başqa bir alternativi də var: “yaşıl hidrogen” istehsal edib, satmaq. Buna da Avropa bazarlarında tələbat var.

- Belə bir layihə rentabellik və texniki baxımdan özünü nə dərəcədə doğruldacaq?
- Bu gün, ümumiyyətlə, “yaşıl enerji” layihələri çox bahalıdır. Amma son 15 ildə maya dəyəri kifayət qədər aşağı düşüb. Böyük ehtimalla, texnologiyanın inkişafı ilə maya dəyəri daha da ucuzlaşacaq. Azərbaycan Qara dənizin dibi ilə kabel çəkilməsi layihəsində iştirak etməklə çox yaxşı təcrübə qazanacaq. Ondan sonra tam fərqli bir vəziyyət yarana bilər. Bu gün bir çoxlarına rentabelli görünməyən layihələr zamanı çatanda çox rentabelli ola bilər. Biz “Bakı-Tbilisi-Ceyhan”ı çəkəndə çoxları deyirdilər ki, “rentabelli deyil”, amma zaman hər şeyi sübut etdi. Bizim bu gün “yaşıl enerji” ilə bağlı başladığımız işlərə çoxları deyirlər ki, bahalıdır, amma zamanı çatanda özləri görəcəklər dünya bu istiqamətə gedir.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın 10 qiqavata yaxın böyük potensialı var. Azərbaycan 2025-ci ildən sonrakı ehtiyaclarını “yaşıl enerji”nin hesabına ödəmək imkanına malik olacaq. “Masdar”la yanaşı dünyanın 4 nəhəng şirkəti bura gəlir, BP burada “yaşıl enerji”yə investisiya qoyacaq. İş gedir. Keçən il təməli qoyulan müəssisələr bu ilin sonu və gələn ildən istehsala başlayacaqlar. Beləliklə, Azərbaycanın “yaşıl enerji”də payı artacaq.

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının hədəflərindən biri 2024-cü ilə qədər “yaşıl enerji”nin ümumi istehsal gücündəki payının 24%-ə, 2030-cu ildə 30%-ə çatdırılmasıdır. Bu, həm də bizim karbon emissiyası ilə bağlı öhdəliyimizin yerinə yetirilməsində mühüm rol oynayır.

- Türkmənistanın Azərbaycanın tranzit imkanlarından istifadə etməsi mümkündürmü?
- Bizim hazırda kənardan “yaşıl enerji” idxal emək planımız və strategiyamız yoxdur. Amma ərazilərimizdən təkcə nəqliyyat dəhlizi kimi yox, enerji ixracı üçün də istifadə oluna bilər. Bununla bağlı Zəngəzur dəhlizindən keçən bir enerji marşrutu da yaratmaq istəyirik. Qonşu dövlətlərdən hər hansı biri gələcəkdə buna qoşularsa, şübhəsiz ki, Azərbaycan dəstək verə bilər. Bu, bizim üçün də yaxşıdır: ərazimizdən tranzit kimi istifadə edilirsə, gəlirimiz olacaq.
İki dənizin dibi ilə: Türkmənistanın “yaşıl enerji”si Azərbaycandan daşına bilərmi – VİDEOKAST

“Yaşıl enerji”yə keçidin Azərbaycana iqtisadi-siyasi, ekoloji və sosial faydaları çox böyük olacaq. Ekologiya aydındır. Sosial məqam yaxşı məşğulluq imkanları yaradacaq. İndi dünyada 13 milyon insan bu sahədə çalışır, proqnozlara görə, gələcəkdə ən çox adam məhz bu sahədə işləyəcək. Bu enerjinin istehsalı da, saxlanılması da, ötürülməsi də iş yerləri deməkdir. Keçən il Cənubi Koreya dəniz və külək enerjisindən faydalanmaqla bağlı 8 qiqavatlıq nəhəng layihə icra etdi, nəticədə 120 min iş yeri yaradıldı. Türkmənistan da məşğulluq problemini çözməsi üçün belə bir potensialı var.

Eyni zamanda, “yaşıl enerji” qeyri-neft ixracımızı artıracaq. Bu, Türkmənistan üçün də lazımlıdır. Ölkə kiçik olsa da, Türkmənistanın da bir vizionu olmalıdır. Məsələn, o da səylərini “yaşıl enerji”yə yönəldərək, öz qazından sənayenin digər sahələrində istifadə edə bilər. Türkmənistan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı dətinləşdirib, ora tamhüquqlu üzv olmalıdır ki, bütün imkanlardan, o cümlədən, Azərbaycanın təcrübəsindən faydalansın.

Əslində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdən ən çox fayda götürəcək ölkə elə Türkmənistan ola bilər. 2040-cı ilə qədər türk dövlətlərinin inkişafı konsepsiyasının icrası ilə bağlı konkret tədbirlər var. Orada texnoloji və enerji sahələri, nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq nəzərdə tutulur. Məsələn, Zəngəzur dəhlizinin birgə təbliğatı ilə bağlı öhdəlik var. Amma Azərbaycan istəyir ki, bu, yalnız avtomobil yolunun keçdiyi dəhliz olmasın, oradan həm də enerji xətləri keçsin. Həmin imkanlardan Türkmənistan da qonşu dövlət kimi yararlana bilər. Yaxın gələcəkdə enerjinin ötürülməsinin maya dəyəri də, yəqin ki, aşağı düşəcək. Bu sahədə texnologiya sürətlə inkişaf edir. 2010-cu illə müqayisədə 2020-ci ildə “yaşıl enerji” sahəsində dəfələrlə ucuzlaşma baş verib.

- Müzakirə etdiyimiz layihələr reallaşarsa, bölgədə dövlətlərarası münasibətlərə və geosiyasi proseslərə hansı təsiri göstərəcək?
- Azərbaycanın şirkətləri daha çox təcrübə qazanaraq özləri gedib Türkmənistanda “yaşıl enerji” istehsal edə, ora investisiya qoya bilərlər. Gələcək üçün bu da mümkün variantlardan biridir. Necə ki, SOCAR Türkiyəyə investisiyalar qoyur və orada öz müəssisələrini yaradır. Bəlkə də yaxın gələcəkdə Azərbaycan şirkətləri Türkmənistanın və Qazaxıstanın “yaşıl enerji” potensialından faydalanacaq, biz gedib orada istehsal edəcək, o ölkənin tələbatını ödəyəcəyik.

Bu dəhlizlərin çəkilməsi əslində regionumuzda sülhə və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. İqtisadi cəhətdən ölkələr bir-birinə daha yaxından bağlanırlar. Biz Türkiyəni Türkmənistana yaxınlaşdırırıq. Bu gün müzakirə edilən məsələlər gələcək üçün çox töhfə verəcək. 2040 hədəflərimiz turizmdən tutmuş mədəniyyətə qədər çox geniş hədəflərdir. Azərbaycan da gələcəyə baxışını və ortaya “yaşıl enerji” vizionunu ortaya qoyub. Qara Dənizdən bir xətt çəkilir və biz o dəhlizlə Avropaya bağlanırıq, həm də bu, sülh xətti olur. Ölkələr də həmin xəttin davamlı işləməsi üçün regionda sülhün olmasında maraqlı olurlar. Zəngəzur dəhlizinidən istifadə daha bir sülh xətti yaradır ki, bölgədə savaş olmasın və hamı bundan faydalansın. Hətta bu gün bizə ərazi iddiaları olan Ermənistanın da Azərbaycanın böyük layihələrindən faydalanmaq imkanı var.

Türkmənistan rəhbərliyi, özünütəcrid yox, yaxınlaşma siyasəti aparmalıdır. Bu, ölkənin inkişafı, gələcəyi, həmçinin regiondakı vəziyyət üçün də lazımdır. Türkmənistanın qonşularından bəziləri hətta onun torpaqlarına göz dikiblər. Türk Dövlətləri Təşkilatı öz üzvlərini qoruyan bir qurumdur. Bu baxımdan, münasibətlərin sıxlaşması Türkmənistanın müstəqilliyinə də zəmanət verəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Energetika   Türkmənistan  





Xəbər lenti