Mənim polisim məni qoruyur!

// Günün qəhrəmanı Azərbaycan polisidir

      Mənim polisim məni qoruyur!
  04 Mart 2023    Oxunub:3320
Bu gün Bakıda baş verən silahlı basqın, qətl və qarət hadisəsi hamını şoka salmışdı. Çünki belə hadisələr ölkə gündəmi üçün qətiyyən xarakterik deyil. Çoxumuz belə ehtimalı heç yaxına da buraxmırdıq: Nə?! Bakıda atışma?! Dünyanın ən sabit şəhərlərinin birində bu, necə baş verə bilər?!
Hadisə nə qədər dəhşətli olsa da, onun yaratdığı suallar və mümkün xof daha qorxulu idi. Üstəlik, əgər cinayətin açılması uzansa, müxtəlif ehtimallar, versiyalar ortaya çıxacaq, spekulyasiyalar yayılacaq, cəmiyyətdə təlaş və təşviş dərinləşəcəkdi.

Rusların məşhur məsəli var: “Yaxşı şeyə tez alışırsan”. Biz tam təhlükəsiz, ideal sabitliyin olduğu, kriminalın heç bir ictimai təhlükə yaratmadığı cəmiyyətdə yaşamağa o qədər alışmışıq ki, bunun necə bir nemət olması haqda heç vaxt xüsusi düşünmürük. Sadəcə reallıq kimi qəbul edib həyatımızı sürürük, vəssalam; ancaq bir anlığa belə fikir yəqin, hamını üşəndirdi ki, günlərin birində ailənlə marketə gedərkən orada atışmaya, ölümə şahid olmaq ehtimalı nə deməkdir?! Biz doğrudanmı, belə bir reallığa doğru yuvarlana bilərik?!

Amma Azərbaycan polisi qəti, kəskin və birmənalı cavab verdi: Əsla! Azərbaycanda bir də heç vaxt kriminal ayaq aça bilməyəcək. İlk addımlardaca ayaqları sındırılacaq, yerindəcə məhv ediləcək!

Bu cinayətin necə deyərlər, “isti izlərlə” açılması çox vacib idi. Çünki əks halda cəmiyyətə əlcək atan kriminalın paytaxtda rahat gəzib-dolaşması faktı ilə barışmalı olacaqdır. Bu, istər dövlət, istərsə də cəmiyyət üçün ən xoşagəlməz hal sayıla bilərdi. Amma Azərbaycan polisi məsələni sabaha saxlamadı. Axşam keçirilən əməliyyat nəticəsində qanlı cinayəti törədənlərin biri saxlanıldı, digəri isə polisə müqavimət göstərərkən məhv edildi.

Yüksək peşəkarlıqla keçirilmiş bu əməliyyatın ictimai əhəmiyyətini başa düşmək çətin deyil. Hər şeydən əvvəl, burada bənzər xəyallar quran digər potensial cinayətkarlara bir mesaj var: “Alınmayacaq! Xam xəyala düşməyin!”

İkincisi, bu əməliyyatla Azərbaycan cəmiyyətinə “Rahat ol, keşiyindəyəm!” ismarışı verildi. Biz polisə hər şeydən əvvəl məhz bu rahatlığa görə güvənirdik və onlar sübut etdilər ki, güvənməkdə haqlıyıq! Polis hər zaman yüksək hazırlıq vəziyyətindədir və istənilən təhlükənin qarşısını almağa qadirdir.

Əlbəttə, cinayətlə bağlı xeyli suallar var, onlara hələ aydınlıq gətirilməlidir: Cinayətkarlar bu cür hazırlığı harada, necə keçiblər, silahlı haradan əldə ediblər, onlara yardım göstərən olubmu?

Bu sualları cavablandırmaq sonrakı işdir. Əsas odur ki, cavab nə olursa-olsun, Azərbaycan polisi sınaqdan üzüağ çıxdı. Günün qəhrəmanı məhz onlardır!

Polisim məni qoruyur. Mən isə polisimlə fəxr edirəm!

Tariyel Həsənov
AzVision.az




Teqlər: Polis  





Xəbər lenti