Müharibə necə dayana bilər? Ancaq bir yol var... Vladimir Bekişin şərhi

   Müharibə necə dayana bilər? Ancaq bir yol var...    Vladimir Bekişin şərhi
  25 Fevral 2023    Oxunub:2686
Vladimir Bekiş
Rusiyali hərbi-siyasi analitik, strateji təhlükəsizlik eksperti, Yaxın Şərq üzrə mütəxəssis
Xüsusi olaraq AzVision.az üçün

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları və ümumilikdə münaqişə ətrafındakı vəziyyət dünyadakı durumu dəyişib və bunun hər kəs üçün nəticələri olacaq. Təkcə keçmiş SSRİ ölkələri və müvafiq region deyil, məhz hamı üçün. Rusiya özünü tarixi, ənənəvi və şəksiz lider, dominant ölkə hesab etdiyi regiona aydın siqnal verir: “Burada kimin necə yaşayacağına, kimin kiminlə dost ola biləcəyinə, kiminlə ola bilməyəcəyinə biz qərar veririk. Rusiyaya tabe olsanız da, olmasanız da taleyiniz bizdən asılı olacaq”.
Üstəlik, Rusiya və onun rəhbərləri böyük bir imperiya yaratmaq istəsələr, heç kim sizdən bu imperiyaya öz ərazi və xalqlarınızla birlikdə daxil olmağa razılaşıb-razılaşmadığınızı soruşmayacaq. Sadəcə olaraq, hər şey onun tərkibinə daxil ediləcək, hətta xalqlarsız ərazilər şəklində olsa belə. Burada bir əsas xalq var, olub və olacaq.

Dünyadakı duruma gəlincə, vəziyyət və nəticələr çox oxşardır. Rusiya liderlərinin bütün bəyanatları “dünyanın çoxqütblü olacağı” haqqındadır; “Ayrı-ayrı dövlətlərin hökmranlığı və diqtəsi olmayacaq” bəyanatı yalnız bir məqsədi güdür - dünyanın qalan hissəsini Rusiya və onun rəhbərlərinin şıltaqlıqlarını həyata keçirməsinə, təsirlərini genişləndirməyə mane olmamağa məcbur etmək. Elə etmək istəyirlər ki, bütün dünya səhərlər yalnız bir fikirlə oyansın: Rusiya prezidenti bu gün nə dedi? Dünyadakı sülh də bundan asılı olacaq?

Bundan əlavə, Rusiyanın hərəkətləri və siyasəti dünyadakı inkişaf proseslərininın bir sıra əsas prinsiplərinə yenidən baxılmasına və konkret addımlar atılmasına gətirib çıxaracaq (və artıq ona aparır). Xüsusilə də, dünya birliyi hər hansı dövlətin öz mənafeyi naminə qonşu ölkəni “toza döndərməsinin” qarşısını almaq üçün hərəkətə keçəcək.

Dünyanın karbohidrogen enerjisindən uzaqlaşacağı da tamamilə aydındır. Günəş və ya külək elektrik stansiyaları, yaxud başqa bir şey olacağı mühüm deyil. Mahiyyət ondan ibarətdir ki, dünya artıq neft və qaz satanlardan, neft və qazı hər an şantaj alətinə çevirənlərdən asılı vəziyyətə düşməyəcək, neft və qaz istehlakçılarının normal fəaliyyəti üçün problem yaranmayacaq.

Hələ yeni silahlanma yarışı da olacaq. Çünki bütün Avropa İttifaqının və ya NATO-nun qlobal olmayan, yalnız birtərəfli münaqişə üçün kifayət qədər tanka sahib olmadığı ortaya çıxanda, bircə yol qalır: anbarlarda daim yüzlərlə dəfə daha çox tank saxlamaq lazımdır.

Dünya həm də baş verənlərdən belə nəticə çıxaracaq ki, bir ölkə başqa bir ölkəni aylarca hər gün raket atəşinə tuta, dronlarla bombalaya, infrastrukturu, fabrikləri, elektrik stansiyalarını məhv edə bilər... Gələcəkdə bunun qarşısını almaq üçün gərək heç olmasa raket atan pilotsuz təyyarələrin olmalıdır... Və ölkənizi işğalçıdan qorumağa qadir hava hücumundan müdafiə sistemin.

Burada onu da xatırlamaq yaxşı olardı ki, silahlanma yarışı qarşılıqlı prosesdir. Bütün bunlar isə iqtisadiyyatda böyük gərginlik yaradacaq... Tarixdə artıq belə bir dövlət - SSRİ olub. O özünün heç də super olmayan iqtisadiyyatı ilə dünya silahlanma yarışında var gücü ilə iştirak edirdi. Bunun Sovet İttifaqı üçün nə ilə başa çatdığını xatırlatmağa ehtiyac yoxdur.

Rusiya-Ukrayna münaqişəsinin inkişafı və onun mümkün sonu istənilən halda tərəflərdən ən azı biri üçün kədərli olacaq. Aydındır ki, Rusiya və onun prezidenti dayanmayacaq. Sabah prezident Putinin tribunaya çıxıb “mən fikrimi dəyişdim, biz atəşi dayandırırıq, qoşunları çıxarırıq, Donetski, Luqanski, Xersonu tərk edirik, biz sülh müqaviləsi bağlayırıq” - deməsi real deyil.

Prezident Zelenskinin də tribunaya çıxıb, “mən təslim oluram, biz silahı yerə qoyuruq, reallığı qəbul edirik, ərazilərimizi veririk, biz neytral və Rusiya ilə yalnız dost olacağıq” - deyəcəyi real deyil.

O da aydındır ki, Rusiya Ukraynanı bir dövlət kimi məhv etməkdə davam edəcək. Enerji, sənaye obyektləri, körpülər, yollar tamamilə məhv olana qədər. İdarəetmə sistemini və hakimiyyət məhv edəcək. Ölkəni və hakimiyyəti hərbi obyekt olaraq məhv edəcək ki, döyüşəcək kimsə qalmasın. İnsanları işıqsız, susuq, rabitəsiz və yeməksiz qoyacaq ki, Zelenskini təslim olmağa məcbur etsin. Ya Rusiya qüvvələri Zelenskini məhv edəcəklər, ya da Ukrayna xalqı məhv olacaq. Bundan sonra Ukraynanın yeni hökuməti Rusiyanın bütün şərtləri ilə razılaşacaq.

Amma problem burasındadır ki, hələ Qərb var... O, Rusiyanın aqressiv və qəbuledilməz siyasəti ilə bağlı kütləvi bəyanatlarla yanaşı, Ukraynaya külli miqdarda pul, silah və resurslar verir. Bu vəziyyətdə Qərb siyasətçiləri və liderləri öz əhalisinə və seçicilərinə sadəcə olaraq deyə bilməyəcəklər ki, “biz sizin vergilərinizi israf etdik, Rusiya öz məqsədinə nail oldu, biz də ona boyun əydik”. Bu artıq o deməkdir ki, Qərb Rusiyaya qarşı sona qədər müqavimət göstərəcək. Ötən əsrin 80-90-cı illəri təkrarlanana qədər - yəni SSRİ-nin taleyi mənasında… Bu isə o deməkdir ki, gözlənilməz nəticələri olacaq nüvə münaqişəsi də qaçılmaz ola bilər.

Mümkün çıxış yolu çox çətin sualdır. Bunun üçün təbii ki, variantlar var. Amma bu variantları indiyə qədər bütün tərəflər rədd edib. Görünən odur ki, daha humanist yol sadəcə atəşkəs elan etməkdir ki, insan tələfatı dayansın. Heç bir ilkin şərt olmadan: “yalnız mövcud sərhədlər və reallıqların qəbulu çərçivəsində!” Ya da: "...bütün ərazilərin dərhal qaytarılması!" Sadəcə atəş dayandırılsın və atəşkəsi təmin edəcək sülhməramlı kontingentin daxil olması razılaşdırılsın. Sonra danışıqlara başlamaq və həll yolları axtarmaq lazımdır. Bir ilə, beş ilə, on ilə çarə tapılmasa da, qan tökülməsi dayanacaq.

Amma... Rusiya birmənalı olaraq buna getməyəcək. Bu gün vəziyyət belədir ki, Rusiya liderlərinin siyasətinin məna və məqsədi amansız hücum və ultimatumdur. "Ya hər şeyi qəbul edəcəksən, ya da səni məhv edəcəyik!" Bu təkcə Ukraynaya da aid deyil. Deməli, yeganə variant siyasətin və hərbi istiqamətin, başqa sözlə hakimiyyətin dəyişməsidir. Harada dəyişməli olduğunu isə qoy hər kəs özü düşünsün.

Murad Nəcəfov Nadir Quliyev hazirladılar



Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti